Türkiyədəki dedi-qodulara Azərbaycandan tutarlı - cavab

turkiyedeki-dedi-qodulara-azerbaycandan-tutarli-cavab
Oxunma sayı: 683


“Türk diplomatiyası, Azərbaycan və erməni iddiaları”

Hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) “sıfır problem” siyasəti yeridərək Türkiyənin “strateji dərinliyini”, yəni regionda təsir imkanlarının artmasını təmin etmək məqsədi güdürdü. Lakin son zamanlar Türkiyə xarici siyasəti silsilə uğursuzluqlara imza atmış, bu ölkənin qonşu dövlətlərlə münasibətləri kəskin şəkildə pisləşmişdir

Rəsmi Ankara Suriya, Iraq, İran və İsrail kimi dövlətlərlə əlaqələri normal axara salıb, mövcud fikir ayrılıqlarını əməkdaşlıq yolu ilə aradan qaldırmaq əvəzinə, onlarla qarşıdurmanı gücləndirmişdir. Qeyd etmək lazımdır ki, son illər Türkiyə və Suriya arasında yaşanan isti münasibətlər çərçivəsində Ərdoğanla Bəşər Əsəd şəxsi dostluq əlaqələri qurmağa nail olmuşdular. Lakin Suriyaya qarşı rəsmi Ankaranın kəskin mövqe nümayiş etdirməsi, öz ərazisində Suriya hökumətinə qarşı etiraz edənlərə sığınacaq verməsi, yeni formalaşan müqavimət ordusunu dəstəkləməsi və təlimləndirməsi hər iki dövlət arasında münasibətləri düşmənçilik səviyyəsinə çatdırmışdır.
Ərdoğanın İranda son prezident seçkiləri zamanı baş verən hadisələrə, dinc nümayişçilərin qətlə yetirilməsinə soyuqqanlı yanaşıb, seçkilərin nəticələrini tanımasına baxmayaraq, onun Suriya ilə bağlı tutduğu mövqe İranla münasibətlərin gərginləşməsinə səbəb oldu. Qatı radikal və mühafizəkar İran rejimi rəsmi Ankaranı Qərbin maraqlarının daşıyıcısı olmaqda suçladı. İranın bu mövqeyini sərtləşdirən digər bir məqam isə Amerika tərəfindən təklif edilən raket əleyhinə müdafiə sistemində Türkiyənin iştirak etmək istəyi oldu. Bundan başqa İraqda təsir uğrunda gedən mübarizədə Türkiyə Tehran üçün əsas rəqib hesab olunur. Bütün bunların sonunda, İran və Suriyanın kürd amilini Türkiyəyə qarşı təsir vasitəsi kimi istifadə etməsi, regionda qeyri-sabitliyin artması gözlənilən risklərdir.
Digər tərəfdən, rəsmi Ankara regionda təsirini artırmaq məqsədilə “türk-ərəb azad ticarət zonası” yaratmaq ideyasını irəli sürdü. Türkiyədən Mərakeşə qədər böyük bir coğrafi zonanı əhatə etməyi nəzərdə tutan bu layihəyə “ərəb baharı” kontekstində yaşanan gərginlik nəticəsində xitam verildi. Digər bir məqam isə ondan ibarətdir ki, keçmiş imperiya dövləti olan Fransanın tarixində qara səhifələr var. Ərdoğanın tez-tez Əlcəzairdə fransız əsgərlərinin törətdiyi qırğınlara istinad etməsi Əlcəzair hökumətinin etirazına səbəb oldu.
Türkiyənin son dövrlərdə atdığı bir çox addımlar təəssüf olsun ki, daha çox ideoloji amillərə əsaslanır və siyasi realizmdən uzaqlığı ilə səciyyələnir. Müşahidə edilən müvəffəqiyyətsizliklərin əsası da məhz ideoloji baxışa üstünlük verilməsi olmuşdur. Qonşu dövlətlərlə yaşanan gərginlik Davudoğlunun “sıfır problem” doktrinasının nəticəsiz qaldığını, özünü doğrultmadığını bir daha sübut etdi.
Sonuncu uğursuzluq isə Fransa Senatının uydurma erməni “soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi oldu. Ermənistanla başlayan normallaşma prosesi iddia edildiyi kimi sonda Türkiyənin regionda mövqeyini gücləndirməyə, Ermənistanın isə əsassız iddialardan əl çəkəcəyinə hesablanmışdı. Lakin hadisələrin gözlənilən istiqamətdə inkişafı ilk əvvəldən göstərdi ki, futbol diplomatiyası uğursuzluğa məhkum edilmişdir. Bu prosesin Türkiyə üçün sadəcə itirilmiş vaxt olduğunu desək heç də yanılmarıq. Türkiyə çalışmalı idi ki, Fransa ictimaiyyətini obyektiv məlumatlandırsın, “qondarma soyqırımı” iddiasının Türkiyə və Ermənistan arasında münasibətlərin gərginləşməsinə xidmət etməsini, regionda sülh və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olmasını arqumentlərlə əsaslandırsın.
Fransa Senatında kifayət qədər öz ölkəsini və xalqını sevən, qanunun mahiyyətinə siyasi prizmadan deyil, sırf hüquqi baxımdan yanaşan, Azərbaycanın haqq işinə inanan insanlar var. Onlar səsvermədə öz etirazlarını bildirdilər. Bu özü də Azərbaycanın Türkiyəyə birmənalı dəstəyinin ifadəsidir.
Senatın məlum qərarından dərhal sonra həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də Prezident Administrasiyası səviyyəsində etiraz bəyanatları verildi. Bu, Azərbaycan Prezidentinin prinsipal mövqeyidir. Bundan başqa, Fransada təşkil edilən etiraz aksiyalarında türklərlə bərabər azərbaycanlılar fəal iştirak etdilər. Türk dilli dövlətlər arasında Azərbaycan yeganə dövlətdir ki, Türkiyəni bu səviyyədə dəstəklədi və dəstəkləyir. Heç bir türk dövləti adi bəyanat səviyyəsində belə çıxış etmədi. Lakin bütün bunlar Türkiyədəki bəzi qrupları qane etmir. Onlar Türkiyənin regional siyasətinin, daha doğrusu “sıfır problemi”nin həyata keçirilməsinin qeyri-mümkün olduğunu dərk edib daha rasional addımlar atmaq əvəzinə, Azərbaycanı günahlandırıb, özlərinə təsəlli tapmaq istəyirlər. Jurnalist Taha Akyolun “Hürriyyet” qəzetində yer alan yazıları da bunun bariz nümunəsidir.
Belə ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması son günlərin aktual mövzusuna çevrilmişdir. Əlbəttə, Azərbaycan hələ 15 il bundan öncə Fransanın üzvlüyünə etiraz etmişdir. Lakin bu münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Hər hansı bir məsələdə tək Azərbaycanın istəyi yetərli deyil. Minsk qrupunun tərkibinə yenidən baxılması isə ATƏT səviyyəsində ümumi konsensus tələb edir. Buna Fransanı dəstəkləyən bəzi Avropa dövlətlərinin və erməni lobbisinin güclü təsirə malik olduğu böyük dövlətlərin etiraz edəcəyi indidən aydındır. Bu məsələni qaldırmaqla, özümüzü təcrid olunmuş duruma da sala bilərik. Buna görə də, Fransaya münasibətdə sonluğu bəlli olan addımların atılması daha rasional bir mühakimədir. Türkiyə bacardığını etməyə çalışmalı, üstünlüyə malik olduğu istiqamətlərdə fəaliyyətini artırmalıdır.
