Qəhrəmanın ölümü

qehremanin-olumu
Oxunma sayı: 1289

Həmid bir dalğadan başqa dalğaya, bir mövzudan tamam başqa mövzuya asanlıqla keçən adamdır. Əlimdə kitab vardı. "Əlivida, silah" əsəri. Həmid kitabı görüb, qəfildən dedi:

- Sən Oldinqtonun "Qəhrəmanın ölümü" əsərini oxumusan?
- Yox.
- Get "Qəhrəmanın ölümü" əsərini oxu, sonra söhbət edərik...

Əlbəttə, bu, çox cığal yanaşma idi. Həmid çox asanlıqla məni susdurdu. O zaman mən çox gənc idim. Mütaliənin birinci mərhələsində çabalayırdım. Əlimə keçəni oxuyurdum. Öz həqiqətlərimə hədsiz inanırdım. Daha çox "sığallı" əsərləri oxuyurdum. Elə bilirdim ki, "Qulliverin səyahəti" doğrudan da uşaq ədəbiyyatıdır. Bilmirdim ki, "Qulliverin səyahəti" dünya ədəbiyyatının ən şedevr nümunələrindən biridir.

Beləliklə, Həmid Herisçinin tövsiyəsi ilə mən "Qəhrəmanın ölümü" əsərini oxudum. Qəribə bir hadisə baş verdi. "Nizami" kinoteatrının yaxınlığında kitab mağazası vardı. Orda əsasən köhnə kitablar satılırdı. Mağazada kitab axtarırdım. Satıcı sifətdən məni tanıyırdı. Bir kitabı götürüb, mənə sual verdi: "Bunu oxumusan?" Baxdım və gördüm ki, satıcı əlində Oldinqtonun "Qəhrəmanın ölümü" əsərini tutub...

"Qəhrəmanın ölümü" əsərini oxudum, amma müəllifin nə demək istədiyini anlaya bilmədim. Mən belə ağır səhnələrə, belə sərt reallığa hazır deyildim. Adını çəkmək istəmədiyim bir alman filosofu deyib: "İnsanlar həqiqətdən qorxub incəsənəti yaratdılar". Filosofun adını qəsdən yazmadım. Çünki o filosofun adını yeri gəldi-gəlmədi o qədər hallandırıblar ki, mən onun adını çəkməkdən artıq utanıram...

Oldinqton həqiqəti yazmaqdan qorxmayan yazıçıdır. O, yorulmadan ifşa edir. İngilis cəmiyyətini, hərbi ritorikanı, qərargah siçovullarını, ədəbi jurnalları, jurnal redaktorlarını, sənətdə hoqqabazlıq edənləri... Oldinqtonun dili çox acıdır. Oldinqton daha çox ifadə etməyə üstünlük verir. Formaya, texnikaya uyub, ifadə etməyi arxa plana keçirən yazıçı deyil. Bununla belə "Qəhrəmanın ölümü" əsərini birrəngli əsər saymaq olmaz. Oldinqton oxucusunu haldan-hala salmağı bacarır. O, inandırmağı bacarır. Mən o vaxtlar bütün bu söhbətləri heç cür başa düşə bilməzdim. Daha çox statistika naminə oxuyurdum. Maksimum "Əlvida, silah" əsərini başa düşə bilərdim. "Əlivida, silah" o vaxtkı zövqümə daha çox uyğun gəlirdi.

XXX

"Qəhrəmanın ölümü" əsərini ikinci dəfə oxudum. "Quqark"ı yazmazdan əvvəl müharibə mövzusunda yazılmış əsərləri oxuyurdum. Oxuduğum əsərlərin arasında "Qəhrəmanın ölümü" əsəri də var idi. Bu dəfə əsəri nəsə oğurlamaq, nəsə çırpışdırmaq məqsədilə oxuyurdum. Bütün səhnələrə oxucu gözü ilə baxırdım. Vaxt qazanmaq mənə mane olurdu. Elə bil zəngin bir evə girmişdim. Çox az vaxtam vardı. Çaşdım. Çox az şeylər oğurlaya bildim...

XXX

"Qəhrəmanın ölümü" əsərini üçüncü dəfə bu yaxınlarda oxudum. Bu dəfə oxucu kimi. Tələsmədən. Rahat. Qələmlə. Oğru kimi, xəyallarla yaşayan, həqiqətlərdən qorxan bir gənc kimi yox, bir oxucu kimi oxudum.

Oldinqton ədəbiyyata kitabdan gəlməyib. Oldinqton ədəbiyyata həyatdan gəlib. Oldinqton səkkiz saat işləməklə ağıllı əsər yazan deyil. Oldinqtonun hər cümləsinin altında ağır həyat təcrübəsi yatır. Oldinqton amansız, qəddar yazıçıdır.

