Bəzi plakatlar yığışdırıldı

bezi-plakatlar-yigisdirildi
Oxunma sayı: 672

“Media forum” saytının müxbiri xəbər verir ki, Səhlab Bağırov mitinqdə “İstefa” şüarının səsləndirilməməsini, “İstefa” və “Davam edir 37” şüarlarının yazıldığı plakatların yığışdırılmasını tələb edib. O bunu belə əsaslandırıb ki, həmin şüarlar mitinqin razılaşdırılmış şüarlarına uyğun deyil.

Rəis müavininin xəbərdarlığından sonra “İstefa” və “Davam edir 37” şüarları yazılmış plakatlar yığışdırılıb.

***

Bakıda, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin mitinqi davam edir. Aksiyada ilk çıxış edən Müsavat Gənclər Təşkilatının üzvü Səxavət Soltanlı olub. O, siyasi məhbuslar məsələsinə, Qarabağ probleminə, sərbəst toplaşmaq azadlığı məsələsinə toxunub və hakimiyyətin ünvanına tənqidlər səsləndirib.

“Media forum” saytının müxbiri xəbər verir ki, çıxışından sonra aksiya yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov Səxavət Soltanlını yanına dəvət edərək mitinqin razılaşdırılmış şüarlarından kənar şüar səsləndirilməməli olduğunu deyib.

“Media forum” saytı bildirir ki, Səxavət Soltanlı çıxışının sonunda Qarabağı ala bilməyən hakimiyyəti istefaya çağırıb və aksiyaçılar bu çağırışa “İstefa”, İstefa” şüarları ilə cavab veriblər.

Aksiyadan əvvəl “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndirməyin nəzərdə tutulduğu elan olunub.

Gənclərin mitinqi Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aksiyaçıların qaldırdığı plakatlarda belə şüarlar da yer alır: “Kameraları söndürün, sevişirik”; “Milyonerlər ölkəsi – dilənçilər vətəni”; “Milli Məclis dramadır, biletləri çox bahadır”; “Davam edir 37”.