Münaqişə bölgələrində peşəkar informasiya siyasəti mühümdür

munaqise-bolgelerinde-pesekar-informasiya-siyaseti-muhumdur
Oxunma sayı: 733

Məqsəd tərəflərə sülhün əldə olunmasında yardım etməkdir. Bu təşkilatlardan ATƏT, Azərbaycan və Ermənistanda fəaliyyət göstərən diplomatik korpuslar, İnternational Alert, Barışıq Resurslarını nümunə kimi göstərmək olar. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi belə qurumlardandır.

Səfirlik bir çox QHT-lərə bu tipli layihələrin reallaşdırılmasında dəstək verir. Belə layihələrdən biri də səfirliyin dəstəyi ilə Avrasiya Fondu tərəfindən keçirilən fəaliyyət olub. Bu istiqamətlər medianın münaqişələri daha peşəkar işıqlandırmasını təkmilləşdirməyə yönəlib.

2008-2010-ci illərdə Avrasiya Fondu “Azərbaycan-Ermənistan münasibətlərinin mediada qərəzsiz işıqlandırılması” adlı layihə həyata keçirib. Layihənin məqsədi münaqişə edən iki ölkə arasında əlaqələrin qurulması və Qarabağ konflikti ilə bağlı məsələlərin mediada qərəzsiz işıqlandırılmasına yardım etmək olub. Avrasiya Fondunun sözügedən layihənin proqram meneceri İlahə Rəsulova belə deyir. Onun sözlərinə görə, layihə çərçivəsində həm Azərbaycanda, həm də Ermənistanda 4 fokus qrup yaradılıb: “ Foks qrupların keçirdikləri müzakilərlər zamanı aşkar olunan faktlarla bağlı hər iki ölkənin rəsmi qurumlarına, yerli və beynəlxalq QHT-lərə, donor və tədqiqatçılara tövsiyyələr hazırlanıb. İlk sırada problemin daha dərindən öyrənilməsi üçün tərəflərin hər birindən 4 telekanal və 4 çap media orqanının monitorinqi aparılıb. Bunun ardınca, BBC-dən olan iki ekspert hər iki ölkədə 4 jurnalistə “Konfliktlərin mediada qərəzsiz işıqlandırılması “ mövzusunda təlimlər keçib: ”Bəllidir ki, bəzən jurnalistlər öz ölkələri ilə bağlı konfliktləri işıqlandırarkən peşəkarlıq prinsiplərinə o qədər də əməl etmirlər. Bu da informasiyanın ən pis halda qərəzli, ən yaxşı halda isə tərəfli olması ilə nəticələnir. Britaniya ekspertlərinin təlimləri də məhz jurnalistlərə informasiyanın qərəzsizliyi üçün hansı prinsiplərin gözlənilməsinin vacibliyini aşılamaq idi”.
Sonrakı mərhələdə həyata keçirilən proqrama daha geniş auditoriya cəlb edilib. Ölkələrin hər birində 20 jurnalist üçün hər biri 3 gün olmaqla iki təlim keçirilib. Aparılan sorğular və monitorinqlər göstərib ki, bu tədbirlər konfliktlərdən yazan jurnalistlərin peşəkarlıq meyllərinin artırılması üçün faydalı olub.[

Son illər konfliktlərin mövcud olduğu ölkələrin jurnalistləri bir sıra beynəlxalq layihələr çərçivəsində görüşlər keçiriblər. Bu görüşlər bəzən yerli medialarda “düşmənin əlini sıxmaq”, “düşmənlə bir masa arxasında əyləşmək” kimi sözlərlə ifadə olunub. Ancaq konfliktlərin praktikası göstərir ki, siyasətçilərin çözə bilmədiyi müəyyən məqamlar xalq diplomatiyası, münaqişə edən tərəflər arasında anlaşma əldə edən müəyyən qrupların səyi ilə çözülür. Bu səbəbdən Avrasiya Fondu da hər iki ölkənin jurnalistlərinin görüşünün keçirilməsini layihənin ən vacib elementlərindən sayıb. Görüş üçün ən uğurlu variant kimi Gürcüstan paytaxtı Tiflis şəhəri seçilmişdi. Tiflisdə keçirilən görüşdə aparılan müzakirələrdən sonra Avrasiya Fondu tərəfindən Azərbaycan və Ermənistan jurnalistlərinin iki müştərək qısametrajlı film çəkmək ideyası dəstəklənib. Fond təmsilçisinin dediyinə görə, ssenarilərin qarşılıqlı təsdiqlənməsi prosesi o qədər də asan başa gəlməyib və tərəflərdən hər biri öz baxış bucağının daha keçərli olduğunu müdafiə ediblər. Bir neçə ay davam edən müzakirələrdən sonra tərəflər razılıq əldə edə biliblər.
“Sərnişin” adlı filmdə Bakı və Yerevanda taksi sərnişini “sürücü-jurnalist”in konfliktlə bağlı suallarını cavablandırıb. Məqsəd ardıcıl hərbi əməliyyatların aparılmadığı dönəmdə hər iki ölkə vətəndaşlarının münaqişə haqqında nə düşündüklərini ortaya çıxarmaq olub. “Nə hərb, nə sülh” adlı film isə iki tərəfdən olan hərbçilərin fikirləri üzərində qurulub. Hər iki film internet şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Layihə üzrə son konfransda filmlərin təqdimatı ilə yanaşı gələcək fəaliyyətlərlə də bağlı müzakirələr aparılıb. Sonda qərara alınıb ki, daha çox insana çıxış imkanı olduğu üçün bundan sonrakı münasibətlər elektron media təmsilçiləri arasında qurulsun. Beləliklə də, 2010-ci ilin aprelindən 2011-ci ilin martına qədər davam edən və bloqçu jurnalistlər üşün nəzərdə tutulan “Azərbaycan Ermənistan münasibətlərinin elektron mediada qərəzsiz işıqlandırılması” adlı ikinci layihəyə start verilib.

Öncəki layihədə olduğu kimi, bu dəfə də ilkin mərhələdə ölkələrin hər birindən seçilən media qurumlarının monitorinqi keçirilib. İnternet məlumat səhifələrində Azərbaycan-Ermənistan əlaqələrinin, Dağlıq Qarabağ konfliktinin hansı səviyyədə işıqlandırılması öyrənilib.

Tərəflərin Tiflisdə keçirilən görüşündə 5 layihənin həyata keçirilməsi haqqında razılığa gəlinib. Azərbaycan və Ermənistan bloqçuları “Neytral Zona” adlı bloq (http://caucasuseditionblog.wordpress.com) yaradıblar. Yazarların Azərbaycanda yaşayan ermənilər, Ermənistanda yaşayan Azərbaycanlılar haqqında məqalələri http://ru-ru.facebook.com/people/Zarema-Velikhanova/589760173, “Qadınların səsi” - qadın hekayələri http://armazwomen.wordpress.com/about/ internet resurslarında yayılıb. Bununla yanaşı, birgə layihə əsasında müharibənin fəsadları ilə bağlı cizgi filmi, iki ölkə bloqçularının konfliktlə bağlı apardığı İnternet müharibəsini göstərmək üçün “İnternet müharibələri” adlı qısametrajlı film çəkilib.

Layihənin proqram meneceri İlahə xanım hesab edir ki, bir neçə günlük təlimlərlə qlobal dəyişikliklər etmək mümkün olmasa da, bu tip tədbirlərin yerli medianın inkişafında, jurnalistlərə ciddi peşəkar vərdişlərin aşılanmasında rolu mühümdür.