“Mənim cazibəm var” – Müsahibə

menim-cazibem-var-musahibe
Oxunma sayı: 2283

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın “Qafqazinfo”ya müsahibəsi

- İradə xanım, romanınızı oxudum və bu haqda sizinlə söhbət etmək istədim. Gəlin elə “Yol”dan başlayaq.

- Yol elə bir anlamdır ki, biz onu hamımız gedirik. Gedə bilirikmi? Və yaxud da yolun müəyyən hissəsini getdikdən sonra bizə elə gəlir ki, yol bitib. Yol bitmir, ola bilsin ki, biz bitirik. Amma bizdən sonra gələnlər onu davam edir. Və biz getdiyimiz yolu nə qədər hamarlayırıqsa, nə qədər açırıqsa bizim şəxsiyyətimizi o müəyyənləşdirir, gücümüzü göstərən odur. Ola bilər ki, kimsə bir cığır açır və cığırla hanısa yolu gedə bilib, elə insan da var ki, dağ yolu açır, qalxır dağa. Yolun necə gedilməsi insanın şəxsiyyətini bəlirləyən amillərdən biridir. Yol ağır anlamdır və hər adamın da yolu olmur.

- “Yol” romanını yazmaqda bir məqsədiniz var idi?

- Məqsəd var idi. O yolu gedəndə mən fikirləşirdim ki, bir yazı yazacam. Amma adı nə olacaq onu bilmirdim. Sonra düşündüm ki, bu alt- üst tərəfləri ilə romandır. Çünki roman sözünün anlamı çoxdur. Burada sevgi anlayışı da var. Böyük sevgilərə də “ROMAN” deyirlər. Görəsən niyə belədir?! Roman həm də janrdır. Yol da elədir, yolun da anlamları çoxdur. Bu iki anlamı birləşdirib ürəyindən keçənləri gizli və aşkar nə isə göstərmək istəyirsən. Mən özüm bilirəm orada gizli nə idi, aşkar nə idi. Oxuculardan bəlkə kimsə tutacaq gizli və aşikar olanı, onu mən deyə bilmərəm. Burda çox əziyət çəkdim. İndiyə qədər yazdıqlarımın ən ağırı, ən çətini oldu. Amma yaxşıki yazdım.

- Yaxşıki yazdınız. Bu doğurdan da adı bir roman deyil. Bu romanda coğrafiya var, tarix var, duyğular, romantika var və əsası İradə Tuncay var. Çılpaqlığıyla İradə Tuncayın hissələri, səmimiyyəti var. Siz etiraf etmisiniz ki, səfər etdiniyiz ölkələrin otellərindəki şampunları və ya kremləri götürürsünüz. Belə bir kolleksiyanız var. Bunu hər kəs etiraf etməz.

- Mən bunu həmişə edirəm (gülür). Oteldən yadigar olaraq götürürəm. Bəzi insanlar dəsmal oğurlayır. Mənim xoşuma gəlir şampunları götürürəm. Axırıncı getdiyimdə yox idi, mən özüm aldım. Amma bunu “Yol” romanında yox, o kitaba daxil etdiyim yazılardan birində Yaxın sahillərdə yazımda vermişəm. Anlayanlar üçün orda elə etiraflar var ki…. Şampun boş şeydi.

- Və şampunu onlara hədiyyə etdiniz. Tarixi faktları qeyd edəndə belə orada sizin duyğularınız var…

- Tarix bütün elmlərin şahıdır. Biz tarixə düzgün istiqamət verə bilsəydik bu gün çox şey əldə edə bilərdik. Tariximizi qiymətləndirə bilmirik. Bunu bacarsaydıq hər şey dəyişərdi.

- Tarixi olmayanlar tarix yaradır.

- Bəli. Biz bu dünyanı dəyişmişik, üç qitədə bizim imperiyamız olub və biz yaratdığımız tarix haqqında bir heykəl düzəldə bilmirik, bir film çəkib ortalığa qoya bilmirik. Amma kiçik xalq, bəlkə də bizim bir qəsəbəmizə sığacaq xalq bunu elə şəkildə göstərir ki, hiss etməyə bilmirsən.

