Cənubdakı təhlükə

cenubdaki-tehluke
Oxunma sayı: 771

İran rejimi illərdir içində bizə qarşı barındırdıqlarını, söyləyə bilmədiklərini orduya rəhbərlik edən generalın dilindən Arazdan şimala, rəsmi Bakıya ünvanladı. İranlı rəsmilərin davranışından hiss olunur ki, onlar İ.Əliyevi sevmir, onun ingiliscə danışmasına qıcıq olur, hər vasitə ilə onu sionist İsrailin dostu hesab edirlər. İran KİV-lərində də Azərbaycan-İsrail münasibətləri haqda yazılan yazılara rast gəlmək artıq adi hala çevrilib. Din qardaşları, məzhəb yoldaşları Azərbaycanın torpağını qəsb edən Ermənistana qaz satan İranın prezidentlərinin İrəvanda yerləşən məsciddə dəstəmaz alması fotokameraların yaddaşını dəfələrlə bəzəyib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın İranı haylar üçün nəfəslik adlandırması da elə yuxarıda vurğuladığım faktlardan irəli gəlir: “İran Ermənistan üçün nəfəslikdir, İran olmasa Ermənistan boğula bilər”. Qarabağ imüharibəsi zamanı blokadaya düşən Naxçıvana o dar günlərdə yardım edənlərin sırasında İranın da adına rast gəlmək mümkündür. Allahın umidinə buraxılaraq Araz çayına atılan Zəngilan camaatının da pənah yeri məhz İran olmuşdu. Bunları vurğulamamaq zənnimcə ayıb olardı.

