“20 Yanvar” - “Qırmızı Yanvar”!

20-yanvar-qirmizi-yanvar-
Oxunma sayı: 653

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 22 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin bütün informasiya mərkəzləri 1990-cı il 20 yanvar tarixində baş verənləri, onun səbəbkarlarını, qurulan oyunları geniş işıqlandırırlar. Hamımız yaxşı bilirik ki, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi. Bütün bunlar tarixdir və hər kəsin qan yaddaşına yazmalı olduğu tarix.

Biz isə, Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı olaraq 1990-cı il 20 Yanvar tarixində baş verənlərə və bu tarixin əhəmiyyətinə qısa münasibətimizi sizlərin diqqətinə çatdırmaq istəyirik!

- 20 YANVAR günü Azərbaycan türkünün mənfur rus şovinistlərinə, onların erməni maşalarına qarşı dirəniş, mübarizə günüdür!
- 20 YANVAR günü son 200 ildə parçalanmaya və işğala məruz qalan Azərbaycan türkünün hayqıran səsidir!
- 20 YANVAR günü Quzey Azərbaycanda yenidən müstəqilliyin əsasının qoyulduğu gündür!
- 20 YANVAR günü şərəf günüdür, qürur duyulub dünyaya qəhrəmanlıq nümunəsi kimi təqdim olunacaq bir gündür!
- 20 YANVAR gününü ağlamaqla deyil, fəxr hissi ilə yad etmək lazımdır. Çünki 20 YANVAR “Qara” deyil, “Qırmızı Yanvar”dır!
- 20 YANVAR günü gələcək nəsillərə aşılana biləcək, gənclərin genotipinə yeridilə biləcək qəhrəmanlıq salnaməsidir!
UNUTMAYIN!!! Quzey Azərbaycanda 1991-ci ildə qurulmuş olan dövlətimizin Müstəqillik Aktı Şəhidlərimizin qanı ilə yazılmışdır!”.