Zaur, bir sus!

zaur-bir-sus
Oxunma sayı: 7565


Atv-nin “Ümid var” verilişinin bağlanması xəbərinin muştuluq borcları hələ də qalıb. Teleradio  Şurası mart ayında verilişin bağlanması haqqında qərarı çıxaranda çoxu “şad xəbər”i paylaşıb, “Zaurun verilişi bağlandı” deyib sevindi. Dedilər ki, “veriliş bir çobanın güdazına getdi”. Amma sözün həqiqi mənasında telekanalların “reytinq xəstəliyi” çox vaxt milli-mənəvi dəyərlərin pozulması, auditoriyanın maraqlarına xəyanət, onların təhqir edilməsi hesabına başa gəlir. 

Elə “Ümid var” da onlardan “bərkgedəni” idi. Teleradio Şurası  “tərbiyəçi”  vəzifəsinin öhdəsindən gələ bilmədi.  Çünki həmin veriliş bağlandı, əvəzinə onun bənzəri peyda oldu. Deməli, vacib qurumun əlindən yalnız veriliş adını silmək gəlir, cəza elə bundan ibarətdirmi? 

 Gözümüz aydın, Zaur  köhnə  uslub və düşüncə tərzi ilə  yenidən Atv ekranında “yaradıcılığına” davam edir. “Öz aramızda” verilişinin anons-reklamı efirə gedəndə hər şey aydın idi. Bu yeni adlı, elə köhnə veriliş olmalıydı. Çoxu bu fikrində yanılmadı. 

Yeni verilişdə köhnədən yarımçıq qalmış mövzular davam edir, tək studiyanın quruluşunun dəyişdiyini görmək olar. Yenə kiminsə həyatı, ailə-məişət problemi şişirdilib böyük balona çevrilir, həzin musiqi sədaları altında tamaşaçının gözündən yaş çıxardılması hədəflənir. Yenə verilişə ekspert qismində qonaqlar, tanınmış simalar dəvət olunur, dəyirmi masa ətrafında müzakirələr aparılır. Amma bu müzakirələrdə Zaur imkan vermir ki, gələn qonaq ağzını açsın, danışıb ürəyini boşaltsın.

Bir neçə gün qabaq bu verilişə orada iştirak edəcək şəxsin çağırışı ilə baxmalı oldum. Mövzu əllilliyi olan insanların problemlərinə həsr olunmuşdu. Amma dəvət olunan qonaqların bir neçəsinə bu barədə söz deməyə heç imkan verilmədi. Düzü, heç əlillərin problemininə yaxın da düşülmədi. Zaurun dəfələrlə danışanın sözünü kəsməsi, reklam aralığı verməsi, özünün dayanmadan “lektor”luq cəhdləri hamı kimi qonaqları da hövsələdən çıxarırdı. Hətta verilişin qonaqlarının sonradan sosial şəbəkələrdə narazılıqla bağlı qeydlərini də görmək oldu. Zaurun həmin verilişdə yersiz gülüşləri, zarafatları, əlilliyi olanlara “fiziki qüsurlu”(bu ifadəni işlətməmək dəfələrlə qonaqlar tərəfindən vurgulansa da) deyərək müraciət etməsi onun heç vaxt dəyişməyəcəyindən xəbər verirdi. Bir daha əmin oluruq ki, bu aparıcını şou verilişinə sırımaq olar. Amma ciddi , sosial verilişi idarə etməsinə məcbur etmək tamaşaçıya hörmətsizlikdən başqa bir əməl deyil. 

Həmin verilişin səhərisi telelayihədə yenə vacib qonaqlar iştirak edirdi. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun çıxışını dəfələrlə kəsən Zaur üçün bu adi hal idi. Qardaşım, qonaq çağırmısan, imkan ver danışsın da. Sualı özün verib, özün də cavablayırsan. Öz aramızdı, Zaur, çox danışırsan, yersiz danışırsan. Mövzuların parlaqdır, amma mövzuların sənin sayəndə “kölgəndə” qalır.

Bir də onu deməyi borc bilirəm ki, Zaurun bütün verilişlərində olduğu kimi , “Öz aramızda” da dərman preparatları reklam olunur. Adıni vermək istəmədiyim həmin dərman güya yaddaş gücləndirici effekti səbəbiylə 16-17 yaşlı abituriyentlər üçün tövsiyyə olunur. Zaur sponsorunu çox ustalıqla tərif edir. Bir sualım var? Yeniyetmələrin bu yaşında yaddaş dərmanı istifadə etmələri məsləhət görülürsə, bəs 10-20 il sonra həmin kəslər nə edəcək? Sözüm odur ki, belə dərman reklamlarına mütləq nəzarət olmalıdır və Zaur yaxşı olardı ki, elə kolbasa-sosiska sponsorlarından danışsın. Bu onda əla alınır...