Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zərdab rayon sakini 2001-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub. Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.
***

Doğuş zamanı övladı tələf olan Ləman Rüstəmovanın qayınatası Zülfüqar Rəhimov bildirib ki, gəlini hamiləliyi müddətində vaxtaşırı müayinələrdən keçib: “Gəlinim L. Rəhimovanı 9 aylıq hamiləliyi dövründə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlatmışıq. Həkimi İradə xanım olub, müalicələri normal gedib. Ondan bir narazılığımız yoxdur. Üç gün bundan əvvəl yenə İradə həkim yoxladı, hər şey normal idi, uşağın çəkisinə kimi bizə deyildi. Saat 3-də ağrıları oldu, götürüb gəldik xəstəxanaya. Növbətçi həkim isə dünən saat 3-dən bu gün səhər 6-ya kimi gəlinimi dəhlizdə saxlayıb. Axırda həyat yoldaşım səs-küy salandan sonra saat 6-da mən gəlib çıxdım. Ondan sonra gəlini əməliyyat stoluna götürüblər. Heç yarım saat keçmədi həkimlər dedi uşaq ölüb. Niyə ölüb? Heç buranın baş həkimi haradadı, bilmirik. Gedib yatıb evində, xəstə də qalıb dəhlizdə. Bu boyda Allahsızlıq olar? O körpənin günahı nə idi?”
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 19:15 radələrində 2004-cü il təvəllüdlü, hamiləliyi 39 həftə olan qadın xəstəxananın Doğum şöbəsinə hospitalizasiya olunub.
Dekabrın 24-ü saat 08:30 radələrində ölü döl ana bətnindən xaric edilib.
Hazırda ananın müalicəsi Doğum şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, dölün meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Təşrihin nəticəsindən asılı olaraq dölün ölümünün dəqiq zamanı və bilavasitə səbəbi haqqında rəy təqdim etmək mümkün olacaq.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər