Onlar da Prezidenti təbrik etdilər - Yenilənir

onlar-da-prezidenti-tebrik-etdiler
Oxunma sayı: 1275

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.

Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Aleksandar Vuçiç dövlət başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

***

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç dövlət başçısına təbrik məktubu ünvanlayıb:

“Hörmətli Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Uğurlu fəaliyyətiniz, dövlət işlərini səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromis əldə etmək bacarığınız haqlı olaraq Sizə bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Qarşıdan gələn Yeni ildə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Həm iqtisadi, həm də hərbi baxımdan güclü, beynəlxalq münasibətlərdə mühüm rol oynayan bir ölkənin Prezidenti kimi qarşınızda böyük vəzifələr durur.

Hazırkı dünya çoxsaylı çətinliklərlə üzləşir. Bizim gələcəyimiz dünyanın bu çətinliklərin öhdəsindən necə gəlməsindən asılı olacaqdır.

Fürsətdən istifadə edərək, Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram”.

***

Gürcüstan Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib.

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib.

Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında ölkələrimiz arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Bu xüsusda, Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Dövlət başçıları əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

***

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili dövlət başçısına təbrik məktubu ünvanlayıb:

“Zati-aliləri, hörmətli cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə gürcü xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası davamlı sülhə, sabitliyə və mühüm nailiyyətlərə nail olub ki, bu da uzaqgörənliyinizin və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz fədakar xidmətinizin əyani sübutudur. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha da güclənəcəkdir.

Əminəm ki, xalqlarımız arasında nümunəvi dostluq münasibətləri və möhkəm strateji tərəfdaşlıq qarşıdakı illərdə də möhkəmlənəcək və genişlənəcəkdir. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Cənubi Qafqazda daha dərin regional inteqrasiyanın, davamlı sülhün və sabitliyin təşviqi üçün təməl daşı rolunu oynayır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yüksək məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram”.

***

Macarıstanın Baş naziri Viktor Orban:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Macarıstanın həm sülh dövründə, həm də son onilliklərdəki böhran dövründə Azərbaycana güvənə bilməsinə görə minnətdarlığımı bildirirəm. İkitərəfli münasibətlərimiz ildən-ilə daha da güclənməkdə davam edir. Əməkdaşlığımız genişlənərək bir çox əsas sahəni, xüsusilə də enerji sektorunu əhatə edir.

Zati-alinizin şəxsi töhfələri sayəsində xalqlarımız arasında münasibətlərdə yeni bir dövr başlanmışdır və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizi əmin etmək istərdim ki, hökumətim tərəfdaşlığımızın dərinləşməsinə və xalqlarımızın ortaq maraqlarının irəliləməsinə sadiqdir.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram”.

***

Moldova Prezidenti Maya Sandudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım:

“Cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqını qələbələrə aparan liderliyiniz ölkənizin müasir tarixində dönüş nöqtəsi təşkil edir. Nümayiş etdirdiyiniz qətiyyətli mövqe təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.

Zati-alinizin strateji uzaqgörənliyi və uğurlu dövlətçilik fəaliyyəti bölgəmizdə sülhün, sabitliyin və gələcəyə inamın möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu proses güclü dövlətçiliyin və milli birliyin eyni məqsəd ətrafında necə davamlı uğura çevrilə biləcəyini əyani şəkildə nümayiş etdirdi.

Sizin rəhbərliyinizlə Azərbaycan milli birlik, qətiyyətli iradə və güclü dövlət anlayışının parlaq nümunəsini ortada qoymuşdur. Bu mövqe türk dünyası üçün ruhlandırıcı yol xəritəsi rolunu oynayır.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar arzulayıram”.