Moldovanın Kişineu şəhərində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı - Fotolar

moldovanin-kisineu-seherinde-heyder-eliyev-heyatinin-100-ani-kitabinin-teqdimati
Oxunma sayı: 306

Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən Moldova Tarix Muzeyində Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus və Gürcüstan Yazıçılar Birliklərinin üzvü Emil Nəsirlinin rumın dilində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə yerli ictimai-siyasi xadimlər, diplomatik korpusun üzvləri, elm və mədəniyyət nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, beynəlxalq təşkilatların nümayəndələri, diaspor fəalları iştirak ediblər.

Azərbaycanın Moldovadakı Səfirliyinin təşkilati dəstəyi ilə təşkil olunan təqdimat mərasimini açıq elan edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev  bu kitabın məhz rumın dilində — Moldova cəmiyyəti üçün dövlət dilində nəşr olunmasının əhəmiyyətindən danışıb. Səfir qeyd edib ki, oxucular Heydər Əliyev haqqında bu kitabda yer alan məlumatlarla böyük maraqla tanış olacaqlar. Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil etməsindən danışıb.

Səfir Ülvi Baxşəliyev çıxışında müasir müstəqil Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından bəhs edib, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb.

O, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsindən danışıb.

Səfir Ülvi Baxşəliyev müəllif Emil Nəsirliyə “Heydər Əliyevin həyatının 100 anı” kitabını ərsəyə gətirdiyinə görə minnətdarlığını bildirib, bu kitabın dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Tədbirdə çıxış edən Moldovanın siyasi və dövlət xadimi, Moldovanın 2-ci Prezidenti Petru Luçinski bildirib ki, Heydər Əliyev xalqının tarixində dərin iz qoyub, məhz onun müdrikliyi və biliyi sayəsində Azərbaycan regionun liderinə, mühüm beynəlxalq layihələrdə iştirak edən etibarlı tərəfdaşa çevrilib.  Petru Luçinski qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır.O, həmçinin 90-cı illərdə Moldova Prezidenti kimi Bakıya səfərini, Heydər Əliyevlə səmimi görüşünü və aralarında yaranmış isti münasibətləri ətraflı şəkildə xatırladıb. Sonda Petru Luçinski yazıçı-publisist Emil Nəsirlini belə bir möhtəşəm kitabı ərsəyə gətirdiyinə görə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra çıxış edən “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli tədbirin Moldovanın paytaxtı Kişineu şəhərində keçirilməsinə xüsusi dəstək göstərən başda Səfir Ülvi Baxşəliyev olmaqla Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinə və kitabın rumın dilinə tərcümə olunmaqla işıq üzü görməsinə maddi dəstək göstərən “Azmol Company” şirkətinin prezidenti, hüquq elmləri doktoru, mesenat Vüqar Novruzova minnətdarlığını bildirib.

Yazıçı-publisist E.Nəsirli qeyd edib ki, Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin məqamlarından söz açan E.Nəsirli vurğulayıb ki, Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb edib. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində Heydər Əliyevin rolu danılmazdır. Emil Nəsirli məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıtması ilə ölkəmizin vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olduğunu, dövlətimizin sabit və firavan gələcəyinin təmin edildiyini diqqətə çatdırıb. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafını dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlayan Emil Nəsirli ölkəmizdə hərtərəfli tərəqqinin, ictimai-siyasi sabitliyin qorunması və iqtisadi inkişafın təməlində Heydər Əliyevin böyük əməyi, müstəsna xidmətləri və uzaqgörən strategiyasının dayandığını dilə gətirib. Bununla yanaşı, Emil Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətidir, Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaşlardan biridir. O, qüdrətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra azad olunmuş torpaqlarda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını bildirib. Daha sonra, Emil Nəsirli Azərbaycanın sülh gündəliyinə dəstək göstərən ölkələr sırasında dost Moldovanın da olduğunu, Azərbaycan ilə Moldova arasında əməkdaşlıq və tərəfdaşlıq  münasibətlərinin bütün sahələrdə ən yüksək səviyyədə uğurla inkişaf etdiyini, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsinin bunun bariz göstəricisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Emil Nəsirli həmçinin kitabın fəsillərində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilib. Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara, həmçinin Ulu Öndərin xarici ölkələrə səfərlərinə, ali səviyyədə görüşlərinə də geniş yer ayrılıb. Emil Nəsirli onu da qeyd edib ki, müəllifi olduğu “Heydər Əliyev. Həyatının 100 anı” kitabı ingilis, rus, rumın dillərində olmaqla yanaşı hazırda ivrit dilinə tərcümə edilir, kitabın təqdimat mərasimləri Azərbaycan daxil olmaqla Türkiyə, ABŞ, Kanada, İsveçrə, Özbəkistan, Qırğızıstan, Rusiya, Çexiya, Kanada, Belarus, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdə də keçirilmişdir.

Təqdimat mərasimində “Heydər Əliyev həyatının 100 anı” kitabının rumın dilinə tərcümə olunmasında və çap edilməsində maddi dəstək göstərən “Azmol Company” şirkətinin prezidenti, hüquq elmləri doktoru, mesenat və xeyriyyəçi Vüqar Novruzov çıxış edərək bildirib ki,  Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu Öndərin bir siyasi xadim kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Vüqar Novruzov onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək.

Təqdimat mərasimində 2013-2019-cu illərdə Moldovanın Mədəniyyət naziri olmuş Monika Babuk, 2008-2015-ci illərdə Moldovanın Ombudsmanı olmuş, ictimai xadim Aureliya Qriqoriu və digərləri çıxış ediblər.

Sonra ictimai-siyasi xadimlərin, yerli və beynəlxalq qurumların nümayəndələrinin, KİV əməkdaşlarının və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını iştirakçılara hədiyyə edib.

Təqdimat mərasimində ulu öndər Heydər Əliyevə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən izahlı məlumat verilib.

Tədbirin sonunda pianoçu Vitali Qavruk Qara Qarayev və Fikrət Əmirovun əsərlərini ifa edib