Azərbaycanda Olimpiya kompleksləri sauna kimi işlədilir

azerbaycanda-olimpiya-kompleksleri-sauna-kimi-isledilir
Oxunma sayı: 2578

Azərbaycanın demək olar ki, bütün rayonlarında olimpiya kompleksləri tikilib. Olimpiya kompleksi olmayan rayonlarda isə idman sağlamlıq mərkəzlərinin tikintisi davam edir. Bəs görəsən vaxtı ilə prezidentin açılışını etdiyi olimpiya kompleksləri təyinatı üzrə işləyirmi?

Azərbaycanda Milli Olimpiya Komitəsinə tabe olan idman komplekslərinə onu tikdirən məmurlar cavabdehdirlər. Bu sırada nazirlərin, komitə sədrlərinin, icra başçılarının adlarını çəkmək olar. Məsələn, Quba OİK nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova aid “ZQAN Holdinq”inə məxsusdur. Lənkəran, Masallı, Salyan, Bərdə və Maştağadakı OİK-lər də istifadəsiz qalıb. Salyan Oik isə düşdüyü vəziyyətdən çıxış yolu tapıb. Bu kompleksə “Nurgun Motors” şirkəti sponsorluq edir. Salyanlılar isə buranı idman məkanından daha çox avto sərgilər keçirilən yer kimi tanıyır.

Bəzi komplekslərin kimin, hansı vəsaitlə və hansı məqsədlə tikdirdiyi isə ümumiyyətlə məlum deyil. Belə sirli komplekslərdən biri Şamaxıdadır. 2005-ci ildə istifadəyə verilmiş Şamaxı OİK-in nə inşaatçısı nə də sahibi bəllidir. Üstəlik, kompleksin özünü 2010-cu ildə “standartlara” cavab vermədiyi üçün söküblər. İndi o ərazidə “Olimpik” adlı hotel tikilir.

Şəki Oik “General Construction” MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaiti ilə inşa edib. “General Construction” 2001-ci ildə Panamanın “Oceanstream” şirkəti tərəfindən təsis olunub. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur.

Ümümiyyətlə, idman komplekslərindən 16-nı Gənclər və İdman Nazirliyi, 2-ni “Qaçqınkom”, 3-nü MOK, 12-ni isə müxtəlif şirkətlər öz vəsaitləri hesabına tikib. İmişli, Göyçay, Biləsuvar, Bərdə və Ağdaş olimpiya kompleksləri Milli Olimpiya Komitəsinin balansında olsa da, hökumət onların xərclərini rayon icra hakimiyyətlərinə ödətdirir. Belə olan halda bəzi icra başçıları idman komplekslərini dədə malı kimi necə gəldi istifadə edirlər. Kimi hotelə çevirir, kimi sauna, kimisi də qumarxana və ya çayxana açır.

Məsələn, İmişli rayonundaki OİK 2011-ci ildə istifadəyə verilib. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina ikimərtəbəlidir və 5 hissədən ibarətdir. Birinci mərtəbədə idmanın boks və güləş növləri üçün nəzərdə tutulmuş geniş zallar var. Aldığımız məlumata görə, rayon icra başçısı Vilyam Hacıyev ayrı-ayrı sahibkarlara OİK-in zallarını icarəyə verib. Hazırda isə kompleksin çox hissəsi çay evi kimi istifadə olunur.

Göyçay Olimpiya Kompleksinin zalları isə 2011-ci ildən icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan hər ay pul tələb olunur. Deyilənə görə, icra başçısı Mansur Məmmədov idman zallarını ayrı-ayrı sahibkaralara icarəyə verərək bu yolla pul qazanır. Böyük zalları bölərək sauna kimi işlədən icra başçısından rayon idmançıları dəfələrlə Prezident Administrasiyasına şikayət etsələr də, onların tələbi hələ də təmin olunmayıb.

Biləsuvar, Bərdə və Ağdaşa gəlincə isə sözügedən rayonlardakı OİK-lər qumarxana və kompyuter oyunları zalı kimi istifadə olunur. Rayon ictimaiyyəti bu qanunsuzluq barədə ötən ay birbaşa ölkə başçısına müraciət edib. Prezident Administrasiyasından cavab gəlib ki, məsələ ilə bağlı rayon icra başçılarına xəbərdarlıq edilib. Olimpya komplekslərindəki qumarxanalar isə hələ də fəaliyyətini dayandırmayıb./Yeni - Musavat /