Prokuror, polis rəisi və mən

prokuror-polis-reisi-ve-men
Oxunma sayı: 786

Məclis yeni təqvim ilinin gəlişi ilə əlaqədar təşkil olunmuşdu. Biz 2001-ci ili qarşılayırdıq. Mən, jurnalist dostum İlqar Əlfinin dəvəti ilə ziyafətə qatılmışdım. Masanın arxasında mənimlə birlikdə 14 nəfər əyləşsə də, bu adamların heç birini tanımırdım. Buna baxmayaraq, özümü çox sərbəst hiss edirdim. Cəmi beş dəqiqə sonra biz 40 ilin dostları kimi bir yerdə badə qaldırmağa başladıq.

İlk sözü baş tərəfdə əyləşmiş canlı-cüssəli kişi dedi. Bahalı kostyum geyinmiş bu adamın təxminən 60 yaşı olardı. Aram-aram danışır, sözləri ehtiyatla seçirdi. Mən, dərhal başa düşüm ki, bu adam səhv buraxmaqdan qorxur. O, hamının bayramını təbrik edəndən sonra biz ilk badəni qaldırdıq. Jurnalist marağı güc gəldiyi üçün sağ tərəfimdə əyləşən kişidən bu adamın kim olduğunu soruşdum. O, ağzını qulağıma yapışdırıb, belə cavab verdi: “Müəllim bizim ən hörmətli nazirlərimizdən biridir”. Azərbaycan hökumətinin tərkibi dərhal gözümün qabağında canlansa da, belə bir nazirin olduğunu xatırlaya bilmədim. Özümə söz verdim ki, sabah İlqar müəllimi görəndə ilk işim həmin nazirin kim olduğunu öyrənmək olacaq.

Bizim masada idarəçiliyi ələ alan nazir sağlıq demək üçün sözü prokurora verdi. Onun prokuror haqqında dediyi sözlər indiyə kimi yadımdadır: “Məmmədov yoldaş Azərbaycanın ən vicdanlı prokurorlarından biridir”. Mən, masaya göz gəzdirib, prokurorun kim olduğunu müəyyənləşdirmək istəyəndə, sağ tərəfimdə əyləşmiş 50-55 yaşlı bir kişi ayağa qalxdı. O da səliqə ilə geyinmiş, qoluna bahalı saat taxmışdı. Keçmiş kommunistlərə xas olan təkəbbürlə danışır, tez-tez qədim Romadan sitatlar gətirirdi. Bu adamın danışdığı sözlərin bizim məclisə heç bir aidiyyatı olmasa da, hamı diqqətlə onu dinləyirdi. Nəhayət, sözünü tamamlayıb, əlindəki badəni başına çəkdi. Yanımda əyləşən bu adamın yaşca məndən ən azı iki dəfə böyük olduğunu nəzərə alıb, ona bir dilim xiyar turşusu uzatdım. O, xiyar turşusunu ağzına atandan sonra yenə keçmiş kommunistlərə xas olan təkəbbürlə mənə təşəkkür etdi. Amma bununla da qane olmayıb, öz əli ilə soyduğu mandarindən iki dilim də mənim boşqabıma qoydu.

Sonra söz polis rəisinə verildi. Rəis sağ əlini çiynimə dayayıb ayağa qalxanda, mən necə bədheybət məxluqla yanaşı əyləşdiyimi indi başa düşdüm. Bu adamın ən azı 150 kiloqram çəkisi olardı. Çox yediyi üçün inək kimi tövşüyürdü. Biz nəfəs almağa çətinlik çəkən polis rəisinin özünə gəlməsi üçün təxminən beş dəqiqə gözləməli olduq. Mən, fürsətdən istifadə edib, telefonuma gələn bir mesaja cavab yazdım. Nəhayət, rəis danışmağa başladı. Bu adam o qədər mənasız danışırdı ki, onun çıxışından bir cümlə də mənim yadımda qalmadı. Rəisin hələ çox danışacağını nəzərə alıb, ofisiantdan masadakı təzə xiyar-pomidoru doğramağı xahiş etdim. Rəis pomidor-xiyarı diri-diri yeyirdi. Başa düşürdüm ki, bir neçə dəqiqə də belə davam etsə, bizim masada meyvə-tərəvəz qalmayacaq. Buna görə də rəisin sağlıq deməsindən istifadə edib, xiyar turşusunu və meyvəni də doğratmağa nail oldum. Rəis sözünü tamamlayıb əlindəki badəni başına çəkəndən sonra əlini turşu olan boşqaba uzatdı. O, xırda-xırda doğranmış xiyar turşusunun bir dilimini ağzına atıb, tərs-tərs məni süzdü...

Rəis uzun-uzadı danışdığı üçün hamı yorulmuşdu. Nazir təklif etdi ki, beş dəqiqə fasilə olsun. Hamı siqaret çəkmək üçün salonu tərk etdi. Məmmədov yoldaş da mənim kimi siqaret çəkmədiyi üçün bizim həyətə çıxmağımıza lüzum qalmadı. Digər masalarda da adam az olduğu üçün indi daha rahat söhbət etmək mümkün idi. Fürsəti əldən verməyib, Məmmədov yoldaşdan hansı rayonun prokuroru olduğunu soruşdum. O, dərindən ah çəkib, belə cavab verdi: “23 il prokurorluq orqanlarında işləmişəm. İndi sərəncamdayam”.

Jurnalist marağı güc gəldiyi üçün uzun-uzadı çıxışı ilə hamının zəhləsini tökmüş adamın hansı rayonun rəisi olduğunu da soruşdum. Məmmədov dedi ki, Əhməd müəllim 9 il əvvəl təqaüdə çıxıb. Amma yenə ondan əl çəkmədim. Bu dəfə nazir haqqında sual verdim. Məlum oldu ki, hamının nazir kimi müraciət etdiyi bu adam 1991-92-ci illərdə respublika əhəmiyyətli komitələrdən birinin sədri olub...

Təxminən 10 dəqiqə sonra hamı geri döndüyü üçün məclis əvvəlki axarı ilə davam etdi. İki idarə müdiri və bir MİS rəisi danışandan sonra mən keçmiş komitə sədrindən icazə alıb, redaksiyaya qayıtdım. Hamının nazir kimi müraciət etdiyi adam məni yola salanda məsləhət verməyi də unutmadı: “İşləmək yaxşı şeydir. İşinizin qədrini bilin”.

Artıq şübhə etmirdim ki, masanın arxasında əyləşmiş 14 nəfər arasında iş-güc sahibi olan yeganə adam elə mən özüməm. Bu qənaətimdə yanılmadığımı ertəsi gün İlqar Əlfi də təsdiq etdi. Məlum oldu ki, dünən eks-prezident Ayaz Mütəllibovun həmsədri olduğu partiyanın təşkil etdiyi Yeni il şənliyinə qatılmışam. Məclisdə iştirak edənlər isə Ayaz müəllimin vaxtında müxtəlif vəzifələrdə çalışmış adamlar olub...