“Tərs kimi bu ölüm payıza düşdü” – Atam... Atam...

ters-kimi-bu-olum-payiza-dusdu-atam-atam
Oxunma sayı: 953





Atam… Atam…

Bir payız gününün batabatıydı,
Atam birdən düşdü yorğan döşəyə.
Bəlkə də ölümün zarafatıydı,
Gördü ki,fürsətdi saldı gerçəyə.
Yerin qarğışıydi,göyün qarğışı
Tərs kimi tökürdü payız yağışı.
Tərs kimi kalxozun Ağyal atinı
Sədirdən izin alib gec tapa bildim.
Tərs kimi Ağyalı alixlamağı
Hələ bacarmırdım,uşaqdım axı..
Mən başqa haydaydım,
At başqa kefdə

Çatdım qonşu kəndə ilkindi çağı.
Feldşer Soltan Əli yox idi evdə;
Tərs kimi baş kənddən gəldi sorağı.
Bu tərslik könlümə elə dəydi ki,
Bütün varlığımı yandırdı bənd-bənd.
Feldşer Soltan Əli neyləyəydi ki,
Onun kinəsinə baxırdı beş kənd.
Tərs kimi gözlədim gəlib çıxmadı,
Ağyala bir çubuq çalıb gedəydik.
Dedilər feldşer də qalib o tayda,
Tərs kimi Göyçay da coşmuşdu yaman.
Tərs kimi Ağyal da büdrədi çayda,
Daha özgə yerə qalmadı güman.

Axir ki, kor-peşiman qayıtdım geri,
Gördüm atamında dəyişib halı.
Bir kinədən ötrü gəzdik evləri;
Sonra gəlib çıxdı müəllim Ali.
O da dedi görək bu nə azardı;
İbn Sinadan da bilmirdi bir az.
Kənddə ot tanıyan bir qoca vardı
Tərs kimi ölmüşdü o da keçən yaz.
Durub yalvarırıq bizdə ölümə,
Tərs kimi yol tapib biz ölməmişik.
Bir təbib əlində heç nəymiş demə
Atami sağaltmaq,
Biz bilməmişik.
Sən demə, Baki var, Moskva varmış,
Sən demə dünyada ölü dirildən
Min bir dərd yaninda min dava varmış,
Sən demə şipşirin dillər də varmış,
Sən demə şəfalı əllər bizim deyildi,
O əllər heç bizə yetən deyildi.
Durub yalvarırıq bizdə ölümə,
Bu zaval dərmansız ötən deyildi.
Tərs kimi yaman gec kəsdi o yağış,
Göyçay da gec yatıb, gec aram oldu.
Feldşer Soltan Əli gəlib çıxmamış
Deyəsən vaxt keçib, gün tamam oldu;
Eh, o da gec gəlib, gec çata bildi,
Gündən saralmış barmaqlarıyla
Atamın nəbzini gec tuta bildi.
Ümid gecikdisə, əcəl tələsdi,
Tərs kimi o payız yelləri əsdi.
Tərs kimi qəfləti, lap birdən-birə...
Tərs kimi məni də qoymadılar ki.
Atamin üzünə baxim son kərə.
Bəxtimiz şaxtaya, ayaza düşdü,
Tərs kimi bu ölüm payıza düşdü.
Tərs kimi qarşıdan qış da gəlirdi.
Tərs kimi atam da üçcə gün qabaq
Ətiylə vermişdi inəyimizi.
Soruşduq demədi.

Bilmədik haçan
Səlimdə vergiyə qoşmuşdu bizi.
Tərs kimi bu vədlər böyük dərd idi.
Tərs kimi qanun da bir az sərt idi...
Öldü cavan atam,
Gör nə yaşdaydı-
Hər şeyin günahı o yağışdaydı,
Ya da ki, Ağyalı gec tapmağımda.
Yox günah Göyçayın daşmağındaydı,
Havanın yas tutub gülməməyində.
Ali müəllimin İbn Sinadan
Bir kəlmə də olsun bilməməyində,
Feldşerin vaxtında gəlməməyində,
Günah o yağışda, yağışdaydi ki...
Öldü cavan atam.
Nə yaşdaydı ki...