Ziya Məmmədov gedir!? - 13 ildən sonra

ziya-memmedov-gedir
Oxunma sayı: 36799

Artıq bir neçə aydır ki, mediada Nəqliyyat naziri Ziya Məmmədovun postu ilə vidalaşacağı ilə bağlı xəbərlər yayılırdı. “Qafqazinfo” xəbər verir ki, ötən gün ölkə başçısının imzaladığı sərəncam artıq yayılan xəbərlərin doğru olduğunu təsdiqləyib. Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Qeyd edək ki, mediada Z. Məmmədovun vəzifəsindən azad ediləcəyi ilə bağlı çoxsaylı xəbərlər yayılsa da, bir neçə gün əvvəl modern.az saytında onun baş nazirin müavini postuna gətiriləcəyi ilə bağlı yayılan informasiya artıq məsələnin ciddiliyini ortaya qoymuşdu.

13 ildir nazirdir

Z. Məmmədov 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub. Artıq 13 ildir ki, bu postda əyləşən Z. Məmmədov həm təmsil etdiyi sahədə baş verən nöqsanlar, həmçinin də ailə üzvləri və qohumlarının bir sıra neqativ hərəkətləri ilə hər zaman medianın gündəmində olub. İstisnasız olaraq deyə bilərik ki, haqqında mediada ən çox yazı yazılan məmurlardan birincisi elə Ziya Məmmədovdur. Bir çoxları hesab edir ki, əslində onun bu post ilə vidalaşacağı heç də qəribə görünməməlidir. Çünki buna əsas verən bir sıra səbəblər vardır.

Elə ilk olaraq bir faktdan başlaya bilərik. Nəqliyyat naziri Ziya Məmmədov əsasən ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına cavabdeh olan şəxsdir. Düzdür, bu müddət ərzində yollar əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, amma nöqsanlar yenə də qalmaqda davam edir. Bu sahədə əsas narazılıq ondan ibarət idi ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənmir. Bu sahədə çoxsaylı yeyinti faktları mövcuddur. Belə ki, çəkilən yollar bir neçə müddətdən sonra yararsız vəziyyətə düşür. Belə olan halda ikinci dəfə dövlət büdcəsi hesabına yenidən yollar çəkilməli olur. Bu da büdcəyə ikiqat ziyan gətirən amildir.

Z. Məmmədov ekspertlərin, ictimai xadimlərin bu barədə iradlarının dəfələrlə mediada səslənməsindən xəbərdar olsa da, problem illərdir eynilə qalmaqda davam edib.

Bir çox yol qəzalarının baş verməsində bu qurumun da adı hallanırdı. Təkcə bu faktı sadalamaq yetər. Belə ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda baş verən dəhşətli faciənin adını çəkmək yetər ki, vəziyyət aydınlaşsın.

Magistral yollarda quraşdırılan dəmir arakəsmələr potensial ölüm mənbəyidir. Kəsici alət funksiyasında olan bu dəmirlər maşını bir neçə yerə bölə, hətta içindəkilərin ayaqları da kəsmək gücündədir. Sürücülər dəfələrlə narazılıq edirdilər ki, bu dəmirlər ya yığışdırılsın, ya da ki üstünə rezin çəkilsin. Çünki dünyanın bir sıra ölkələrində dəmirlərin başlanğıcı yerə maili olduğu halda, bizdə düzünə quraşdırılıb. Bundan sonra məsul qurumun sözçüsü mediaya açıqlama verərək bildirmişdi ki, dəmir arakəsmələr betonlarla əvəz ediləcək. Bu da o deməkdir ki, neftin qiymətinin düşdüyü, vəziyyətin get-gedə çətinləşdiyi bir zamanda əlavə pullar silinməli olacaq.

"Nazirliyin əməkdaşlarına pul ödəyirik, ona görə sürəti artırırıq..."

İkinci əsas problemlərdən biri də Bakıda avtobus və taksi sistemi ilə bağlıdır. Taksi sürücülərinin Nəqliyyat “qoçu” ların dan dəfələrlə narazı olduqlarınlın şahidi olmuşuq. Baş verən mübahisələr, davalara dair çoxsaylı videolar yayımlanıb. Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri bir çox hallarda qayda pozuntusuna yol veriblər. Bunlara birinci növbədə, avtobusun yüksək sürətlə idarə edilməsini misal göstərmək olar. Sürücülər özlərinə haqq qazandıraraq bildirirdilər ki, bu onlardan asılı deyil. “Biz məcbur olub hər gün nazirliyin əməkdaşlarına müəyyən məbləğdə pul ödəməliyik. Ona görə sürət yüksək olur ki, gecikməyək”.

Bundan əlavə, dəfələrlə içi dolu avtobusların bir-biri ilə ötüşdüyünün, nəticədə isə qəzaların baş verdiyinin şahidi olmuşuq.

Nəqliyyat Departamentinə Ziya Məmmədovun bacısı və qardaşı oğlu nəzarət edir...

Qeyd edə ki, Bakı şəhərində həm ictimai nəqliyyata, həm də taksilərə nəzarəti 2007-ci ilin yanvarında yaradılmış “Bakı Sərnişin Nəqliyyatı” MMC həyata keçirir. Əhali arasında hələ də Nəqliyyat Departamenti kimi tanınan bu qurumun rəhbərliyində əvvələr Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadə, son illər isə qardaşı oğlu Rövşən Məmmədov rəhbərlik edir.

