Müxalifətdən üç gurultulu bəyanat – Mətn

muxalifetden-uc-gurultulu-beyanat-metn
Oxunma sayı: 690


İctimai Palatanın Naxçıvanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair bəyanatı:

“Son vaxtlar Naxçıvanda insan hüquq və azadlıqlarının pozulması haqda narahatlıq doğuqan məlumatların sayı artmaqdadır. Bu səpkili ən son məlumat Babək rayonu Nehrəm kəndində sakinlərin su problemi ilə bağlı keçirdikləri dinc etriaz aksiyasına mülki geyimli hökumət adamlarının zorakı müdaxiləsi və bir sıra sakinlərə xəsarət yetirməsi haqda oldu.

Olay zamanı xüsusilə AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoya qarşı amansız davranılıb, onlar möhkəm döyülüblər. Daha sonra döyülmələri ilə bağlı etdikləri şikayət üzrə ifadə vermək üçün Babək rayon polis idarəsinə ifadə verməyə dəvət olunan Bağırsoy qardaşları şərlənərək cinayət məsuliyyətinə cəlb ediliblər. Onların barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sonradan xüsusən də Nehrəm kənd sakinlərinin etirazından sonra Bağırsoy qardaşları sərbəst buraxılsalar da, onlara qarşı baş verən zorakılıq və özləri zərərçəkən olduqları halda barələrində cinayət işinin qaldırılması ciddi narahatlıq doğurur.

Bundan başqa, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun və “Turan” İnformasiya Agentliyinin yerli müxbirlərinə qarşı baş vermiş zorakılıq, almaniyalı jurnalistin bölgədən qeyri-rəsmi deportasiya olunması Naxçıvan MR-də hökm sürən despotik rejimi möhkəmləndirmək istiqamətində son günlərdə atılan addımlardır.

Daha əvvəldən isə 2010-cu ilin parlament seçkilərində AXCP-Müsavat blokunun namizədi olmuş Səxavət Əlisoyun bütün qohumlarının Muxtar Respublikadan sürgün edilməsi, opponentlərin psixi xəstəxanaya salınması Naxçıvanda Sovet rejimindən qalma siyasi diskriminasiyanın hökm sürdüyü haqda nümunələr idi.

İctimai Palata Naxçıvan MR-də insan hüquq və azadlıqlarının bu cür kobud şəkildə pozulması hallarından dərin narahatlıq keçirir və baş verənləri qətiyyətlə pisləyir. Palata bəyan edir ki, Naxçıvanda baş verənlər Azərbaycan hakimiyyətinin düşünülmüş siyasətidir. İnsan haqları və demokratik prinsiplərin pozulduğu Azərbaycanda hakimiyyət daha da irəli gedərək ən qəddar, amansız, orta əsrlərə xas despotik metodları Naxçıvanda sınaqdan çıxarmaq və sonra bunları bütün ölkə miqyasında tətbiq etməklə məşğuldur.

Artıq Naxçıvanda yaşananlar Azərbaycandakı anti-demokratik mühit içərisində elə qatı rəng alıb ki, beynəlxalq birliyin diqqətini ayrıca cəlb etməyə başlayıb. Bu baxımdan Naxçıvanda insan haqlarının pozulmasına dair beynəlxalq təşkilatların ayrıca bəyanat və hesabatlarla çıxış etməsi təsadüfi deyil. Belə bir vəziyyətin yaranması həm də Naxçıvan rəhbərliyinin siyasi separatizmə yol verməsi anlamına gəlir.

İctimai Palata Azərbaycan və Naxçıvan rəhbərliyindən tələb edir ki, Muxtar Respublikanı despotizm poliqonuna çevirmək siyasətindən imtina olunsun. Hakimiyyət Muxtar Respublikada orta əsrlərin feodal qaydalarını bərqərar etmək cəhdlərinin sonunda səmərəsiz qalacağını bəri başdan anlamalı və insan hüquqlarına, demokratik normalara ən azı ümumi ölkə miqyasında olduğu qədər sərhədlər tanımalıdır”.

