“Yola kubik və beton yerləşdirib avtobusların hərəkətinə mane olurlar” - Fotolar-Yenilənib

yola-kubik-ve-beton-yerlesdirib-avtobuslarin-hereketine-mane-olurlar
Oxunma sayı: 3608

Bakı şəhərinin mərkəzi ilə Xırdalanı birləşdirən əsas müntəzəm marşrut xətlərindən biri olan 119 saylı xəttin hərəkətinə maneələr yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, marşrut xəttinin Xırdalan şəhəri Osman Sarıvəlli küçəsində yerləşən sonuncu dayanacağı istiqamətində yerli sakinlər yol kənarına və dayanacağa gedən yolun ətrafına mişar daşları və beton maneələr yerləşdiriblər. Qoyulmuş maneələr avtobusların sonuncu dayanacaqdan dönərək geriyə hərəkət etməsinə imkan vermir.

119 saylı marşrut xəttini istismar edən daşıyıcı şirkətdən bildirilib ki, ərazidə yaranmış vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib: “Sərnişinlərin çoxsaylı müraciətləri, eləcə də xidmət keyfiyyətinin yüksəlilməsi məqsədilə xətt üzrə müasir tələblərə cavab verən iritutumlu avtobuslar istismara vermişik. Lakin bəzi sakinlər ərazidə avtobusların hərəkətinə və sərnişindaşımanın təşkilinə süni maneələr yaradırlar. Bir neçə dəfə sürücülərə hücum edərək insidentlər yaradıblar. Sonuncu dəfə bu gün bir sürücümüzə xəsarət yetirilib”.

Qeyd edilən ərazidə döyüldüyünü bildirən avtobus sürücüsü K.Qasımov deyib ki, Asif adlı şəxs ondan avtobusu dayanacaqda saxlamamasını tələb edib: “İki nəfər digər şəxslə birgə mənə yaxınlaşaraq burada avtobus saxlamamağımı, həmin yerin ona məxsus olmasını və taksi saxladığını dedi. Bu zaman təhqiramiz ifadələr işlətdilər və dava zamanı mənə xəsarət yetirildi. Hadisə ilə bağlı polisə müraciət etmişəm və xəsarətlərimin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib”.

***

DİN mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı sorğumuza cavab olaraq bildirib ki, daxil olan müraciət üzrə müvafiq polis orqanında araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.