Elə əsərlər var ki, hadisə, mövzu əsərin əvvəlində oxucuya məlum olur. Məsələn, Markesin "Gözlənilən bir qətlin tarixçəsi" əsəri. Belə əsərləri yazmaq daha çətindir. Hadisə bəllidir, səbəblər, hadisəni şərtləndirən məqamlar gedişatda məlum olur. "Qəhrəmanın ölümü" əsəri də belə əsərlərdəndir. Oldinqton əsərin lap əvvəlində oxucuya öz qəhrəmanının ölüm xəbərini çatdırır. Əslində isə Oldinqtonun qəhrəmanı ölmür, intihar edir. Müharibəyə getmək intiharın bir formasıdır. Məsələn, Stefan Sveyq "Dünənin dünyası" əsərində yazır ki, o vaxtlar kişilərin, gənclərin çoxu zöhrəvi, cinsi yolla keçən xəstəliklərdən olmazın əziyyət çəkirdilər. Həkimə getməkdən utanırdılar. Öz yaxınlarına belə xəstəliklər haqda danışmaqdan qorxurdular. Biabır olacaqdılar. Ona görə müharibə belə kişilər, gənclər üçün ələ düşmüş bir fürsət idi. Xəstəliklərdən əziyyət çəkən gənclər, kişilər müharibəyə həvəslə gedirdilər. Onlar öz təsadüfi faciələrinə tarixi məzmun qatmaq istəyirdilər. Bu, bir növ intihar idi...

Eləcə də Tolstoyun "Anna Karenina" əsərində də biz müharibəyə getməyin intiharın bir forması olduğunu görürük. Qraf Vronski hər şeyə son qoymaq üçün Balkan müharibəsinə gedir...

Oldinqtonun qəhrəmanı isə ikiqat intihar edir. Birinci dəfə müharibəyə getməklə, ikinci dəfə isə sinəsini alman pulemyotunun yağış kimi yağdırdığı güllələrin qabağına verməklə. Bu vətənpərvər, sadəlövh, qarşısına igidlik etməyi məqsəd qoymuş bir əsgərin hərəkəti deyildi. Oldinqtonun qəhrəmanı, sadəcə, hər şeydən şiddətli dərəcədə yorulmuşdu. Rəssamlardan, sənətdən, ədəbiyyatdan, jurnal redaktorlarından, saxta vətənpərvərlərdən, hərbi ritorikadan... Hər şeydən. Oldinqtonun qəhrəmanı hər gün gördüyü meyitlərdən birinə çevrilmək istəyirdi. Yorulmuşdu. Darıxırdı. İyrənirdi. Danışa bilmirdi. Oldinqtonun qəhrəmanı hər şeyə nöqtə qoymaq üçün gözlərini yummaq və döyüş meydanında yan-yana düzülmüş meyitlərdən birinə çevrilmək istəyirdi. Burda deyirdi: "Həyat əbədi iztirabdır". Nə qədər ki, ruh bədəndən çıxmayıb, düşünməyi bacaran, öz zəkasını müşahidə edə bilən insanlar iztirablar çəkəcəklər. Oldinqtonun qəhrəmanı bilirdi ki, lap müharibə bitsə belə mülki həyatda da rahatlıq tapmayacaq. Bəli, cəbhədə çox çətindir, amma arxada da çətindir. Bir növ Y.Nikulinin baş roda çəkildiyi "İyirmi gün müharibəsiz" filmində olduğu kimi.

Oldinqton müharibənin iyrəncliyini çox amansızlıqla, qəddarcasına göstərir. Bu baxımdan "Əlivida, silah" əsəri "Qəhrəmanın ölümü" əsərinin yanında xatirə dəftəri kimi görünür. Oldinqtonun "Qəhrəmanın ölümü" əsərini ağırlıq baxımından yalnız Anri Barbüsün "Atəş" əsəri ilə müqayisə etmək olar. Təəssüf ki, "Qəhrəmanın ölümü" əsəri Azərbaycan oxucusuna çox da tanış deyil. Dəqiq bilmirəm, əsər deyəsən, Azərbaycan dilinə tərcümə olunmayıb. Rus dilinə tərcümə olunub. İngilis dilini bilənlər əsəri orijinaldan oxuya bilərlər. Mən bu yazıyla belə bir əsərin olduğunu bu yazını oxuyanlara çatdırmaq istəyirdim. Əlbəttə, əsəri oxuyan xeyli adamlar var. "Qəhrəmanın ölümü" əsəri sovet dövründə bir milyon tirajla nəşr olunub.

Oldinqton nədənsə Azərbaycan oxucusuna çox az tanışdı. Mən, sadəcə, ciddi əsər axtaran gənclərin nəzərinə belə bir əsərin olduğunu çatdırmaq istəyirdim. Ona görə də, süjet haqqında geniş yazmadım. Zatən "Qəhrəmanın ölümü" əsərinin necə ağır əsər olduğunu bir yazıyla çatdırmaq əsla mümkün deyil. Bu yazı isə mənəvi borcum idi. Borcumu ödəməyə cəhd etdim.

Mia.az