Rüstəm Usubov infarkt keçirdi

rustem-usubov-infarkt-kecirdi
Oxunma sayı: 859


Sentyabrın 14-də Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin baş prokurorlarının əlaqələndirmə şurasının iclası öz işinə başlayıb. Mötəbər məndbədən aldığımız məlumata görə iclasda Azərbaycanı baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir zamanı Rüstəm Usubov çıxış edərkən qəfildən yerə yıxılıb. Təcili tibbi yardım həkimləri R.Usubovun ağır dərəcəli infarkt keçirdiyini müəyyən ediblər. Mənbəmiz qeyd edib ki, 1 həftədən artıqdır ki, baş prokurorun birinci müavini reanimasiyadadır.

Qeyd edək ki, 2007-ci ilin sentyabrının bu günlərində baş prokuror Zakir Qaralov ağır dərəcəli infarkt diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Onu sonradan təyyarə ilə Almaniyaya aparıb vəziyyətini həkimlərin səyi ilə yaxşılaşdırmışdılar.
R.Usubovun vəziyyəti ilə bağlı məlumat almaq üçün Baş Prokurorluğun mətbuat xisməti ilə əlaqə saxladıq. Öyrəndik ki, E.Sultanov qısa müddətli məzuniyyətə çıxıb. Xidmət əməkdaşlarından biri isə R.Usubovun Minskdəki tədbirdə infarct keçirməsi barədə məlumatsız olduqlarını dedi.
Qeyd edək ki, Minskdəki tədbirdə baş prokurorlar MDB ərazisində öz ölkələrindən kənarda yaşayan vətəndaşların hüquqlarının qorunmasını müzakirə edəcəkdilər.
Həmçinin, iclasda cinayətkarlıqla mübarizədə birgə tədbirlərlə bağlı dövlətlərarası proqramın icrasının nəticələri, terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə əməkdaşlıq, narkotik və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri ilə mübarizə üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaqdı. Lakin R.Usubovun qəfil xəstəliyi bu müzakirələri yarımçıq qoyub.

musavat.com