***

İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunanların məhkəmə işi ilə bağlı bəyanatı:

“2 aprel 2011-ci il tarixdə İctimai Palatanın qərarı ilə Azərbaycanda saxta parlamentin buraxılması, korrupsiya və rüşvətxorluğa qarşı effektiv mübarizə, köklü siyasi islahatlar aparılması tələbi ilə Bakının mərkəzində dinc etiraz aksiyası keçirilmişdir. Bu aksiya zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb.

2 aprel məhbuslarının işi ilə əlaqədar aparılan istintaq prosesi əsassız olaraq yubadıldıqdan sonra nəhayət 14 nəfər üzərində aparılan istintaqın başa çatdığı elan olunub və onların işi üç qrupa bölünməklə Səbail və Nəsimi rayon məhkəmələrinə göndərilib. İbtidai istintaqın materialları və ittiham aktları ilə ilkin tanışlıq bir daha təsdiq edir ki, siyasi məhbuslar (bunlardan bir çoxu “Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb) – Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Elnur İsrafilov, Arif Alışlı, Zülfüqar Eyvazov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Elnur Məcidliyə qarşı irəli sürülən ittihamın heç bir hüquqi əsası yoxdur.

Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidli haqqında cinayət işinin digər ittiham olunanlardan ayrılması, onların aksiyanın təşkilatçısı kimi təqdim edilməsi və cinayət işinin istintaqının açıq saxlanılmasını İctimai Palata mitinq iştirakçılarına qarşı uzunmüddətli təzyiq kimi qəbul edərək, bu cür münasibətin qeyri-qanuni olduğunu bəyan edir.

Məhkəmə iclasları zamanı müqəssir hesab edilən şəxslər sərbəst ifadələr verərkən qaldırılan cinayət işlərinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta sahib olmadığını bir daha təsdiq etdi. İş üzrə zərərçəkənlər kimi tanınanların öyrədilmiş və bu işə məcbur edilmiş şəxslər, şahidlərin isə bir qayda olaraq polis işçilərindən ibarət olduğu ortaya çıxdı.

Vəkillərin təqdim etdiyi faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işlərinin saxta olduğunun sübuta yetirilməsi, onların qaldırdıqları vəsatətlərin bir qayda olaraq məhkəmə tərəfindən təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi bu işin siyasi sifariş olduğunu təsdiq edir.

Mitinq iştirakçılarının məhkəmə dövründə həbsdə saxlanılması, Cabbar Savalanlı və Şahin Həsənliyə azadlıqdan məhrumetmə haqqında əsassız olaraq hökm çıxarılması mövcud qanunlara qarşı məhkəmənin hüquqi nihilizminin ifadəsidir.

İctimai Palata məhkəmədə əsassız ittiham olunan dönməz mübarizləri - vicdan məhbuslarını müdafiə etməyə çağırır.

İctimai Palata qanunsuz qaldırılmış cinayət işlərinin məhkəmədə baxılması zamanı yol verilən qanun pozuntularını qanuna sayğısızlıq kimi qiymətləndirir, iqtidarı ölkə qanunlarına və beynəlxalq Konvensiyalara hörmətlə yanaşmağa dəvət edir.
2003-cü il 16 oktyabr hadisələrindən sonra qeyri-qanuni olaraq həbs edilmiş Müsavat Partiyası icra aparatının rəhbəri, istiqlalçı millət vəkili Arif Hacılı və digər şəxslərə qarşı Avropa İnsan Haqları Məhkəməsinin bugünlərdə qəbul olunan qərarı bir daha Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmələrinin qanunun aliliyinə əməl etməməsinin bariz nümunəsidir.

İctimai Palata Azərbaycan hakimiyyətindən qeyd olunanları nəzərə almaqla həbsdə olanları qeyri-şərtsiz, dərhal azad etməyi tələb edir”.

