CDB Bankın “AtaBank”a qoşulması ilə bağlı mətbuat konfransı keçirilib

cdb-bankin-atabanka-qosulmasi-ile-bagli-metbuat-konfransi-kecirilib
Oxunma sayı: 1017

Bu gün “Excelsior” hotelində “Caspian Development Bank”ın “AtaBank”a qoşulması ilə bağlı mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, “Synergy Group”, “AtaBank” və "Caspian Development (CDB) Bankın rəhbərliyi iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov konsolidasiya prosesinə qoşulmuş hər iki bankın “Synergy Group” ailəsinin üzvü olduğunu qeyd edib, bir müddət öncə səhmdarların qərarına əsasən, “AtaBank”ın mövcud nizamnamə kapitalının daha 20 milyon manat artırılaraq 70 mln. manata çatdırıldığını deyib: "Bununla yanaşı, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “AtaBank”a qoşulması barədə qərar qəbul edilib. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “AtaBank”a keçəcək və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaq".

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü İmran Məmmədov bu prosesin hər iki bank üçün sinerji effekti verəcəyi, daha güclü və dayanıqlı bir bank formalaşacağını vurğulayıb.

"AtaBank" İdarə heyətinin sədri Dəyanət Quliyev qeyd edib ki, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “AtaBank” üzərindən aparılacaq. O, həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib.

"Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova konsolidasiyada məqsədin, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhvə vermək olduğunu deyib. 

Səhmdarların digər qərarına əsasən, bank xidmətlərinin səviyyəsinin artırılması və müştərilərə daha rahat və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə yaxın zamanlarda böyüyən bankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcəyi də media nümayəndələrinin diqqətinə çatdırılıb.