“Çox-çox uzağa baxırıq” – İlham Əliyev

cox-cox-uzaga-baxiriq-ilham-eliyev
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı müsahibədə digər məsələlərlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritetliyini bir daha qeyd edib.
“Bu gün müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq. Biz kosmik sənaye yaradırıq. Yəni, biz bəzilərinin fikrincə, Azərbaycanın baxmalı olduğundan çox-çox uzağa baxırıq. Bizim planlarımız kimlərinsə düşünə biləcəyi kimi Azərbaycanın malik olduğu imkanlardan bəlkə də qat-qat geniş və əhatəlidir”, müsahibədə Prezident İlham Əliyev bildirib.

Dünya irəliyə doğru hərəkət edir. Biz də onunla ayaqlaşmalıyıq, dövlət başçısı qeyd edib.
“Yaxın onilliklərdə dünyada kimlər üstünlük təşkil edəcəkdir? Kimin biliyi çoxdursa onlar. Yalnız onlar. Energetika, yaxud deyək ki, hərbi sahə müasir texnologiyaların, nanotexnologiyaların, müasir istehsalatların, elmə investisiyaların inkişafı nəzərə alınmaqla dünyada baş verən hadisələrdə intellekt kimi aparıcı rol oynamayacaqdır. Əlbəttə, bir müddətdən sonra yüksək texnologiyalar sahəsində Azərbaycanın birinci yerdə olacağını gözləmək çətindir. Lakin biz harada olmalıyıq? Biz həmin texnologiyaları yaradanlardan bir addım arxada olmalıyıq”, dövlət başçısı vurğulayıb.

“Bir şey yaradıblarsa, biz burada olmalıyıq, nə isə yeni bir şey istehsal ediblərsə, biz onu mənimsəməliyik. Bunu etmək üçün təkcə vəsaitə malik olmaq kifayət deyil, kadrlara, infrastruktura, konsepsiyaya, strategiyaya malik olmaq lazımdır. Vaxt gələcək, biz də dünya əhəmiyyətli məhsullar istehsal edəcəyik”, dövlət başçısı əminliyini ifadə edib.

Nigar Məmmədli