Görün, camaata nə yedizdirirlər? - Fotolar

gorun-camaata-ne-yedizdirirler-fotolar
Oxunma sayı: 643

Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektlərindən götürülmüş nümunələrin və istehlakçılarda «kənd toyuğu» təəssüratı yaratmaq məqsədilə toyuq ətinin üzərinə vurulan süni boyaq maddəsinin sınaqlarının nəticələri açıqlanıb.

Təcrübə-Sınaq Mərkəzinin (AzTest) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasında aparılmış sınaqların nəticələrinə əsasən, toyuq ətində mikrobioloji göstəricilərdən «mezafil aerob» və «fakultativ anaerob» mikroorqanizmləri aşkar edilib. Bundan başqa, toyuq ətinin üzərinə vurulan süni boyaq maddəsinin cücə-broyler istehsalında istifadəsinə icazə verilməyən, insan orqanizmi üçün təhlükəli hesab edilən «tartarazin» boyaq maddəsi olduğu müəyyən edilib.

Xatırladaq ki, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən, avqustun 6-da Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi,16 və Məktəbli küçəsi üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılıb və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib. Bununla da istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub. Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, AzTEST laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı rayon İcra Hakimiyyətinə və Suraxanı rayon Prokurorluğuna müraciət edilib.