“Yasaq gəlin” - Hekayə

yasaq-gelin-hekaye-
Oxunma sayı: 1243



“Yasaq gəlin”


Dostlarından biri onun haqqında belə deyirdi: “Rüstəm ac-yalavac gəzsə də, yenə də işləməz. Onun ki boş-boş avaralanmaqdı”.
Rüstəm deyilən bu adam sizi inandırım, indi deyilənə görə, işləməyə qurşanıb.

Qonşular bu sözlərə aldanmır, yalan olduğunu aləmə faş edirdilər: “Onun boyunu yerə soxum. Onnan kişi olsa, hamıya konfet alıb paylayaram”
Rüstəm isə bu dəqiqə heç kimin inanmadığı kimi işləməyində idi. Təzəcə girdiyi ofisiant işinə əli yatmışdı. Hər gün gecə evə yorğun-arğın, əlində toydan gətirdiyi şey-şüylər və 10-15 manat pulu görəndə anası şübhəyə düşürdü: “Olmaya bu əclaf oğurluq-zad eləyir. Heç baş açası iş deyil.”
Rüstəm bu qədər çalışmağına baxmayaraq hamının gözünün onu götürmədiyini yaxşı anlayırdı, ancaq əvvəlki kimi buna sən deyən, elə də fikir vermirdi.

Nə isə, söhbət dananı qurda verər, gələk haqqında işləməyən, avara, dələduz kimi ad çıxaran Rüstəmin yanına, daha doğrusu işlədiyi yerə.

Bu gün o, səhər tezdən yüyürə-yüyürə gəlib şadlıq sarayına çatan kimi içəridəki stol-stulları, qab-qacaqları yerbəyer elədi, döşəməni süpürdü, bəylə gəlinin masasını bir gözəl təmizlədi, sonra da uşaqlarla danışa-danışa, gülə-gülə axşamı gətirdi.

Artıq bu işlərə öyrəncəli olduğundan indi yorğunluğu da çoxdan haradasa azdırmışdı. Buna görə ofisiantlığa həvəsli idi. Ora-bura qaçır, yekəpər kişilərin dediklərini tezbazar yerinə yetirir, çox vaxt da bu xasiyyətinə görə, həmişə adamlar onun cibinə pul basmaqdan özlərini tuta bilmirdilər. “O toydakı mən çayavoy tutmayım elə bilərəm, həmin gün işləməmişəm” – Rüstəm öz qoçaqlığını dostlarına danışanda həmişə bu cümləni sonluq kimi istifadə edirdi.

Toy camaatı yerbəyer olana qədər Rüstəm haqqında bir-iki şey demək lazımdı. Rüstəm məktəbdə ən şətəlxor, dəcəl uşaq kimi ad qazanmışdı. Hətta iş o yerə qədər gəlib çatmışdı ki, müəllimləri Rüstəmin dərsə gəlməyini istəmir və bunu edəcəyi təqdirdə onu qiymətləndirəcəklərini deyirdilər. “Bu mənə sərf eləyirdi. Amma məktəbə getməmək mənim üçün qiyamət olardı. Ona görə müəllimlərin baş-beynini yeyə-yeyə məktəbi bitirdim”. İnanın, son zəngdə hətta bir müəllim çıxışında qeyd etdi ki, bu onun həyatında ən gözəl gündür, çünki bir azdan Rüstəmdən canı qurtulacaq. Uşaqlar sonradan bunu ən gözəl xatirə kimi danışıb güləcəkdilər. Ancaq onda heç kim bilməyəcəkdi ki, son zəngdə gəzintiyə çıxandan sonra axşam qaş qaralanda Rüstəm səssiz-səmirsiz ağlamağa başlayacaq və ömrünün sonuna qədər məktəb üçün darıxacaq. “O duyğusuz, robot kimi adamdı. Onun nə olacağından ağlım bir şey kəsmir.” Müəllimi Aynurə xanıma eşq məktubları yazandan sonra bütün məktəb uşaqlarının qulaqlarında sırğa olacaq bu sözləri direktor demişdi. Ondan sonra hamıya elə gəlirdi ki, Rüstəm həmişə belə lağ-lağı, avara, lap direktor demiş, duyğusuz olaraq qalacaq.

