Bu gün ekoloqlarımızın peşə bayramıdır

bu-gun-ekoloqlarimizin-pese-bayramidir
Oxunma sayı: 692

“Qafqazinfo”nun məlumatına görə, peşə bayramı münasibətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi nazir Hüseyn Bağırovun rəhbərliyi ilə bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilib.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan H. Bağırov Nazirliyin fəaliyyət göstərdiyi 11 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivini peşə bayramı münasibətilə təbrik edib. YAP rəsmisi, həmçinin 2012-ci ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində (Environmental Performance İndex) Azərbaycanın yüksək yerdə qərarlaşmasını da görülən işlərin nəticəsi kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2012-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamlarına müvafiq olaraq Nazirliyin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunublar. Həmçinin, Nazir H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin bir sıra əməkdaşını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Fəxri Fərman”ları ilə təltif edib.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.

Qeyd edək ki, ETSN ölkə prezidentinin fərmanı ilə 23 may 2001-ci ildə yaradılıb. Prezidentin 2007-ci ilin mayın 16-da verdiyi sərəncamla isə 23 may ekoloqların peşə bayramı günü kimi qeyd olunur.

Nigar Məmmədli