Bakının nəqliyyat sistemi ilə bağlı sözügedən iradlar mediada səslənməsinə baxmayaraq nazirlik susmağı üstün tuturdu. Yəqin elə buna görədir ki, nazirliyin tabeliyində olan “Transqeyt MMC” bir sıra avtobusları əllərindən alındı. Bakı şəhər icra hakimiyyətinin tabeliyində “Baku Bus” MMC yaradılıb. Bu MMC-nin müasir tipli, kartla işləyən avtobusları artıq paytaxtda hərəkət edir.

Ziya Məmmədov təkcə özünün təmsil etdiyi sahədəki nöqsanları ilə deyil, yuxarda da qeyd etdiyimiz kimi ailə üzvlərinin və yaxınlarının qalmaqallı olayları ilə yadda qalıb.

Məmmədovların əyləncəsi...

Belə ki, nazirin oğlu Anar Məmmədov və qardaşı oğlu deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun adı daha çox əyləncə məclislərində iştirak etməsi, bahalı bir neçə maşınlara və nömrələrə sahib olması ilə yadda qalıb.

Bahalı nömrələrin və maşınların sahibi olan Aynar Məmmədov bir vaxtlar sosial şəbəkə vasitəsilə mətbuatın gündəminə gələrək qınanılmışdı.

Nazirin oğlu “Garant Holding” şirkətlər qrupunun rəhbəri, Anar Məmmədov 2011-ci ildən Azərbaycan Amerika Alyansına rəhbərlik edirdi. Bu yaxınlarda məlumat yayıldı ki, onun Alyansı artıq bağlanıb. Alyansın bağlanmasına səbəbi isə Anar Məmmədovun biznesində yaranmış maliyyə problemləri ilə bağlı olduğu deyilir.

Qeyd edək ki, Azərbaycan Amerika Alyansının fəaliyyəti Amerika siyasi isteblişmentinin nüfuzlu nümayəndələrinə, senatorlara, konqresmenlərə və siyasətçilərə təsir etmək yolu ilə Vaşinqtonla Bakı arasındakı münasibətlərin hökumətlər səviyyəsində möhkəmlənməsinə yönəlmişdi.

Bu günlərdə təhqiqat jurnalistikası ilə tanınan “Mother Jones” məcmuəsi A. Məmmədovun barəsində maraqlı araşdırma hazırlamışdı. Yazıda qeyd olunurdu ki, A.Məmmədov Amerikada prezidentliyə namizəd Donald Trumpun biznes şərikidir. Jurnalist qeyd edir ki, Trump prezidentliyə namizədliyi ilə əlaqədar bu yaxınlarda açıqladığı maliyyə bəyannaməsində Bakıdakı işinə görə ötən il azı 2,5 milyon dollar qazandığını bildirib. Qeyd olunur ki, Trump-ın adını daşıyan bir çox binalar kimi Bakıdakı otel də onun mülkiyyəti deyil. Göydələnin əsas sahibi “Garant” adlı şirkətdir ki, bu da Məmmədovun nəzarətindədir.

“Rixos Quba” oteli də Anar Məmmədovdan alındı

Bu yaxınlarda Məmmədovların daha bir biznes sahəsi olan Qubadakı “Rixos Quba” oteli də əllərindən alınıb. Otel bu günlərdə başqa mülkiyyətçinin tabeliyinə verildi.

Nazirin deputat qardaşı Elton Məmmədova məxsus olduğu bildirilən “Bakı Beynəlxalq Avtovağzal” kompleksinin də onun əlindən alındığı, rəhbər şəxslərinin işdən azad olunması barədə məlumat yayılıb.

Nazirin ailə üzvlərinin adı bir sıra kriminal hadisələrdə də hallanıb. Belə ki, bu ilin iyun ayının sonlarında Qusar rayonunun Çiləgir kəndində 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev yaşadığı villada odlu silahla qətlə yetirilmişdi. Sonradan məlum olmuşdu ki, R. Vəliyev nazirin qardaşı Nəriman Məmmədovun qudasıdır. Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirmişdi.

Yayılan bir digər məlumata görə, nazirin postuna hazırda “Azərbaycan Dəmir Yolları “ QSC-nin sədri Cavid Qurbanovun təyin oluncağı bildirilir. Bu gün C. Qurbanov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, bunlar ara sözləridir, xahiş edirəm, belə şeylərə fikir verməyin. Vəzifəyə təyin edən, vəzifədən çıxaran ölkə başçısıdır. Bu işlər onun müstəsna səlahiyyətidir. Qərarları cənab prezident verir. Bilmirəm qəzetdə kim nə yazır, vallah mənim bu işlərdən xəbərim yoxdu. İnanın səmimiyyətimə, heç o haqda fikirləşmirəm. Dövlətin başçısı mənə kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda düşünürəm”.- deyə yayılan xəbərlərə münasibət bildirib.

Yuxarıda sadaladığımız bir sıra faktlar əslində onu göstərirdi ki, nazir Ziya Məmmədovla bağlı məsələ çox ciddidir. Hətta mediada nazirin işə çıxmaması ilə bağlı məlumat yayılmışdı. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov Nəqliyyat naziri Ziya Məmmədovun növbəti əmək məzuniyyətinə çıxdığını bildirib. 

Yuxarıda sadaladıqlarımız nöqsanlara görə ictimaiyyət və media belə hesab edir ki,  Nəqliyyat Nazirinin postundan azad edilməsi üçün hazırlıq görülür. Təbii ki, bütün bunlardan əlavə, nazirlə hökumət arasında daha hansı problemlərinin baş verdiyini deyə bilmərik. Biz sadəcə ümumi mənzərəyə nəzər salaraq əvvəldən axıra kimi prosesi şərh etməyə çalışdıq...