QAT-dan Çingiz Qənizadəyə açıq məktub

qat-dan-cingiz-qenizadeye-aciq-mektub
Oxunma sayı: 657

Çingiz Qənizadə, bizə yazdığınız açıq məktubda yazırsınız ki, “Mən inanıram ki, bu bəyanat QAT-ın geniş iclasında müzakirə edilmədən 1-2 nəfər tərəfindən hazırlanmış və təşkilat adından yayılmışdır. Bu, ictimai təşkilatların nizamnaməsinə ziddir”. İlk öncə nəzərinizə çatdırım ki, mənim savadım olmasa da, verilən bəyanatın hər hansı bir təşkilatın Nizamnaməsinə uyğun olaraq iclasında mütləq müzakirə olunduğunu bilirəm. Hüquqşünas olsanız da bilmədiyiniz üçün nəzərinizə çatdırmaq istəyirəm ki, Qarabağ Azadlıq Təşkilatının Nizamnaməsinə uyğun olaraq ( eləcə də bütün təşkilatlarda bu nizamnamədə qeyd olunur) Təşkilat adından danışmaq səlahiyyəti sədr olaraq Akif Nağıya, təşkilatı idarə etmək səlahiyyəti İdarə Heyətinə verilmişdir. Sizin hansı nizamnamə pozulmasından danışmağınız mənim üçün çox qaranlıq qalır ...

Bundan əvvəl qeyd edirsiniz ki , siz Ramil Usubovu müdafiə etməklə vətəndaş mövqeyi qoyursunuz ortaya. Sizin təbirinizcə desək, “İstər siyasi mübarizədə, istər hər hansı bir müraciətdə və fərdi davranışlarda, mübahisələrdə, dialoqda mən həmişə etik normaları gözləməyə çalışır, hər bir kəsə böyük hörmət və ehtiramla yanaşır, qəlbimdə o kəsə sevgi və sayğı payı ayırıram. Bəzən mətbuatda ayrı-ayrı şəxslər haqqında qərəzli və böhtan, nifrət və kinlə dolu təhqir xarakterli yazılar yazılarkən, hətta, mənə aidiyyatı olmasa belə, bir vətəndaş olaraq bu məni düşündürür, ağrıdır. Özüm-özümə sual verirəm, biz niyə beləyik?” Doğrudan da, maraqlıdır, siz niyə beləsiniz? Bəs ermənilər torpaqlarımızı işğal edəndə sizin vətəndaş mövqeyiniz harada unudulmuşdu? Bəlkə ermənilər Xocalımızı viran edəndə sizin vətəndaş mövqeyiniz hələ formalaşmamışdı? Bir özünüz düşünün Ramil Usubovun sizin vətəndaş mövqeyinə ehtiyacı varmı? Niyə özünüzü yuyulmamış çömçə kimi ortaya atmaqla onsuz da olmayan hörmətinizi yerə endirirsiniz? Sizə veriləsi çox sualım var, amma bilmirəm bunlara cavab verməyə sizin vətəndaş mövqeyiniz yol verəcəkmi?

Mən bu yazı ilə kimsəni müdafiə etmək fikrində deyiləm. Əslində xalqın gözü tərəzidir yanaşması ilə QAT-ın təşkilat olar müdafiəyə ehtiyacı yoxdur. Dünənə qədər hakimiyyət mirzələri bizi Fələstin Azadlıq Təşkilatı ola bilməməkdə ittiham edirdisə, indi də siz hakimiyyət yazarı olaraq bizi radikallıda ittiham edirsiniz Bunu necə başa düşək? Mən də sizin kimi vətəndaş mövqeyimi ortaya qoyub bildirirəm ki, ərazimizi işğal edən Ermənistanın paytaxtına Ramil Usubovun gedişi səhv addım idi . Bu eyibi nə qədər ört-basdır eləmək istəsələr belə cinayətkar erməni milləti ilə bir masa arxasında oturub cinayətkarlığa qarşı mübarizə metodları barədə fikir mübadiləsi aparmağın özü belə anormallıqdır.

Bəs görəsən, Xocalıda günahsız yerə, yalnız bizim millətdən olduğu üçün qətlə yetirilən körpələrin qatilləri ilə bir masa arxasında oturan Ramil Usubov bunun fərqinə varmadımı? Əgər qanundan danışırsınızsa, Ramil Usubovun ora prezidentin göstərişi ilə getdiyini iddia edirsinizsə, mən sizə İlham Əliyevdən sitat gətirməklə cavab verə bilərəm. “Elə sözlər var ki, onu mən dövlət başçısı olaraq deyə bilmərəm. Elə sözləri demək məhz qeyri-hökumət təşkilatlarının üzərinə düşür və onlar da bunu deməlidir” (Maraqlansanız ANS arxivindən 2004-cü ildə prezidentin bu çıxışını tapa bilərsiniz). Demək, Ramil Usubovun bu səfərinə etiraz etmək Azərbaycan Respublikasının prezidentinin dili ilə desək, məhz Qarabağ Azadlıq Təşkilatının işidir və bəyanatda tam yerində verilmiş bəyanatdır...

Amma Ramil Usubovu müdafiə etmək səlahiyyətini sizə kim verdiyini mənə anlatsanız sevinərəm. Məktubunuzda Ramil Usubovun gördüyü bəzi işləri bizim nəzərimizə çatdırırsınız, amma unudursunuz ki, bunlar məhz onun görməli olduğu işlərdir .Ən azından o bu işlərə görə dövlətdən maaş alır. Bəlkə R. Usubova ünvanlanan şikayətlərə mən baxmalı idim? Elə danışırsınız ki, sanki R. Usubov hansısa ona aid olmayan bir işləri görüb. Vallah ayıbdır .

Məktubunuzda bəzi ölkələrdə olan statistik göstəriciləri bizim nəzərimizi çatdırırsınız. Bəlkə bir deyəsiniz o sadaladığınız dövlətlərin hansının 20 faiz torpağı işğal olunub və bir milyon qaçqını ola-ola hələ də susur? Bəlkə deyəsiniz hansı müharibə yolu ilə işğal olunmuş ərazilər sülh danışıqları ilə geri qayıdıb? Bəlkə deyəsiniz sadaladığınız dövlətlərdən hansı qan düşməni olan dövlətin paytaxtına öz daxili işlər nazirini cinayətkarlığa qarşı birgə mübarizə aparmaq üçün məsləhətləşməyə göndərib? Deyə bilməyəcəksiniz. Çünki elə bir analoqu olmayan dövlət yer üzündə yoxdur və bizdən savayı heç bir dövlət və millət belə analoqsuz səbir yiyəsi olmaq fikrində deyil. Deyirsiniz QAT-in tədbirlərində iştirak etmisiniz. Sonuncu dəfə hansı tədbirində, deyə bilərsinizmi? Yəqin ki, unutmusunuz. Unutmusunuzsa mən sizə xatırlayım. Son dəfə tədbirə yox Akif Nağının yanına səs almağa gəlmişdiniz. Həmişə olduğu kimi üzüyumşaqlıq edən Akif Nağı da sizə kömək etmək üçün təşkilat üzvlərinə müraciət edib sizi qeyrətli bir insan kimi tanıtsa da çox təəssüf ki siz indi onu xəstə təxəyüllü insana bənzədirsiniz. Bu arxadan vurulan zərbədir.

Sizi kimi sağlam olmaqdansa, bizim kimi “xəstə təxəyüllü” olmaq daha yaxşıdır. Maraqlı olan daha bir məqam odur ki, siz özünüz qeyd edirsiniz: “Mən QAT üzvlərinin böyük əksəriyyətini yaxından tanıdığım və onlara hörmətlə yanaşdığım üçün, hətta, təşkilatın bəzi tədbirlərinin və aksiyalarının mənasız və lazımsız, bəzən də şou xarakterli olduğunu düşünsəm də, bu fikirlərimi heç vaxt mətbuatda dilə gətirməmiş, sadəcə görüşəndə təşkilat nümayəndələrinin diqqətinə öz mövqeyimi çatdırmışam.”

Sizin bu fikrinizdən daha bir sual doğur Bəs niyə bu dəfə həmişə olduğu kimi etmədiniz?

Qarabağ Azadlıq Təşkilatının üzvü Manaf Kərimov