***

İctimai Palatanın təhsil haqqlarının artırılmasına dair bəyanatı:

“Azərbaycan hökuməti növbəti dəfə vətəndaşların təhsil almaq imkanlarını zərbə altında qoyaraq dövlət ali məktəblərində ödənişlərin artırılmasına qərar verib. Yeni tədris ilindən etibarən dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrimiz bir neçə qat daha artıq vəsait ödəməli olacaqlar. Hazırda ölkədə ən aşağı təhsil haqqı 900 manat, ən yuxarı təhsil haqqı isə 4500 manatdır. Əvvəla, bu cür ödəniş haqlarıının təhsil müəssiələrində (o cümlədən özəl) belə qiymət artımı ölkədə mövcud qanunvericiliklə tamamilə ziddiyyət təşkil edir. İkincisi, Azərbaycanın dövlət ali məktəblərində təhsil alan tələbələrin 60 faizə qədəri ödənişli əsaslarla təhsil aldığını və eyni zamanda ölkədə orta aylıq əmək haqqının 353 manat civarında olduğunu nəzərə alsaq, bu 60 faizə qədər tələbənin təhsil haqlarını ödəməkdə nə qədər çətinlik çəkdiyini aydın təsəvvür etmək olar. İndi onların çətinliyi hökumətin bu məsuliyyətsiz qərarı ilə daha da artmış olacaq. Bəzi hallarda isə minlərlə gənc təhsil almaq imkanını itirəcək. Azərbaycan Respublikası Konstitutsiyasında birbaşa olaraq “Azərbaycan Respublikası sosial dövlətdir” müddəası əksini tapsa da, hakimiyyət bu tip real addımlar zamanı vəhşi oliqarxiya qanunlarını tətbiq edir. Ölkənin neft gəlirlərinin insan resurslarına çevrildiyini iddia edən dövlət başçısı İlham Əliyevin dəfələrlə verdiyi bu tip bəyanatların həqiqətə və real siyasətə söykənmədiyi bir daha bəlli olur.

Maliyyə imkanlarının genişliyi ilə öyünən bir hökumətin, guya büdcə gəlirlərinin artımı qayğısına qalırmış kimi, xüsusən də əhalinin imkansız təbəqəsinə ağır zərbə olan qərara qol qoyması heç bir mənəvi prinsipə də sığmır. Hökumət bu qərarı ilə onsuz da tam keyfiyyətli təhsil verə bilmədiyi vətəndaşlarının ali məktəblərə qəbulunun qarşısında ciddi maneə yaratmış olur. Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum etmək deməkdir.

Lakin indiki halda Azərbaycan hökuməti öz bəyanatlarının əksinə olaraq, təhsilin keyfiyyəti qayğısına qalmır, üstəlik lüzumsuz ödəniş artımı ilə vətəndaşların ali məktəblərə yolunu da bağlayır.

İctimai Palata dövlət ali məktəblərində təhsil haqlarının artırılması qərarını qətiyyətlə pisləyir və hökuməti öz qərarına yenidən baxmağa çağırır. Eyni zamanda bəyan edir ki, bu istiqamətdə azad gəncliyin mübarizəsinə sona qədər dəstək verəcək və bu məsələni daima gündəmdə saxlaması üçün partiya strukturlarına müvafiq tövsiyələrini verəcəkdir. Azərbaycan hakimiyyətini isə xəbərdar edir ki, bu cür addımlar sosial müvazinətin kəskin dəyişməklə, cəmiyyətdə böyük və gərgin qarşıdurmalara zəmin hazırlayır.

İctimai palata hakimiyyətdən tələb edir ki, dövlətdən maliyyələşən ali məktəblərdə təhsil haqqı ümumiyyətlə ləğv edilsin. Əgər ali məktəblər bu addıma hələlik hazır deyilsə ödənişlər əvvəlki qiymətlərə endirilsin və ödənişlərin ləğv edilməsi tədricən həyata keçirilsin”.