Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 47 ünvanda yerləşən “Aranlı” İstehsalat təchizat və kommersiya firmasına məxsus (VÖEN:1500992551) “Uşaq aləmi” mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.
Vergi əməkdaşları tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində “Uşaq aləmi” mağazasında əsas borc 11 min 313,41 manat, faiz və maliyyə sanksiyası borcu 3 min 743,48 manat olmaqla cəmi 15 min 56,89 manat məbləğində vergi borcunun olduğu müəyyənləşdirilib. 2012-ci ilin yanvar ayının 17-də vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərilib. Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi yanvar ayının 24-də obyektin əmlakının siyahıya alınması haqqında Qərar çıxarılıb.
Vergi orqanları əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 21 min 447 manat məbləğində uşaq geyimləri, oyuncaqlar və müxtəlif əşyalar müvafiq qaydada siyahıya alınıb.
Vergi əməkdaşları Nəsimi rayonu, Dəmiryolu vağzalının Şərq hissəsində yerləşən, Mirzəyev Əli Mirzə oğluna məxsus (VÖEN:1401702592) ətriyyat mağazasında da əmlakıın siyahıya alınması tədbirlərini həyata keçiriblər. Vergi əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində Ə. Mirzəyevə məxsus mağazada 4 min 394,66 manat vergi borcunun olduğu müəyyən edilib, ötən ilin dekabr ayının 29-da vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərilib, 2012-ci ilin yanvar ayının 24-də isə ona məxsus obyektdə əmlakının siyahıya alınması haqqında Qərar çıxarılıb.
Ə. Mirzəyev əmlakın siyahıya alınması prosesi zamanı vergi borcunun 1000 manat məbləğində olan hissəsini yerindəcə ödəyib, qalan hissə müqabilində isə mağazadakı müxtəlif kosmetika və ətriyyat məhsulları müvafiq qaydada siyahıya alınıb.
Həyata keçirilən tədbirlər nəticəsində, vergi ödəyici Hüseynov Cəmil Faiq oğluna məxsus, (VÖEN:1401154332) Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 16 ünvanında yerləşən “Camel Aktive” geyim mağazasının da əmlakı siyahıya alınıb. Vergi əməkdaşları tərəfindən 2011-ci ilin iyul ayında aparılmış yoxlama nəticəsində vergi ödəyicisində 4 min 528,67 manat vergi borcunun olduğu müəyyənləşdirilib. C. Hüseynov əmlakın siyahıya alınması prosesi zamanı vergi borcunun 2 min manat məbləğində olan hissəsini yerindəcə ödəyib, qalan hissə müqabilində isə mağazadakı geyim lər müvafiq qaydada siyahıya alınıb.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər