Müsabiqədə birinci yer tutan yazı – Mətn

<b>Müsabiqədə  birinci yer tutan yazı –<font color=red> Mətn</b></font>
Oxunma sayı: 488

Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi

Qarabağ müharibəsi flora-fauna genofondumuzu məhv etdi

140 nadir və nəsli kəsilməkdə olan bitki növü Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib


Dünyada 300 mindən artıq bitki növü məlumdur. Botaniki tədqiqatlar nəticəsində məlum olub ki, bunların 30 mini, yəni 10 növdən birinin məhvolma təhlükəsi var. Azərbaycan florasında isə 900 növdən çox dərman əhəmiyyətli, 850 növ efiryağlı, 200 kauçuklu, 200-dən çox aşı maddəli, 460 boyaq bitkisi, 400 vitaminli, 600 alkoloidli, 150 meyvə və giləmeyvə bitkilərinin yayılması haqda məlumat verilir. Respublikamızda 80-90-cı illərin məlum hadisələrində 225 min hektar qiymətli meşə sahəsi və 70 min hektardan çox kol və kolluqlar məhv edildi. Vaxtilə Azərbaycan ərazisinin 25-30%-dan çoxunu meşələr təşkil etdiyi halda, indi onun sahəsi 11 %-ə enib. Son 20 ildə Respublikamızın Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonunun Ermənistan Respublikasının ordusu tərəfindən işğalı və həmin ərazilərdə flora-fauna genofondunun məhv olmasına səbəb olub.

Planetin ekoloji vəziyyəti korlanıb

Müasir dünyada baş verən təbii fəlakətlər, müharibələr, sənayenin və iqtisadiyyatın inkişafı cəmiyyət üçün nüvə müharibəsi qədər təhlükəlidir. Bu fəlakətlər insanların yaşayış tərzinin pisləşməsinə və məcburən yeni sahələrə köçməsinə səbəb olub. Həmin sahələr tədricən bərpa edilib, insanlar yenidən öz torpaqlarına qayıdıblar.
XIX-XX əsrlərdə dünyada sivilizasiya çox böyük sürətlə inkişaf etmiş, Yer kürəsində yaşayış məskənlərinin sayı çoxalıb. Urbanizasiya prosesində zavod və fabriklərin sayı 100 dəfələrlə artmış, daxili və xarici ölkələr arasında əlaqələri yaxşılaşdırmaq məqsədilə dəmir, şosse yolları, biosferin nazik yerüstü təbəqəsi olan stratosferdə təyyarələrdən, okeanlarda, dənizlərdə, çaylarda - gəmiçilikdən geniş istifadə edilməyə başladı. Bu iqtisadi inkişaf nəticəsində antropogen amillər biosferi dəyişmiş, bu da planetdə ekoloji vəziyyəti korlanıb. Xüsusən də dünyanın bütün ölkələri ilə əlaqələrin, sərhədlərin, açılması ərazilərdə yerləşdirilən hava limanları və onların yaradıcısı olan hava nəqliyyatı vasitələrinin ətraf mühitə axıtdığı tullantılar torpağın çirklənməsinə, insanların təbii fəlakətlərlə üzləşməsinə səbəb olub.

Bu gün də ətraf mühitə axıdılan tullantıların miqdarı durmadan artır, bir çox yaşıl zonalar, meşələr dağıdılır. Bu da planetin həyat hissəsinə – biosfer təsərrüfatına daha çox təsir göstərir ki, nəticədə mühitdə çirklənmə faizinin artmasına gətirib çıxarır.
Məhz bu təhlükələrin aradan qaldırılması istiqamətində ekologiyanın müxtəlif bölmələrində geniş axtarışlar aparılır.

Bitkilərin mühafizəsində “Qırmızı kitab”ın rolu böyükdür. Bu kitaba düşən bitkiləri dövlət mühafizə edir. Alimlər 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvan və quş nəsli tamamilə kəsildiyini dəqiqləşdiriblər.

Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilib. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli alıb. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunub.
Azərbaycan Respublikasının müvafiq nazirlikləri və başqa mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində dövlət bitki mühafizəsi xidmətinə, onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə köməklik edirlər.

Azərbaycanın təbiəti çox maraqlı və rəngarəngdir. Ölkə ərazisinin yarıdan çoxunu quru landşaftlar (yarımsəhralar, dağətəyi və dağlıq çöllər) əhatə edir. Ölkəmizin təbii və coğrafi şəraitinin unikallığı burada floranın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaradıb. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycanda təsadüf edilir. Bu amil ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır ki, bu da Qafqazın zəngin bitki aləminin növ tərkibinin 64%-ni təşkil edir. Bunlardan 240-ı endemik və relikt növlərdir. 140 nadir və nəsli kəsilməkdə olan bitki növü Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir bitki və heyvan növlərinin genofondunun mühafizəsi və öyrənilməsi xüsusi yer tutur və prioritet verilən istiqamətlərdən hesab olunur. Qeyd olunan sahələr üzrə müəyyən edilmiş zəruri tədbirlərin təşkili Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti və onun struktur bölmələri tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 1368 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planına əsasən nadir heyvan və bitki növlərinin mühafizəsinin təşkili, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi istiqamətində zəruri təşkilati işlər aparılıb.

“Qırmızı kitab”, yoxsa, SOS siqnalı...

Nadir heyvan və bitki növlərinin qeydiyyatının aparılması və ölkə təbiətində onların dinamikasının izlənilməsində “Qırmızı kitab” özünəməxsus əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası “Qırmızı kitab”ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşri 1989-cu ildə həyata keçirilmiş və bu kitabın yeni II nəşrinin həyata keçirilməsi zərurəti yaranıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitab”ı haqqında Əsasnaməyə uyğun olaraq “Qırmızı kitab”ın II nəşri istiqamətində məqsədəyönlü tədbirlər həyata keçirirlər.

3 dekabr 1996-cı il tarixində ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Bitki mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olundu.
Qanunda bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bitki mühafizəsi aşağıdakılarla təmin edilir: bitkilərin ziyanverici, xəstəliklərin yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilməsi.

Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsinin təşkilində, təbiətin kompleks şəkildə saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür.

Hazırda insanların təsirinə məruz qalmayan təbiət kompleksləri ilə qarşılaşmaq qeyri-mümkündür. Bu baxımdan, vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi mühüm rol oynayır. Belə bir şəraitdə ətraf mühitin, bioloji müxtəlifliyin və ümumilikdə ekosistemin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət əraziləri mühüm əhəmiyyət daşıyır. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi, füsunkar estetik gözəlliyə malik ərazilərin antropogen təsirlərdən kənarda saxlanılması və onların tam şəkildə gələcək nəsillərə çatdırılması mümkün olur.

Qeyd etmək lazımdır ki, 2001-ci ilədək respublikamızın ərazisində ümumi sahəsi 478 000 hektar olan 14 Dövlət Təbiət Qoruğu və 20 Dövlət Təbiət Yasaqlığı mövcud olub.

Təbiəti qoruyuruq ki, təbiət bizi qorusun

Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilərək, hazırda ölkəmizdə ümumi sahəsi 880975,6 ha olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığına çatdırılıb. Hazırda xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.

Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının və yasaqlıqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilməklə, Dənizkənarı Milli Parkın, Zaqatala Biosfer Rezervatının, Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərində dövlət təbiət yasaqlıqlarının yaradılması, Kürün deltasında və respublikanın müxtəlif regionlarında yerləşən su-bataqlıq sahələrində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması nəzərdə tutulub. Eyni zamanda Almaniya Federal Hökümətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkının layihəsi işlənilir.

Qeyd olunan xüsusi mühafizə olunan təbiət ərazilərində bitki növlərinin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi