Aşağı keyfiyyətli məhsulu “əla növ” adı ilə satırmış

asagi-keyfiyyetli-mehsulu-ela-nov-adi-ile-satirmis
Oxunma sayı: 2006

Oktyabrın 22-də Qusar rayonu ərazisindəki ərzaq mağazalarının birində aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən qablaşdırıb satmaqda şübhəli bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, adıçəkilən şəxs sahibi olduğu anbarda bu işi təkbaşına görməyib, kisələrin təkrarən doldurulmasını obyektində fəhlə kimi işləyən Asim Əmirova tapşırıb.

Hal şahidlərinin iştirakı ilə R.Məhsimova məxsus anbara keçirilən baxış zamanı oradan satış üçün nəzərdə tutulmuş, “əla növ” adıyla qablaşdırılmış 13 kisə un, xeyli sayda boş kisələr və tikiş üçün istifadə olunan avadanlıq aşkar edilib. Bundan əlavə, R.Məhsimova məxsus yük avtomobilinə baxış zamanı ərzaq mağazasına aparılacaq un məmulatları arasında haqqında bəhs olunan 5 kisə “əla növ” un aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.