Lakin rəsmi Ankara Fransa ilə münasibətləri yenidən nəzərdən keçirmək iradəsini nümayiş etdirməsinə baxmayaraq, malik olduğu təsir imkanlarından istifadə etməyə tələsmir. Son günlər hökumətin bu məsələyə az diqqət verməsi öz-özlüyündə suallar doğurur. Fransa mətbuatının yazdığına görə, bu, Ərdoğan hökumətinin oyunu sakitləşdirmək istəyindən də qaynaqlana bilər. Halbuki, iqtisadi sahədə hər iki dövlət arasında qarşılıqlı əlaqələr kifayət qədər inkişaf etmişdir və Türkiyə dövlət olaraq sanksiya xarakterli tədbirlər həyata keçirməklə Fransanın həm iqtisadi maraqlarına, həm də siyasi-mədəni təsirinə zərbə vurmuş olar. Avropa Birliyinin dəstəklədiyi “Cənub qaz dəhlizi”, Rusiyanın planlaşdırdığı “Cənub axını” qaz boru kəməri layihəsi Türkiyə ərazisindən keçir. Sonuncu layihə haqqında razılıq 28 dekabr 2011-ci il tarixində Türkiyə tərəfindən təsdiq edildi. Fransanın “Electricite de France” şirkətinin 15% payla iştirakına Türkiyə etiraz edə bilərdi. Səslənən təhdidlərin həyata keçirilməsi və yaxud bu istiqamətdə real işin aparılması təhdidin ciddilik dərəcəsindən xəbər verir.
Digər tərəfdən, Xocalı soyqırımı məsələsi qəti şəkildə beynəlxalq birliyin, xüsusilə Fransa cəmiyyətinin gündəliyinə gətirilməlidir. Ermənilər “məzlum xalq” imici arxasında pərdələnərək, Azərbaycana təcavüz edib 20% torpaqlarını işğal etmiş, bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin salmış, Xocalıda dinc Azərbaycan əhalisinin soyqırımını törətmişlər. Hazırkı Ermənistan rəhbərliyi vaxtilə Xocalıda hələ bələkdə olan azərbaycanlı uşaqları qətlə yetirməkdən çəkinməmişlər. Bu, insanlığa qarşı cinayətdir.
Fransadan öncə Türkiyə Xocalı soyqırımına hüquqi qiymət verməlidir. Türkiyə Böyük Millət Məclisi sadəcə sədrin bəyanatı ilə kifayətlənməməli, Xocalıda dinc sakinlərin qırğınına münasibət bildirib, hüquqi qərar qəbul etməlidir. “Hər birimiz xocalılıyıq” şüarlarını nəhayət türk cəmiyyəti eşitməlidir.
Hakimiyyətə ideoloji yaxınlığı ilə seçilən, Baş nazir Ərdoğanın qudasının qardaşına mənsub olduğu bildirilən “Yeni Şafak” qəzetinin, “Türkiye Gazetesi”nin və önəmli hallarda hakimiyyətə yaxın şəxslərin fikirlərini səsləndirən “Hürriyyet” qəzetinin Azərbaycana qarşı kampaniya aparması nə anlaşılan, nə də ümumi işin xeyrinədir. Bu qəzetlər Azərbaycana dəstək vermək əvəzinə, erməni təbliğatının daşıyıcısına çevrilirlər. Müəyyən bir qrupun sifarişi ilə belə yazıların verilməsi ən azından siyasi səbatsızlıqdır.
Təəssüflər olsun ki, Xocalı soyqırımı yalnız son günlər Ərdoğanın yadına düşmüş, halbuki bu erməni vandalizmin ən bariz nümunəsidir. Hər zaman Fransanın Əlcəzairdə qeyri-insani hərəkətlərini vurğulayan Ərdoğan erməni vandallarının Xocalıda törədikləri soyqırımdan danışmır. Türk hökuməti fələstinliləri ərəb ölkələrinin özlərindən daha çox müdafiə edir. Əlbəttə, fələstinlilərin hüquqlarını müdafiə etmək hər birimizin borcudur. Lakin niyə hər zaman Fələstindən danışan Əminə Ərdoğan Xocalını yadına salmır. Halbuki, Xocalı məsələsini daim diqqət mərkəzində saxlamaq, ermənilərin cinayətlərini, cinayət fəaliyyətlərini və riyakarlığını dünyaya sübut etmək üçün əsas amildir.