“Hüseyn Dərya mənə xəyanət etdi” – Müsahibə

huseyn-derya-mene-xeyanet-etdi-musahibe
Oxunma sayı: 5166




Son günlər boşanma xəbəri ilə yenidən gündəmə gələn rep ifaçısı Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova aralarında olub keçələri ilk dəfə “Qafqazinfo”ya danışıb.


-Sona, artıq neçə həftədir Hüseyn sizin aylardır bir yerdə yaşamadığınızı, hətta boşandığınız barədə müsahibələr verir. Nə məsələdir?

- Düzdür, ayrı yaşamağımız barədə dedikləri doğrudur, amma hələki boşanmamışıq. Biz fevral ayından bir yerdə yaşamırıq. Hüseynlə aramızda dava düşdü və mən də o vaxtdan anamgildə yaşayıram. Gəlir-gedir, uşağa baxır. Məclislərə bir yerdə gedirik. Bu yaxınlarda bacımın toyu oldu Hüseyn də gəlmişdi. Amma ayrı yaşayırıq.

- Aylardır ayrı yaşamağınıza bais olan davanın səbəblərini açıqlaya bilərsən?

- Xəyanət. Telefonuna hansısa bir qızdan gələn mesajı gördüm və bundan sonra, artıq bəsdir deyib evdən çıxdım. Bilirsiniz, hər şeyin bir həddi var. Artıq səbir kasam dolmuşdu. Nə qədər mesajlar gələr, nə qədər bəhanələr olar? Gecə saat 4-də mesaj gəlirdi ki, “gəl mən səni gözləyirəm”. Bilirəm o sənətçidir, çox adam çox şey yaza bilər.

- Deməli, hazırda ailə münasibətləriniz ancaq kağız üzərində qalıb?

- Mart ayında boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etdim. Evdəkilərdən xəbərsiz. Hüseyn xəbər tutan kimi gəlib anamla danışdı, boşanmağıma qarşı çıxdı ki, uşağımız var, belə, elə. Uşağa görə daha ərizənin arxasınca getmədim. Anam da çox qarşı çıxır, Hüseynin xətrini çox istəyir.

- Onda, Hüseyn niyə deyir ki, boşanmışam?

- Çünki barışmaq istəyir, mən də barışmıram. Acığından deyir. Əslində elə boşanmış kimiyik. Rəsmi nikahı pozmaq üçün bircə imza lazımdı. Hüseyn bilirsiniz, o açıqlamanı niyə verdi? Mənə deyirdi ki, filan rəfiqənlə şəhərdə gəzmə, onu etmə, bunu etmə. Kimsə də gəlib ona deyəndə ki, Sonanı filan yerdə gördük, o, bir növ mənim üzərimdə olan məsuliyyətini üstündən atmaq üçün bəyan elədi ki boşanmışıq. Ya buna görə, ya da gündəmə gəlməyə görə. Hüseyindi də, işlərindən baş açmaq olmur.

-Bu xəbər yayılan kimi, ilk açıqlamanı bizə verdin və dedin ki, bu xəbərlər yalandır, biz birlikdə yaşayırıq. Niyə ayrılmadığınızı sübut etməyə çalışırdın?

- Boşanmamışıq axı?! Anamgilə gəlirdi, gedirdi. Aramızda soyuq münasibət də olmayıb. Bilirsiniz, ayrılsaq da bizim bir-birimizə hörmətimiz var. Digərləri kimi mən onun arxasınca, o mənim arxamca danışsın kimi söhbətlər yoxdur. Ola da bilməz. Ayrılsam da ona hörmətim var, oğlumun atasıdır. Altı ildir rəsmi evliyik. Bir də mənim qohumlarım, rəfiqələrim bizim ayrı yaşadığımızı bilmirdilər. Ona görə də xəbərin yayılmasını istəmirdim. İlk dəfə sizə bu barədə danışdım.

- Barışmaq istəyirsən?

- Yox, indi nə, o, buna cəhd edir, nə də mən. Artıq özümə yeni həyat qurmaq istəyirəm. Bir var sevgilinlə əzablı həyat, bir də var yaxşı həyat. Artıq yaxşı həyatı seçmək istəyirəm.

- Bəs, əvvəlki müsahibəndə deyirdin, onu o qədər sevirəm ki, hər kaprizlərinə dözərəm. İndi nə oldu?

- Sevgim tükənməyib, artıq ona qarşı başqa hissim var. Sevsəm də, özümə qarşı hörmət istəyirəm. Nə qədər olar?! Söz verir, 10-15 gün yaxşı olur, sonra yenə başlayır. Artıq mən dediklərimi o, o dediklərini mən həzm edə bilmirəm. Əvvəllər çox güzəştə gedirdim ki, bəlkə düzələr. Düzələn deyil.

- Sona, Hüseyn iki il həbsdə yatdı, sən onun üçün nələrə sinə gərdin, gözlədin, oğluna həm ana, həm ata oldun. Həbsdən çıxıb yenidən sənətinə davam etməsi üçün də dəstək oldun. Belə qarşılıq gözləyirdinmi?

- Belə olur da... Bunları etmək mənim borcum idi. Qarşılığını görmədim. Bu yaşadıqlarım məni bir növ “bişirdi”. Onuncu sinfi qurtardım Hüseynlə tanış oldum, ali məktəbə daxil oldum ona qoşulub qaçdım. Gözüm heç açılmamışdı. İndi yalanlara inanmıram.

-Hüseyinə burdan nə deyərdin?

- Deyirdi, səndən ayrılsam mən kişiyəm gedib yenə də ailə quracağam. İndi sərbəstdir, getsin ailə, uşaq sahibi olsun, xoşbəxt olsun. Toyuna məni də dəvət etsin (gülür). Ondan heç nə istəmirəm. Gəlsin boşanma ərizəsini yazsın, bir də uşağına yenə də atalıq etsin... Sonda onu deyim ki, valideynin xeyir duası olmadan heç bir qız xoşbəxt ola bilməz. Anam hər zaman deyir ki, mən sənə xeyir-dua verməmişəm. Razı deyildilər, həm də sənətçi olduğuna görə. Onda heç narkotika qəbul etdiyini də bilmirdilər.

Nigar Məmmədli