Adamlar yerlərini tutandan sonra Rüstəm bəylə gəlinin yaxınlığındakı masaların birinə tərəf addımladı və oturanlardan nə isə istəyib-istəmədiklərini soruşdu.
Bir azdan içki içmək üçün az qala hamı növbəyə duracaqdı. Toydakılardan ona görə zəhləsi gedirdi ki, sanki bu adamlar ömürlərində heç vaxt düz-əməlli yemək yeməyib bu anı gözləyə-gözləyə yaşayıblar.
İndi bu vaxt bacısı hansısa türk seriyalına gözünü zilləyib baxırdı. O, həmişə evdəkilərin yatdığı vaxt içəri girir və bu səssizlikdə sanki özüylə danışmaqdan zövq alırdı.

İrəlidən gələn musiqi səsi sanki hər şeyin başlandığını bildirdi. Toy camaatı yeməyə girişdi, nə girişdi. Rüstəm çal saçlı kişinin dəqiqə də bir ondan nəsə istəməsini artıq həzm edə bilmirdi. “Sənnən ofisiant olmaz, oğlum, tez hərəkət elə”. Rüstəm anlayırdı ki, elələri heç vaxt onun cibinə pul basanlardan deyil, bunlar özlərini qıraqdan yaxşı göstərməyə çalışan xəsis adamlardır ki, durublar. Salona baxsan, bu cür adamların yersiz bitən alaq otları kimi çox olduğunun fərqinə vararsan.
- Qaqaş, süz, tez elə. – həmin çal saçlı kişi dayanmadan onu işlədir, dodaqaltı qımışırdı. Onun totuq sifətinə yumruq nə yaraşırdı! “Sənin doğanının...”

Rüstəmin söyüşünü musiqiçilərin çaldığı, dədəsinin ona öyrətdiyi kimi “Attandırma” havası kəsdi. “Vağzalı” deyib ortaya girən tamadanı atası burda olsa nə cəmdəyinə döşəyərdi!

İki ofisiant qapının sağ və sol küncündən tutub hazır dayanmışdılar. Rüstəm həmişə bu məqamı maraqla izləyirdi. İndi də çal saçlı kişinin “nooldu?” deməsini heç orasına almadan döşəmədən fışqıran zərli kağızların və işıqların arxasında dumanı yara-yara içəri keçən bəylə gəlinə tamaşa eləyirdi.

- Ə, işinə bax! – ofisiantların başçısı elə bir yerdən pırtlayıb çıxmış, onun qarşısında durmuşdu. – Tez elə.
O işinə davam elədiyi vaxt bəy və gəlin artıq yerlərində oturmuşdular. Burdan onları daha rahat görürdü. Nənəsinin hərdən ona öz keçmişindəki gözəllikdən danışdığı kimi gözlərindən qarşısındakına acizlik sızdıran qız incə-mincə, qəşəng bir gəlin idi. O indi anladı ki, əslində o qız bu gün bir az daha kədərli görünür. “Bala, hər toyda ayrılıq olur. Atadan, anadan...” Nənəsinin sözlərinin bu dəqiqə yadına düşməsi özünə də qəribə gəlirdi. O elə zənn edirdi ki, heç vaxt bu qarıya ömür boyu axıra qədər qulaq asmayıb. Ancaq indi hər şey elə bil ona əyan olurdu. Yadına kənddə toya gedən qızlar düşdü. İndi qarşısındakı bu gəlinin də uşaqlığının, azadlığının əlindən alındığı taleyi üzündə açıq-aydın yazılıb həkk olunmuşdu. O, heç kimə bildirməsə də həmişə kənddə ərgən yaşına çatmamış qızların evlənməsinə kövrəlirdi.