Məlum məktub hadisəsindən sonra isə çaşqın Azərbaycan iqtidarı notanı notanın arxasına calayıb rəsmi Tehrana yola salır. Toydan sonra nağara effekti verən bu addımların nəticəsi 0-ın altındadır. Bizlərə yuxarıdan aşağı baxan bir rejim Azərbaycan dövlətçiliyinə hörmət nümayiş etdirməyi öz qüruruna sığışdırmır. İranın bunca etdiyi ədəbsizliklərin müqabilində susmaq təbii olaraq buna gətirib çıxarır, çünki vaxtlı-vaxtında qarşı tərəfə adekvat cavablar verilməyib. Öz rəsmi dövlət qəzetlərində müstəqil Azərbaycan Respublikasını “Şimali İran” adlandırmaqdan çəkinməyən bir zehniyyət qarşısında diplomatik qaydalar, siyasi mədəniyyət nümayiş etdirmək yalnızca ikrah hissi doğurur. Dünəndən bu günümüzə qədər İranın Azərbaycana qarşı qərəzini isbatlayan onlarla fakta rast gəlmək olar.
Eks-prezident Heydər Əliyev İrana etdiyi səfər zamanı mətbuat konfransında iranlı həmkarı Məhəmməd Hatəminin Xəzər dənizini “Mazandar gölü” adlandırmasını eşidən zaman qəzəblənərək onun sözünü yarımçıq kəsmək məcburiyyətində qalmışdı. Atdığı provokativ addımdan özünü itirən M.Hatəmi isə “əsəbləşməyin, əsəbləşməyin” söyləməklə situasiyanı yumşaltmağa çalışmış və etdiyi səhvi dərhal düzəltmişdi. M.Hatəminin hoqqabazlıqları bununla yekunlaşmır. Dahi şairimiz Nizami Gəncəvini fars şairi adlandırmaqdan çəkinməyən bu mollakrat İran zəlzələsi zamanı fəlakət bölgəsinə etdiyi səfər zamanı azərbaycanlıların yaşadığı ərazilərə baş çəkməkdən də boyun qaçırmışdı. Tehranda səfərdə olan prezidentin avtomobil kortejindəki bayrağımızı tərsinə asdıran İran Xəzərin statusu məsələsində də oyun qaydalarını kobud şəkildə pozur, hələ öz etdikləri az deyilmiş kimi üstəlik Türkmənistanı da bu oyunda özünə ortaq edir. Bir növ kərtənkələliklə məşğul olur. 2001-ci ildə təyyarələri ilə sərhədlərimizi pozan İranı Bakı səmasında bərq vuran “Türk şahinləri” xəyal qırıqlığına uğratmış və “Kipr fatehi”, baş nazir Bülənt Əcəvit səviyyəsində cavabı verilmişdi.
2006-cı ildə Almaniyada keçirilən futbol üzrə dünya çempionatı zamanı İran yığmasını daşıyan avtobusun üzərinə “fars ulduzları” yazısına etiraz edən yığmadakı etnik azərbaycanlı Əli Daye “fars ulduzları”-nın “iran ulduzları” ilə əvəzlənməsini tələb etdiyinə görə birbaşa idman nazirinin tapşırığı ilə heyətdən kənarlaşdırılmışdı.
Bu hadisədən bir ay əvvəl isə İran jurnalı tərtib etdiyi karikaturada azərbaycanlıları tarakana bənzətmişdi. Milyonlar küçələrə axışıb “qızıldan olsa qəfəsim, azadlığa var həvəsim” hayqırmış, Təbriz və digər şəhərlər qan gölünə çevrilmişdi. Ancaq Azərbaycan iqtidarının çırtı da çıxmamış, ağzına su alıb susmaqla məşğul olmuşdu. Bir baxın, indi konkret olaraq İ.Əliyev hədəf seçilərək hədələnir. İran həzm edə bilmir müstəqilliyimizi, daha doğrusu qəbullanmaqda çətinlik çəkir. İşi-gücü tarixin arxivində eşələnmək olan molla rejimi eyforiyadan ayıla bilmir ki bilmir. İranın portretini çəkmək üçün tarixin səhifələrini vərəqləmək maraqlı olardı. Birinci dünya müharibəsinin nəticələrini müzakirə edən dövlətlər Fransaya təşrif buyurub müzakirələr aparırdılar. Paris sülh konfransı zamanı İran nümayəndələri absurd şəkildə İran imperiyasının ucu-bucağı görsənməyən sərhədlərinin bərpasından danışırlar, yəni bir növ sayıqlayırlar. Adekvat cavab isə gecikmir, İtaliya nümayəndəsi söz alaraq Qədim Roma imperiyasının sınırlarını farsların yadına salaraq “indi nə edək biz Roma imperiyasınının bərpasını tələb edək?” söyləyir. Məhəmməd Əmin Rəsulzadənin islamın mahir təbliğçiləri adlandırdığı farsların işi islam pərdəsi altında gizlənib ətrafdakıların gözünə kül üfürməkdir.

Azərbaycanda hakimiyyətdə olan YAP iqtidarı özünə qarşı İrandan bu səviyyədə münasibəti ağlına belə gətirə bilməzdi. Ancaq göründüyü kimi bu siyasət dünyasıdır. Hər an baş verə biləcək ən xırda problemlərə hazır olmaq vacibdir. Düşmənim Ermənistandır söyləyib hamını dost görmənin bədəli bax bu cür acı olur. Görsənən isə odur ki, İranla münasibətlərin gələcək taleyi ilə bağlı ssenarilər yenidən yazılıb, işlənəcəkdir. Göründüyü kimi konkret fərdin özünü mühafizəsi elə onun özünün hədələnməsinə gətirib çıxardı. İranla münasibətlərdə mümkün qədər ehtiyatlı olmaq və həddini aşacağı təqdirdə elə ona öz dilində cavab vermək lazımdır. Qarabağ probleminin həllini istəməyən İranın Güney Azərbaycanda yaşayan 35 milyonluq xalqın şimalla birləşmə ehtimalının təzyiqi altında hirsini boğa bilməməsi təbii qarşılanmalıdır...