“Prezident də məsələdən narahatdır” - Spiker

prezident-de-meseleden-narahatdir-spiker
Oxunma sayı: 682

Əli Məsimli bildirib ki, bu gün əhalini daha çox narahat edən məsələlər sovet dövründən banklarda qalan əmanətlərin geri qaytarılması, müəllimlərin, həkimlərin əmək haqlarınının qaldırılmasının gecikməsidir. Millət vəkili bildirib ki, deputat həmkarları ilə birgə əmanətlərin qaytarılması məsələsində dair qanun layihəsi hazırlayıblar. Bu qanun layihəsində əmanətlərin nə vaxt, hansı meyarlar və ardıcıllıqla qaytarılması məsələləri əksini tapıb.

Deputat qeyd edib ki, qanun layihəsini artıq üçüncü dəfə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadəyə təqdim edəcəyəm.
"Məsələni onun-bunun üstünə atmaqla gecikdirə bilərik. Heç olmasa Milli Məclis bununla bağlı qanun qəbul eləsin ki, biz Milli Məclisdən çıxanda vətəndaşlarl üzləşəndə deyək ki, sizinlə bağlı bir iş gördük".
Əli Məsimli onu da bildirib ki, o çox yumşaq danışır, problemi başqa cür də çatdıra bilər.

Milli Məclisin sədri Oqtay Əsədov da problemə münasibət bildirib və deyib ki, prezident də əmanətlər məsələsindən narahatdır.
O.Əsədov deyib maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, əhalinin sovet əmanət banklarında qalan vəsaitlərinin qaytarılması üçün pul var, amma mexanizm yoxdur. Spikerin sözlərinə görə, maliyyə naziri deyib ki, əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması üçün hökumət tərəfindən mexanizminin hazırlanması istiqamətində iş aparılır.

"Hökümət və Milli Məclis əmanətlərin qaytarılması üçün sənəd üzərində işləyir. Hesab edirəm ki, hökümətlə Milli Məclisin sənədləri uyğunlaşdırılmalıdı. Əgər uyğunlaşdırılsa, məsələ həll olunacaq. Mən maliyyə naziri Samir Şərifovla danışmışam, bu istiqamətdə iş aparılır. Prezidentin də bununla bağlı böyük narahatlığı var. Mexanizm hazırlanandan sonra qanun layihəsi Milli Məclisə çıxarıla və biz onu qəbul edə bilərik. Bu məsələdən danışan zaman bir az ehtiyatlı olmalıyıq. Azərbaycan qədər qaçqını, miqrantı olan ölkə yoxdur. Biz çalışmalıyıq ki, qaytarılan əmanətlər Azərbaycanda qalsın, başqa yerə getməsin. Ona görə də məsələ hazır olanda müzakirəyə çıxarılacaq”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” sərəncam imzalayıb. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilib.

Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.

Sərəncamdan uzun illər ötsə də, əmanətlərin qaytarılma mexanizmi hələ də müəyyənləşdirilməyib.

1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.

Modern.az