60 yaş nədir hələ...

60-yas-nedir-hele
Oxunma sayı: 1830

“Şərq” qəzetinin mədəniyyət yazarı Tahirə Məmmədqızı: “İlk olaraq Baloğlan müəllimi təbrik edirəm. Uzun müddətdir sənətdə əməyi olan insandır. Öz ifa tərzini, yönümünü müasirlik xatirinə, dəb xatirinə dəyişməyib. Baloğlan müəlimə hörmət etməyə məni məcbur edən ikinçi səbəb isə onun hər zaman canlı ifaya üstünlük verməsidir. İstər konsertlərdə, istərsə də el şənliklərində Baloğlan Əşrəfov daim canlı ifa edib, bu da onun sənətə dəyər verməsinin göstəricisidir.

Baloğlan Əşrəfovu hansı titulda görməyimə gəlincə, deyə bilərəm ki, bir neçə il bundan əvvəl “Əməkdar artist” tituluna layiq görülüb. 5-6 il sonra isə “Xalq artisti” titulunu ala bilər. Buna baxmayaraq, düşünürəm ki, Baloğlan Əşrəfovun “Xalq artisti” adını almasının vaxtıdır. Nəzərə alsaq ki, Ağadadaş Ağayev demək olar ki, Baloğlan Əşrəfovla eyni vaxtdan səhnədədir. Ancaq o çoxdan bu titula layiq görülüb. Eyni zamanda səhnədə çox sayda gənc ifaçı var ki, onlara artıq “Xalq artisti” adı verilib. Halbuki, Baloğlan Əşrəfov səhnədə olanda onların heç biri əlinə mikrofon almamışdı. Bütün bunları nəzərə alanda düşünürəm ki, Baloğlan müəllimə də artıq “Xalq artisti” adının verilməsinin vaxtıdır”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Şahin Cavadsoy: “Baloğlan Əşrəfov məncə şou-biznesdə qəbul edilməyən vaxt cənubda populyar idi. Sırf bölgə müğənnisi kimi Bakıya gəlib. Amma şansı gətirdi Bakıda da məşhurlaşdı. Bəzən deyirlər insanın səhhətində olan problemlər onun işinə yarayır. Baloğlan Əşrəfov da belə oldu. Bir neçə il öncə səhhəti ilə bağlı problem yarandı, əməliyyat olundu. Onun mahnılarını sevməyən insanlar belə onun üçün dua erməyə başladılar.

Digər tərəfdən Sərdar Ortacın onun “Nədəndir” mahnısını ifa etməsi rezonans doğurdu. Türkiyədə olanda eşitdim ki, hətta diskotekalarda bu mahnı səslənir. Sərdar Ortac onu sevdirdi, bildiyim qədərilə hazırda da əlaqələri var. Baloğlan Əşrəfov bu dəqiqə tələbat olan müğənnilər cərgəsindədir.

İstəməzdim ki, sənətçilərə jurnalistlərin fikirləri əsasında titul versinlər. Azərbaycanda hər bir sənətçi layiqincə qiymətləndirilir. Arzu edirəm ki, Baloğlan Əşrəfov ən böyük fəxri ada layiq görülsün”.

“Day.az” portalının şöbə müdiri Vüqar Vüqalı: “Baloğlan müəlim elə müğənnilərdəndir ki, yaşlandıqca daha da püxtələşir, rəngarəngləşir. Bu çox nadir hallarda baş verən hadisədir. Azərbaycanda belə müğənnilərdən Mübariz Tağıyev və İlhamə Quliyevanın adını çəkmək olar.

Mən titulların yığışdırılmasının tərəfdarıyam. Bu, sovet dövründən qalan ənənədir. Baloğlan Əşrəfov mənim üçün “Əməkdar artist” titulunu almadan öncə daha dəyərli idi. İndi isə yüzlərdən biri olub. Mənə elə gəlir ki, elə müğənnilər var ki, onlara titul lazım deyil. Adı müğənninin brendi olmalıdır. Titul isə onları sıradan birinə çevirir.”

“ATV maqazin” jurnalının redaktoru Zakirə Zakirqızı: “Baloğlan Əşrəfov bu gün xalqın müğənnisidir. Baxmayaraq ki, onun mahnılarını əvvəllər ara mahnıları adlandırırdılar, amma insanlar onu dinləyirdi. Düşünürəm ki, onun gənclik illəri bu dövrə təsadüf etsəydi, Baloğlan Əşrəfov daha böyük işlərə imza atardı. Sovet dövründə kölgədə qalan müğənni idi. Ancaq ümumiyyətlə deyə bilərəm ki, o, xalqın müğənnisidir. Bu gün insanlar onu sevir və dinləyir.

Baloğlan Əşrəfov elə müğənnilərdəndir ki, onun titula ehtiyacı yoxdur. Xalq onun adının qarşısına “xalqın müənnisi” titulunu yazıb. İnsanlar onu sevir. Bütöv bir nəsil onun mahnıları ilə böyüyüb”.