Geri qayıtmayan günlər

geri-qayitmayan-gunler
Oxunma sayı: 681

Fikrimcə, belə günlər insanların bir-birinə olan sevgisinə bir arxayınçılıq borcluluq hissi yaradır. Amma nə etməli ki, səkkiz mart günü hamımızdan təbrik gözləyən xanımlarımız var. Mənim də təbrik etmək istədiyim xanımlar çoxdur. Həm də lap çox. Anam, bacım, qohumlarım, şəxsən tanımasam da cəmiyyətdə gördükləri işlərə və qazandıqları nailiyyətlərə görə jurnalistlər, aktrisalar, müğənnilər vardı. Yox elə bilməyin ki, bu yazımı onlara həsr edəcəm. Qətiyyən!

Cəmiyyətimizdə yetərincə istedadlı, ağıllı və ən əsası özünü tanıdığı kimi qiymətləndirməyi bacaran qadınlar var. Bu öz yerində. Amma bir də bu sadaladıqlarımın əksi ilə yaşayan qadınlarımız da az deyil.

Bəlkə, bu yazıdan sonra mənə nifrət və hədyan sözlər yağdıranlar da tapılacaq.
Çünki, mən cəmiyyətimizdə adi baxım, gigiyenik qaydalarına riayət etməyi bacarmayan və öyrənmək istəməyən yüzlərlə qadınlarımıza qarşı çox qəzəbliyəm. Bu barədə evdarlar ön sıralarda dayanırlar. Çünki, iş həyatında çalışan xanımlarımızla yanaşı, məişətdə, mətbəxdə, çətinlik çəkən qadınlarımız da olduqca çoxdurlar. Amma bu heç nəyi dəyişdirmir. Nəhayətində hər bir xanım bilir ki, onun mətbəxdə gördüyü işi, heç bir kişi ondan yaxşı bacarmaz!

Elə isə əziz xanımlar, sizcə Amerikada, Rusiyada, nə bilim elə baxdığınız o serialların çəkildiyi ölkələrdə ev işləri görən qadınlar yoxdur!? Əlbəttə var. Amma onlar bununla yanaşı həm də özlərinə, xarici görünüşlərinə nəzarət etməyi bacarırlar.

Yetmiş beş yaşlı bir rus qadın tanıyırdım. Qışın soyuğunda belə hər səhər duş qəbul etməmiş evdən bayıra çıxmazdı. Həmin qadının saçları tökülmüşdü. Müxtəlif rənglərdə və formalarda süni saçlardan istifadə edirdi. Ortabab qiymətə olan makiyaj dəstləriylə bircə gün özündən ənlik-kirşanı, bəzək-düzəyi əskik etməzdi. Həmişə mənə deyirdi ki, bizlər istirahət günlərini göydən düşmüş hesab edib, kinoya, gəzməyə, parka gedib dincəlirik. Sizsə, həftənin beş gününü işləyirisiniz istirahət günündə də özünüzə zülm edib xalça-palaz çırpırsınız.

Rus zənənlərinin əlindən yanıb yaxılan xanımlar, bu bizlərdə qarı adlandırdığımız qadının özünə verdiyi dəyərdi.

Elə bilməyin ki, bu sətirləri sizləri kiçiltmək üçün yazıram. Əsla! Sadəcə olaraq, xırda bir zəhmətə qatlaşmaqla bizim otuz yaşlı xanımlarımıza nəzər yetirib, müqayisəni özünüzün etməyini istəyirəm.

Gənc evdar xanımlarımız həftələrlə evdən çölə çıxmırlar. Gözəllik salonlarına son zərurət yarandığı halda gedirlər (o da ki, can dərdi) Bütün günü mətbəxdə dolma bişirib, kartof qızardıb qab yuyur, boş vaxt tapan kimi qaçıb düşük serialların qarşısında əyləşirlər. Qadın bir qazan dolma bişirirsə, bu o demək deyil ki, bütün günü dolma qoxusu verməlidi. Bir çox cavan qadın tanıyıram ki, mağazaya, parka ev paltarıyla, xalatla gedirlər. Basaratları o qədər bağlanıb ki, ayda-ildə bir dəfə toya getməyə ərinirlər. Lütfən, heç kəs pul, vaxt kimi bəhanələri ortalığa atmasın. Hər bir qadının özünə görə dar günlüyü və dar macalı var. İstəsələr o dargünlüklərindən özləri üçün səxavətlə istifadə edərlər. Etmirlər. Əvəzində o dargünlüyü qəpik-qəpik çoxaldıb qır-qızıl alıb atırlar sandığın bir küncünə. Sonra da ay ötür, il dolanır qadın elə xörək qoxusu verə-verə qocalır və özünün gözü dolusu istifadə edə bilmədiyi həmin qır-qızılı xonçaya qoyub aparıb asır oğlunun, ya da özünün gözaltı elədiyi gəlininin yaxasından. Toy edib gəlini evinə gətirdikdən sonra başlayır o tifilin gününü qara etməyə ki, bəs mən yeməmişəm, içməmişəm yığıb sənə saxlamışam. Sən də zəhmət çək, qaytar mənə o günlərimin əvəzini!!!

Nəticə isə eynidir. Həmin gəlini də qaynananın keçdiyi həyat yolu izləyir...
Daha çox qadın nifrəti qazanmadan yazımı bir çoxlarına ibrət olacaq həyat dramının cizgiləriylə bitirirəm.

Özünün və ətrafındakıların zəhmətini qiymətləndirməyi bacarmayan bir qonşum vardı. Həyat yoldaşı ilə bir universiteti bitirmişdilər. Sonra da bir-birlərini sevib ailə qurmuşdular. Hər ikisi həkim idi. Xanımın əri çox həyatsevər bir insanıydı. Tez-tez işdən sonra ailəsini gəzməyə, konsertlərə aparırdı. Bütün bayramlarda xanımına bahalı gül dəstələrləri, ətriyyat alıb gətirirdi. Ad günlərini həmişə bir ayrı təmtəraqla keçirirdi. Amma kişinin bütün bu elədikləri qadının gözündə bir qara qəpiyə də dəymirdi. Səbəb isə kişinin “israfçılığı” idi. Bir dəfə qadın ad günündə ərinin ona bağışladığı gül dəstəsini mənə göstərib dedi:

- Bu gülə verdiyi pula, üç kilo ət almaq olardı.

Vaxt ötdü. Həyat öz sərt sınaqlarını bu ailənin üzərində də yoxladı. Kişi qadının deyingənliyindən, vas-vasılığından, qədirbilməzliyindən bezdi. O qədər bezdi ki, axırda dərd-bəla tapıb yatağa düşdü. Və soyuq qış günlərinin birində səssiz-səmirsiz bu dünyadan köçdü. Qadın ağladı, sızladı, qaralara büründü. Lakin bir vaxtlar ərinin ona bağışladığı dəstə-dəstə çiçəklərin ətri qoxuyan o günlərin bircə anını belə geri qaytara bilmədi.

Mart 2011