ANS-in Elgizi nazirdən hörmətli imiş...

ans-in-elgizi-nazirden-hormetli-imis
Oxunma sayı: 658

Taksi sürücüsü məni çoxdan tanıdığı üçün giley-güzarından qalmadı: “Hamının problemlərindən yazırsınız, amma biz bir dəfə də yada düşmürük”.

Peşə ənənəsinə sadiq qaldığım üçün dərhal soruşdum: “Sizin hansı probleminiz var?”

Səttar kişi köks ötürüb, belə dedi: “Gündə 10 manat pul qazanıram. Onu da yol polisləri tutub əlimdən alırlar”.

Həmsöhbətim məndən ən azı 20 yaş böyük olsa da, ona məsləhət verməkdən çəkinmədim: “Çalışın ki, yol hərəkəti qaydalarını pozmayasınız. Bu, hər şeydən əvvəl Sizin təhlükəsizliyiniz üçün vacibdir”.

Qoca sürücü başını buladı: “Ay oğul, yol hərəkəti qaydalarını pozanda da pul alırlar, pozmayanda da...”

Səttar kişiyə bu dəfə məsləhət gördüm ki, DYP rəisi Ramin Zeynalova müraciət etsin. Dedi ki, yazı-pozu bilmir. Xahiş etdim ki, onu qanunsuz saxlayan maşının nömrəsini götürsün, Ramiz müəllimə mən özüm məktub yazaram. Deyəsən, taksi sürücüsünün bu söhbətdən ağlı bir şey kəsmədiyi üçün başını tərpətməklə kifayətləndi...

Araya çökmüş sükutu arxa oturacaqda əyləşmiş 45-50 yaşlı kişi pozdu: “Müəllim, mənə necə kömək edə bilərsiniz?”

Dərhal arxaya çevrildim: “Sizin hansı probleminiz var?”

Müsahibim başını bir qədər irəli uzadıb, asta-asta danışmağa başladı: “Mən, Ağdam rayonunun Evoğlan kəndindənəm. Ermənilərin atdığı mərmi evimizin yarısını uçurub. Üç uşaq atasıyam, özüm də heç bir yerdə işləmirəm. Nə qədər çalışsam da ünvanlı sosial yardım ala bilmirəm. İcra nümayəndəsi məni adam yerinə qoymur”.

Tanımadığım bu adama məsləhət gördüm ki, Səlim Müslümovun qəbuluna getsin. Amma məlum oldu ki, ağdamlı yol yoldaşımız Səlim Müslümovu tanımır. Buna görə də əlavə izahat verməli oldum: “Səlim müəllim Dövlət Sosial Müdafiə Fondunun sədridir”.

Həmsöhbətimin maraqla mənə baxdığını görəndə bir az da xırdalığa getdim: “Səlim Müslümov nazir statusunda olan bir adamdır. Bu məsələlərlə onun işçiləri məşğul olurlar”.

Ağdamlı müsahibim ağzını açmağa macal tapmamış arxada sağda əyləşmiş yekəpər adam söhbətə müdaxilə etdi: “A kişi, nazirdən sənə kar aşmaz. Ən yaxşısı budur, ANS-ə Elgizin verilişinə çıx. Əgər Elgizin qəbuluna düşə bilsən, işin düzələcək”.

Mənzil başına çatdığım üçün sürücünün pulunu verib, düşmək istəyirdim. Sağollaşmaq məqsədilə arxaya çevriləndə bayaqdan bəri məndən kömək istəyən Ağdam sakini yekəpər kişinin qulağına bu sözləri pıçıldayırdı: “Qardaş, mənə Elgizin nömrəsini tapa bilərsən?”

Qeyri-ixtiyari olaraq dilləndim: “Heyf sizdən Səlim müəllim! Camaatın arasında Elgiz qədər də hörmətiniz yoxmuş...”