“Bu saziş öz əhəmiyyətini itirməyib” - SOCAR prezidenti

“Bu saziş öz əhəmiyyətini itirməyib”
Oxunma sayı: 585

“20 il keçməsinə baxmayaraq, "Azəri", "Çıraq" və "Günəşli" (AÇG) yataqlarının işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş öz əhəmiyyətini itirməyib”.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kapian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsinin müzakirə olunduğu iclasda komitənin üzvü Rövnəq Abdullayev sazişin əhəmiyyətindən danışıb və bildirib ki, qanun layihəsində o qədər də ciddi dəyişiklik edilməyib:

"Təkcə Azərbaycanın hazırkı inkişafı üzrə rəqəmlər dəyişib ki, bu da xeyrimizə olan göstəricilərdir. 20 il keçməsinə baxmayaraq, bu saziş yenə də öz əhəmiyyətini itirməyib".

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə bildirib ki, SOCAR və Azərbaycan Respublikası bu yenilənmiş, uzadılmış sazişi bundan öncəki şərtlərdən aşağı yox, daha üstün şərtlərlə imzalayıb: "Bu da təbiidir, çünki artıq risklər yoxdur. Bu risklər olmadığına görə Dövlət Neft Şirkəti danışıqlar nəticəsində daha üstün, daha əlverişli şərtləri əldə edə bilib. Burada şirkətlərin daha aşağı risklərlə iş aparmasına imkan yaradılır və bunun da əvəzi olaraq dövlətə 8 il ərzində hər il 450 milyon dollar vəsait ödəniləcək".

Sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi