“Ata, Mariyanı tanımırsan?”

ata-mariyani-tanimirsan
Oxunma sayı: 658

Təbii ki, buna görə mən hələ yazıb-oxumağı bacarmayan qızımı tənbeh etmədim. Amma Azərbaycanın idman siyasətini həyata keçirən adamlardan bir suala cavab almadan rahatlıq tapa bilməyəcəm: 9 milyon əhalisi olan bu ölkədə çiyinlərini 159 kiloqram yükün altına verməyi bacaran bir igid tapılmadımı?

London Yay Olimpiadasında gümüş medalın sahibi olan Rövşən Bayramovun finala vəsiqə qazanması bizim ailədə sevinclə qarşılandı. Xədicə özündən 6 yaş böyük olan qardaşı ilə birlikdə “Rövşən!”, “Rövşən!” deyib o qədər qışqırdı ki, yaşadığımız binada Azərbaycan idmançısının uğurundan xəbər tutmayan bircə adam qa qalmadı. Uşaqların başlarının üzərinə qaldırdıqları Azərbaycan bayrağı ilə evdə dövrə vurmaları məni əməlli-başlı kövrəltdi. Final görüşündə məğlub olsa belə, biz Rövşənin gümüşünü qızıl medal kimi qəbul etdik. Azərbaycan pəhləvanının qələbəsindən bizim hamımıza pay düşdü...

London Yay Olimpiadasında çıxış edən avarçəkənlərimizin finala vəsiqə qazanması da bizi çox sevindirdi. Amma nəinki 6 yaşlı qızım, heç 6-cı sinifdə oxuyan oğlum da Sergey Bezuqlı və Maksim Prokopenkonun adını düzgün tələffüz edə bilmədi. Mən, London Yay Olimpiadasında çıxış edən Azərbaycan idmançıları arasında legionerlərin çoxluq təşkil etməsinə görə ilk dəfə həmin gün məyus oldum. İstəyirəm ki, mənim ölkəmin bayrağı altında çıxış edən idmançıların adı, soyadı, hətta xarici görünüşü də mənə oxşasın. Eynən Rövşən Bayramov kimi, Emin Əhmədov kimi...

London Yay Olimpiadasında çıxış edən Azərbaycan idmançılarının aktivinə ikinci gümüş medalı yazdıran Mariya Stadnikin finala vəsiqə qazanmasını isə mənə Şahin dedi. O, ötən gün olunan xəbərdarlıqdan nəticə çıxardığı üçün güləşçimizin adını dəqiq tələffüz etdi. Xədicə isə gümüş medalın sahibi olan qadın güləşçimizin kimliyi ilə bağlı suala sualla cavab verdi: “Ata, Mariyanı tanımırsan?” Mən, dərhal başa düşdüm ki, Şahin nə qədər çalışsa da, Londonda gümüş medalın sahibi olan Mariya Stadnikin soyadını bacısına əzbərlədə bilməyib.

İndi bildinizmi, London Yay Olimpiadasında medal qazanan idmançılarımızın qələbəsinə niyə ürəkdən sevinə bilmirəm? İstəyirəm ki, Azərbaycana qələbə sevinci yaşadan idmançılarımızın adı bu ölkənin körpə fidanlarının dilinin əzbəri olsun. Amma mən neyləyim ki, Prokopenkonun soyadı nəinki uşaqların, heç böyüklərin də dilinə yatmır...