Bəstəkarlar Şəkidə toplaşdı

bestekarlar-sekide-toplasdi
Oxunma sayı: 701

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış tədbir rəsmi və bədii hissələrdən ibarət olub. Şəki Musiqi Kollecinin böyük zalında baş tutan tədbiri Şəki Şəhər İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova açaraq, Bəstəkarlar İttifaqı ilə Şəki İcra hakimiyyətinin son bir neçə ili əhatə edən səmərəli əməkdaşlığından, ötən il Şəkidə keçirilmiş I “İpək yolu” Beynəlxalq festivalından söhbət açıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov auditoriyaya təmsil etdiyi təşkilatın son 20 ildə əldə etdiyi nailiyyətlər, xüsusilə son dövrdə keçirilən tədbirlər, festivallar, müxtəlif musiqi sahələrinə aid plenumlar haqda məlumat verib. Əməkdar incəsənət xadimi, professor, bəstəkar Elnarə Dadaşova Azərbaycan bəstəkarlarının ötən 20 il ərzində musiqini müxtəlif janrlarında – opera, balet, simfoniya və digərlərində yazılmış çoxsaylı əsərlər üzərində dayanaraq göstərib ki, onlar milli musiqimizin inkişafına dəyərli töhfələrdir.

Tədbirin ikinci hissəsi Şəki Musiqi Kollecinin tələbələrinin çıxışından ibarət olub. Konsertdə Musiqi Kollecinin xalq çalğı alətləri orkestri və xorunun ifasında Ü. Hacıbəylinin I saylı Fantaziyası və “Cəngi” əsəri, A. Əlizadənin “Ana torpaq” odası, V. Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından bir hissə, Ü. Hacıbəylinin “Qaragöz” və S. Rüstəmovun “İntizar”, İsmayıl Əliyevin “Bir əlində qanun, birində Quran” və “İrəli, İlham, irəli” mahnıları səslənib.

Nigar Məmmədli