Gəlin ona tərəf baxdı. Hiss elədi ki, bayaqdan gözləri orda donub qalıb. Atası məsələn, bu qız üçün görəsən elçiliyə gedərdimi? Yox, inanmırdı. “Sən kim arvad almaq kim?” – dədəsinin səsi qulağında yaylım atəşi kimi açıldı. Amma atasına gənc olmaqdan, sevgidən danışsa bəlkə də ürəyi yumşalar, gedib qızı istəyərdi. Özünün həyatda bütöv olmadığını dərk edirdi, nəsə, anlaşılmaz bir yarımçıq hiss vardı. Bu hissi harda itirmişdi: məktəbdə, avaraçılıqda, harda? Bu haqda heç nə bilmirdi. Atasının qızgilin evindən çıxıb məyus-məyus: “Alınmadı. Sənə kim qız verəcəkdi?” deməyini gözünün qabağına gətirirdi. Axı, kim onun ürəyinin dərinliyində yatmış, gizlənmiş, üstü tozla bürünmüş sevgisindən, özünün başı çıxmadığı bu hissdən xəbərdardır? O da yoldan ötən insanlardan deyildimi? Onun sevməyə, yaşamağa haqqı yox idimi? “Sən duyğusuz, ikiüzlü, tərbiyəsiz, ürəyində bir qram sevgi olmayan adamsan” – tarix müəllimi onun qarşısında fikirləri ilə mübahisəyə keçmişdi. Düşündü ki, ilk dəfə insan olduğunu, içində nəyinsə tərpəndiyini anlamağa çalışır. “Hamı gəlsin, məni paxıllayanlar, oğraşlar, mənnən zəhləsi gedənlər. Mən də sevə bilirəm”.
O içindən gələn səslərə qulaq asanda indi anladı ki, o qızın gözlərindəki acizlik ona keçib və deyəsən, gəlinə aşiq olub. Bu düşüncəsindən tükləri biz-biz durdu, üşəndi. Burda işlədiyi vaxtlarda o qədər belə toy yola vermişdi ki! Bəs niyə onda burax gəlinə, heç başqa qızlara da vurulmamışdı, daha doğrusu hər şeyə iş kimi yanaşdığından artıq içindəki ölümcül hissin də yaddan çıxdığının, unudulduğunun fərqinə varmışdı.
İndi neyləsin? Durub hamının ortasında eşq elanı eləyə bilməz ki? Onun dərisinə saman təpərlər. Kimə anlada bilər dərdini? Bu hansısa bir qızdan “yox” almaq deyil axı? Kaş o qızı məktəb vaxtı görərdi və o yarımçıq hissi onda bütövləşərdi. Fikrini hara çevirdisə, alınmadı, elə bil bir üzüyün içinə atılmış kimi çıxış yolu tapa bilmirdi: hey qaçırdı, qaçırdı...
Bəylə gəlin salonda bir-birilərinə sarılmış vəziyyətdə dans edirdilər. Rəngbərəng işıqlar qaranlığın içindən böyüyə-böyüyə onların üzlərində yansıyırdı. Hansısa məktəb vaxtları qulaq asdığı mahnının sədalarını eşidəndə özündən asılı olmayaraq onlara yaxınlaşdı və qollarını irəli tutaraq öz-özünə fırlanmağa başladı. Toy camaatı bunu qəribə qarşıladı. “Dəli olub yazıq... Elə bil kimsə var yanında... Ofisianta bax” Bu sözləri eşidirdi, amma əhəmiyyət vermirdi. Ona qəribə gələn o idi ki, yaşadığı bu hissi bütün dərinliyi ilə, hətta bu dəqiqə düşdüyü vəziyyəti belə anlayırdı, ancaq buna əngəl ola bilmirdi. Qarşısında dayanmış özü ona gülürdü, lağa qoyurdu, onu məsxərəyə qoyurdu.

Qızı qaçırsınmı? Oynayanlara baxıb fikirləşdi: onun sevdiyi artıq azadlığı əlindən alınmış bir insana çevrilmişdi. Gəlinliklə, bütün gözəlliyi ilə rəqs etdiyi oğlana aid idi. Bunu hiss edəndə ürəyi sıxıldı. Dava salmaq istəyirdi. Qıraqda durub ona baxan özü onun dalaşmasına irişirdi: “Sənin leşini sərəcəklər” O ağzından, burnundan axan qanın elə bil qoxusunu duydu, fikrini milçək qovan sayaq başından uzaqlaşdırdı. İçindən gələn bu düşüncələrə aldanmadığı, qızı götürüb qaçmadığı, ortalığı yıxıb-sürümədiyinə görə özündən utandı. Əvvəlki Rüstəm olsa idi indi bəlkə də çoxdan beynindən keçənləri eləmişdi. Elə bu saat anladı ki, artıq başqalaşıb və çarəsizliyinə yenilib.

Səkiyə çıxdı, cibini eşələyib bir siqaret tapdı. Kasıbçılıqdan bütöv qutunu ala bilmirdi. Pulunu yığıb saxlayırdı. İrəlidə özünə nəsə almaq üçün pullarını etibarlı bir yerdə gizlətmişdi.

Siqareti damağına qoyub yandırdı. Tüstünü içinə çəkib qaranlıqda havaya buraxdı. Toy salonundan gələn işıqların ağladığını görüb yanağına süzülən yaşı qolunun yaxası ilə sildi.
Cibində siçan oynayırdı. Düşündü ki, qızın toyuna pul atmaq lazımdı.

Ayxan Ayvaz

2012