Əbülfəz bəylə bağlı bir neçə məqamı açıqlayacam

ebulfez-beyle-bagli-bir-nece-meqami-aciqlayacam
Oxunma sayı: 701

Siyasətdə mənəviyyatsızlıq (özünün, klanınının, rejimi qoruyan, məmurların maraqlarına xidmət etmək məqsədilə korrupsiya və rüşvəti totallaşdırmaq. Xalqın rifahı üçün heç bir ideyanın olmaması.) və siyasi əxlaqsızlıq ( xalqa həmişə yalan danışmaq, vədlər vermək. Demokratiya imici yaratmaq üçün seçkilər şousu təşkil etmək və nəticələri saxtalaşdırmaq. Məmurların rüşvətlə vəzifəyə qoyulması ənənəsini “deputatlara”, “məhkəmələrə” da tətbiq etmək. Təhsil sistemində rüşvətin baxçalardan tutmuş doktorluq dissertasiyası alanlara qədər yayılmasına şərait yaratmaq.) nə qədər uzun davam edirsə, rejimin başında dayananın şəxsi və klanının taleyi daha amansızlıqla daha faciəvi və daha şərəfsiz öz finalına çatır.

Ətrafında olan yüksək vəzifəli çinovniklərin də heç biri xalqın qəzəbindən xilas ola bilmir. 20-ci əsrdə elə bir totalitar rejim başçısının taleyinin başqa cür qurtardığını göstərən fakta rast gəlmək mümkün deyil. Ancaq iki yarı diktator İspaniyada General Franko və Çilidə General Pinoçetin aqibəti belə qurtarmayıb. Ancaq yuxarıda qeyd olunan siyasi mənəviyyatsızlıq və siyasi əxlaqsızlıq parametirlərinin heç birini onlara və yaratdıqları rejimə şamil etmək mümkün deyil. Buna baxmayaraq, Frankonun heykəlini yıxdılar indi də sümüklərini qəbirdən çıxardıb başqa yerdə dəfn etmək qərara alınıb.

90 yaşlı Pinoçeti 70-ci illərdə törətdiyi cinayətlərə görə hələ də mühakimə edirlər. Bu yaxınlarda 1973-cü ildə repressiya edilmiş 98 nəfərində siyahısını aşkarlayıblar və artıq qocalıqdan ağlını itirmiş diktatoru yenidən məhkəməyə sürükləyirlər.
Diktatorların bəziləri kifayət qədər təbii ağıla malik olsa da (Hitler, Stalin, elə Qəddafinin özü) hamısı paranoyikdir və bu keyfiyyət onlara hadisələri obyektiv qiymətləndirməyə imkan vermir. Düşünürlər ki, başqaları ilə baş verən hadisələr ona aid deyildir, çünki xalq onu sevir. Qəddafi ölənə qədər hesab edirdi ki, xalq onu sevir, sadəcə olaraq bu işləri təşkil edən qərbdir.

O, 1969-cu ildə hakimiyyəti ələ keçirəndə Liviyanın bir neçə kiçik portundan başqa demək olar ki, bir dənə də şəhəri yox idi. Qəddafinin 42 illik diktatorluğu dövründə faktiki olaraq milyonluq Benqazi, Tripoli və başqa şəhərlər boş səhrada sıfırdan yaradıldı. Məsələ ondadır ki, bu şəhərlər o olmasa idi də yaranacaqdı. Neft pullarından gələn gəlirin hesabına istənilən səfeh adam belə hakimiyyətdə olsa, bu proseslər gedəcəkdi. Necə ki, bu illər ərzində səhralarda Səudiyyə, BƏƏ, Küveyt, Qatar və başqaları yarandı. Paranoyiklik imkan versəydi Qəddafi başa düşərdi ki, xalqa xidmət etmək hər bir vətəndaşa fərdi azadlığın verilməsindədir. Ölkənin lideri orta səviyyəli ağıla və dünyada baş verən hadisələrin analizinə söykənsə, başa düşər ki, vətəndaş nə qədər azad və hökumətdən asılı deyilsə, bir o qədərdə səmimidir, həm tənqidində həm də tərifində. Bir o qədərdə aqressiv deyil.

Nə qədər səy göstərilsə də istənilən xalqı həmişəlik qoyun vəziyyətində saxlamaq mümkün deyil. Xalqı otaran çobanın köpəklərinin qaniçənliyi və çoxluğu qoy nə çobanı, nə də köpəkləri aldatmasın.

İndi hakimiyyətdə oturanların 60 faizi 1990-cı il yanvar hadisələrini xatırlamalıdırlar. Əgər yığdıqları pullar tamamilə beyinlərini xarab etməyibsə. Qızmış kütlə nə nüfuzunu itirmiş hökumətə, nə də hərəsinin ağzından bir avaz gələn müxalifətə qulaq asmırdı. Qarşısına çıxanı süpürüb atırdı. Onda Sovet qoşunları Bakıya girib əmin-amanlıq yaratmaq əvəzinə 150-yə yaxın heç bir günahı olmayan insanı vəhşiliklə qırdı. Bir daha şairin sözlərindən istifadə etmək istəyirəm; “Xatırlayın, xatırlayın, dönə-dönə xatırlayın, yenə, yenə xatırlayın”. İndi nə 1990-cı ildir, nə də azğın Sovet imperiyasının adam öldürən rezervistləri olacaq. Qəddafi kimi pulla xarici killerlərin tutulması da kömək etməz.

Xalqın qəzəbindən qorxmayıb onun başına oyun açanların hamısının axırı Qəddafi və ya ondan da faciəli qurtaracaq. Bu mövzu ilə əlaqədar mənə çoxlu suallar gəlib. Yaxın vaxtlarda Qəddafi rejimi və Liviya ilə başqa ölkələri o cümlədən Azərbaycanı da müqayisə etməklə geniş analiz yazacağam. 1990-cı il 20 yanvar hadisəsindən sonra baş verənlər xüsusilə Əbülfəz bəylə əlaqədar bir neçə məqamları da açıqlayacağam.