O qadın min Nərmin Kamala dəyər

o-qadin-min-nermin-kamala-deyer
Oxunma sayı: 668

Mənim kimi “qoca”ların yaxşı yadında olar; 1989-cu il may ayının 28-də Azərbaycanın istiqlaliyyət günündə Bakı “fövqəladə vəziyyət” və komendant saatı olmasına baxmayaraq, ADR-in üçrəngli bayrağı saat 11:00 da Qız Qalasının üstündə qaldırıldı. Özü də o hay-həşirdə, ay balam, başım çıxmır ki, iki əli qanlı bayrağı haradan tapıb gətirmişdilər? Bayraqdakı nə bayraq. Həmin bayraq da rənglərin yeri səhv idi. Sadə bir Azərbaycan qadınının tələm-tələsik tikdiyi bu bayraqda qırmızı birinci, ikinci yaşıl, üçüncü isə göy rəng (parça) tikilmişdi.

Həmin o sadə qadın bəlkə də, özü də bilmədən Azərbaycan cəmiyyətinin formulasını vermişdi.
Qırmızı rəngi birinci yerə “qoymuşdu”. Qırmızı müstəqilliyin rəmzi, demokratiya, azad cəmiyyət qurmaq istəyidir. O qadın həm də demokratiyanın birinci yerdə olmasını istəyirmiş. Arzusuna, çatdımı? Bilmirəm...

Yaşılı (İslam) ikinci yerə qoymuşdu: Sovet dövrü bitən kimi din azadlıqdan “istifadə edib”, insanların qəlbində və güzəranında bir pillə qalxmadımı, məncə, hə.
Göy rəngi isə ən sonuncu yerdə idi. Türkçülük simvolu isə digər dəyərlərdən aşağıda tikilmişdi.

Bayraqdakı milli ideologiyanın ən qatı rəmzi göydür, çünki göy türkçülük, millətçilikdir. Millətçiliyin içində yaşayır dini və digər dəyərlər. Çünki türk əxlaqında “mən islamçıyam” düşüncəsi ideologiya şəklində deyil, millətçilik dəyərlərin ən ucasıdır, odur ki, türklər “biz türkük” ideologiyası ilə dünyaya meydan oxuyurdular.
Sonra əməldə olmasa da, ideologiyada Cümhuriyyət dövründəki bayrağı bərpa etdik. Amma əməlimizdə həmin qadının formulası ilə getməli olduq.

İstedadlı ədəbiyyatçı Nərmin Kamalsa “Yüz rəngli Azərbaycan bayrağı” adlı kiçik yazısında qeyd edir ki, bayraqlarımızdakı rənglər (ideologiyalar) bir-birinə mane olur. O ideologiyalar bir-birinə rəqib və mane deyil, arqumentim o ki, müqayisə olunmaz ideologiyalar bir-birindən qaçmağa çalışırlar ki, toqquşmasınlar, əksinə, cəbhələşsinlər. Cəbhələr arasındakı rəqibliyi isə “eynitiplilik” yaradır.
İndi üzümü sizə tutub deyirəm, ay N.Kamal xanım, görürsünüz da, o qadının əlləri deyən olur, sizin intellektiniz deyən yox.
Nərmin xanım, hansı konsepsiyan var ki, 20 illlik müddətdə Azərbaycanın taleyini müəyyənləşdirə? Gündə bir ölkəyə gəzib, bayraqlara sevdalanmaqla konsepsiya qurmaq olmur.
O sadə qadının tikdiyi bayraq istiqlaliyyət muzeyində saxlanılır Nərmin xanım, sizin və mənim kitablarım kimi zirzəmidə yerləşən kitab mağazalarında (Azərbaycanda kitab mağazaları çox vaxt zirzəmidə olur, ayaq altında), orda-burda yox.

Ona görə də o qadın bəlkə də, min N.Kamala dəyər. Uğurlar...