- Sizcə bu nə ilə bağlıdır?

- Yəqin yekəxanalığımızla bağlıdır. Biz o qədər arxayınıq ki, özümüzdən. Bu arxayınlığımız topa dünüb özümüzə dəydi. Hər zaman üzdə olmaq mümkün deyil. Gün gəlir əzilirsən və onda tarix boyu buraxdığın səhvləri anlayırsan. Bu gün deyirik ki, Qarabağda belə oldu, Borçalıda belə oldu. Onlar bu günün işi deyil, əsrlərin işidir. O vaxt səhvlər etdik və bu gün nəticələrini izləyirik.

- Sizin mediamızda bir obrazınız var. Mənə mediada qadın deyəndə ilk ağlıma gələn isimlərdən biri İradə Tuncaydır. Çoxları İradə Tuncay olmaq istəyir.

- Çox ağırdı ha İradə Tuncay olmaq. İlk baxışda insanlara elə gəlir ki, İradə Tuncayın yolları açıqdır, həmişə yaşıl işıq yanır. Bu gözəl danışıqlar, parıltılı görüntü… Bu gözəl danışıqların arxasında illər var, gözümün işığını sərf etdiyim, gecələr yatmayıb oxuduğum kitablar var. İnsanın görüntüsündə olan cazibə içdən gəlmə bir şeydir. Sir-sifəti o qədər gözəl insanlar var ki, iki kəlmə danışandan sonra deyirsən ki, ilahi rədd olub getsəydi. Mən insanın yaşamalı olduğu bütün mərhələlərdən keçmişəm. Elə olub ki, yoldaşımla avtobus pulunu bölmüşəm. Pulumuz olmayıb. Olub ki, özüm meyvə yeməmişəm uşaqlarıma vermişəm. Bunu indi kiməsə deyəndə inanmır. Amma bu olub. Bunu qabartmaqda lazım deyil, çünki inanmırlar. Mənim atam çox halal adam idi və mən halal çörəklə böyümüşəm. Bizim evimizdə heç vaxt haram olmayıb, şairin zəhmətinin, qəlbini çörəyini yemişəm. Mən arzu, ümid işığında böyümüşəm. Bunlar hamısı insanı həyatına bir möhür vurur. Hiss edirəm ki, cavanlar məni sevir, özlərindən ayırmırlar. Çünki mənim düşüncəm hər bir yeniliyə açıqdır. Bəzən olur ki, oğlumla yeni musiqiləri, qrupları müzakirə edirik. Soruşur ki, sən haradan bilirsən. Deyirəm sən haradan bilirsən məndə oradan bilirəm. Mən haradasa ilişib qalmamışam, hər zaman irəliləyirəm.

- İradə xanım sizin istər televiziya olsun, istərsədə mətbuatda yetərincə təcrübəniz var. Bildiklərinizi öyrətmək təklif olunubmu sizə?

- Hələki təklif olunmayıb.

- Olsa hazırsınız?

- Bilmirəm. Bəlkə heç auditoriyaya girə bilmədim. Amma mən danışanda görürəm ki, məni dinləyirlər. Müəllim çox geniş, böyük bir anlamdır. Məsələn biz deyirik ki, fılan şairin məktəbi. Bu nə deməkdir? O, dərs deməyib ki, heç kimə, deməyib mənim kimi yaz. Amma ondan təsirlənən adamlar həmin üslubu, cərəyanı davam etdirlər.

- Mənə maraqlıdır ki, siz Aqil bəyə necə müraciət edirsiniz?

- Aqil.

- Bəs “sayın millət vəkli” bir ironiyadır?

- Orada ironik çalarlar da var, onun şöhrətə meyilli olmasının ifadəsi də var. Aqil şöhrət sevəndir. Düzdü hamı şöhrət sevəndir. Amma Aqil bunu qabarıq göstərir.

- Siz olduğunuz məkanlarda seçilməyi, diqqət mərkəzidə olmağı bacarırsınız.

- O məndən aslı olan bir şey deyil. Uşaqlığımdan belə olub, mən hara getsəm diqqət mərkəzində olmuşam. Deyim ki, biz varlı, dövlətli ailə idik, yox. Yəqin görkəmimdə diqqət çəkən bir şey var idi.

- Məsələn gözləriniz.

- Ola bilər (gülür). Amma bu təkcə xarici görünüşlə də bağlı bir şey deyil. Səbəblər dərindədi. Mənim cazibəm var. Harada oluramsa mərkəz oluram.

- Yəqin bu Aqil Abbasın xoşuna gəlməz.

- Aqil də elədir də. Diqqət çəkməyi bacarır. İstəyir ki, hər kəs ona baxsın, mərkəzdə olsun.

- Onda aranızda mübarizə gedir?

- Mən sənə bir söz deyim, bu mübarizə deyil. Bu əyalətdən gəlmiş cavan bir oğlanın çox məşhur bir ailənin içinə düşməsi və bu ailənin içində özünü təsdiq etmək istəyi idi. Mən sonradan bunları anladım. Sanki Aqildə şüuraltı mübarizə başlamışdı. Özünü təsdiqi nə şəkildə etmək olar? Əslində o çox şanslı olub, başqa oğlanların bacarmadığın bacarıb. Məmməd Arazın qızıyla evlənib və bu qız onun üçün ensiklopediya, tərcüməçi, katibə, vitrin ola bilib. Görünür bunlar ona İradənin əslində kim olduğunu unutdurub. Artıq mən bunları normal qarşılayıram, cəmiyyətdən gəlmə qüsurlar da vardı. Çünki o şöhrəti çox sevirdi və bunun naminə bəzi şeylərə qatlandı. Hətta mənim məqbul saymadığım şeylərə qatlandı.

- Bu da onun yoludur.

- Bəli. Bu da onun yoludur. Və gördüyünüz kimi uğurlu yoldu.

- İradə xanım, sizi necə insan olduğunuzu bilmək, tanımaq üçün yazılarınız oxumaq kifayyətdir.

- Bilirsən mən insanlara soyuq, sərt təsir bağışlayan adamam. Amma elə ki, oturdum yazmağa onda özümlə üzbəüz qalıram və çalışıram ki, cəmiyyətin qəbul edəcəyi qədər özümü açım. Düzdür mən çox vaxt cəmiyyəti də nəzərə almıram. Yaxınlarda bir müsahibə verdim, “Sevgi etirafı” adlanırdı. O müsahibəyə çox ciddi reaksiya verildi. Demişdim ki, hər insanın sevgiyə ehtiyacı var və mən hələ də Çe Gevaranı sevirəm. Cəmiyyətin saxta əxlaqı baş qaldırmışdı. Məndən də bir-iki gün öncə bir aparıcının müsahibəsini oxumuşdum. Bizim qəzetdə bir divan var, köhnə, mən ona “ədalətin divanı” deyirəm. O divandan çox adamlar çox yerə yüksəliblər. İndi o yüksəlişdə olanlar elə müsahibələr verirlər ki, deyirsən bəs bu övliyadı, müqəddəsdi. Həmin aparıcı da bizim divanin məhsulu idi. Yəni düzgün anlaşılsın ha, onlar həmin divanda mətbuat, jurnalistika haqqinda dərslərə qulaq asıblar. İndi mən bunu dedim, nə qədər adamın xatirələri canlandı. Hə onu da deyim ki, divanı otağımdan çıxarmışam . Rədd eləmişəm. Mətbuat tarixi muzeyi yaradılsa bağışlayacam ora. Ciddi sözümdü. Cəmiyyətin saxta əxlaq normaları var hamı istəyir ki, onunla yaşasın. Mən isə bunu qəbul edə bilmirəm.

- Bizim cəmiyyət bir az azad qadını, özü olan qadını əxlaqsız sayılır.

- Bu da paxıllıqdan irəli gəlir. Əl çatmayanda hər söz deyecəklər. Hamı ilə xoş münasibətdəsənsə sevəcəklər də səni. Hamının divanı ilə yəni.

- “Şimşək qadın”….

- Hə, bu ŞİMŞƏK qadın maraqlı obrazdı. Xarakterimi ifadə edən obrazdı. Mən epiloqu yazanda qarşıma çıxdı. Adətən əsərlərdə epiloq yüngül olur. Məndə isə epiloq daha ağır alındı. Romanda da yazmışam mən təsadüfə inanmıram, nə olursa deməli olmalı idi. Və epiloq üçün şimşəyi tapmağım məni heyrətləndirdi. Deməli bunlar olmali idi, mən bunları yazmalı idim. Ümumiyyətlə “Yol” romanında insanlar üçün çox maraqlı məqamlar var.

- Romanda Azərbaycanda mövcud olan problemlərə də rast gəldim. Yəni bu kiminsə yol səfərindən qeydlər deyil.

- Əlbəttə, bu yalnız yol səfərindən qeydlər deyil. Belə yanaşma insafssızlıq olardı. Bu roman mənim həyatımın hansısa mərhələsinin sonudur, tamamlanmasıdır.

- Yəni yol davam edir?

- Yol bitməz, yol davam edir.

- Gənc yazarlarımızı oxuyursuz. Kimlər daha çox diqqətinizi çəkir?

- Ad çəkərəm kimlərsə inciyər. Hamını oxuyuram. Qızların şeirləri çox xoşuma gəlir, onlarda cəsarət görürəm. Bizim dövrümüzdə hisslər gizlədilirdi. Mən indi hisslərimi yazıram oğlum atasına deyir ki, axı niyə hisslərini yazır. Bəs nə vaxt yazım?! Mən insanam axı robot deyiləm. Amma indi görürəm ki, qızlar qorxmadan, çəkinmədən yazırlar və bu məni sevindirir. Ola bilsin ki, hansısa axsamalar var, şeirin ölçüsündə səhvlər edirlər, bəzən çox ağ edirlər. Amma qızlar oğlanlardan daha güclüdürlər və yaxşı yazırlar.

- Dediniz ki, oğlunuz hisslərinizdən yazmağınızı sizə irad tutur. Ona nə cavab verirsiniz?

- Cavab vermirəm.

- Sizi qadın olaraq, yazıçı olaraq tanıdım. Bəs İradə xanım necə anadır?

- Diqqətli, narahat, həyəcanlı anayam. İndi onlar böyükdürlər. Birini 29, birinin 28 yaşı var, iki də nəvəm var. Onların mənə ehtiyacı olan vaxt mən öz üstümdən xətt çəkdim, həyatımı ancaq onlara həsr etdim. Hər qadın bunu etmir. İçində iddia olan, hikkə olan qadın bunu etmir. Əslində mən ədəbiyyata hikkə ilə gəlmişəm. Bax bunu ilk dəfə sənə etiraf edirəm. Məni o qədər yordular, bezdirdilər ki, hikkə məni ədəbiyyata gətirdi.

- Kimlər yordu?

- Mən bu haqda danışanda düzgün anlamırlar. Deyək ki, həyatım.

- Ya da həyatınızdakılar.

- Həyatımdakılar. Aradan uzun fasilə keçəndən sonra mən yenidən iş həyatına qayıdanda, “Space” televizyasına gələndə intihar ərəfəsində idim. O zaman əgər məni düzgün anlamasaydılar, Etibar Babayev, Nərgiz Cəlilova, Suğra Rəhimova olmasaydı və yenə sınıb qayıtsaydım ola bilsin ki, intihar edəcəkdim. Ona görə deyirəm Allah həmişə mənim yanımdadır. Mətbuata İradə Tuncay imzasını Etibar Babayev qazandırıb. Mən bunu heç vaxt inkar edə bilmərəm.

- Sizin və mənim sevdiyimiz bəstəkarın mahnısında deyildiyi kimi hər şey gözəldir bu həyatda?

- Cavanşır Quliyev həm də mənim yaxın dostumdur. Gözəl deyil əlbəttə, həyatda o qədər çirkab varki. Sadəcə gözəl insanlar həyatı gözəlləşdirir. Cavanşır kimi, Etibar kimi, mənim qəhramanlarım kimi. Bax o insanların qədrini bilmək lazımdır. Çünki onların sayı azdır. Amma qüdrəti, gücü o qədər böyükdür ki, o insanların bütövlükdə çirkaba bulaşmış həyatı, cəmiyyəti gözəl edirlər.

Sədan Bünyadova