Darıxmaq qorxusu…

darixmaq-qorxusu
Oxunma sayı: 2408

Xuraman Hüseynzadə

Uşaqlıq illərim Gəncədə nənəmlə babamın yanında keçib. Böyüdüm, universitetə qəbul oldum. Ondan bir az əvvəl-uşaqlıq illərimin son günündə atam gəldi məni apardı. Öpüşüb-görüşüb ayrıldıq nənəmdən. Evdən xeyli aralanmışdıq ki, elə bil, kimsə mənə dedi, bir dön, geriyə bax. Geri döndüm ki, nənəm arxamızca gəlir. Evdə geydiyi qara qatlama ipək tuman əynində, üstü iri qızılgüllü, qara saçaqlı yaylıq başında…

Təəccübləndim: - “Ay ana, sən niyə gəlirsən?” (Bütün nəvələri ona “ana” deyirdi) Əlini apardı başına, geri sürüşmüş yaylığını düzəltdi. Bircə kəlmə “Nə bilim, elə-belə gəldim” dedi. Daha heç nə demədi. Həyəcanlıydı. Gözləri doldu. Ümidsiz-ümidsiz geri qayıtdı. Əmim, babam yanındaydı. Darıxacağını təsəvvür etmirdik. Amma darıxırdı. İki aydan sonra rəhmətə getdi nənəm…

Nənəmlə bağlı çox xatirəm var. Amma ən çox yadımda qalan yuxarıda yazdığım hadisədi. Onun arxamızca gəlməyi… Başından sürüşən qırmızı güllü qara yaylığını düzəldərkən dolan gözlərini heç unuda bilmirəm… O gözlərdə bir qorxu da vardı həmin an: Darıxmaq qorxusu…

***
Anamın Solmaz adlı müəllimə rəfiqəsi var. Övladları Avropada yaşayır. Tez-tez görüşürük Solmaz müəlliməylə. Övladları qoymur onu korluq çəksin. Di gəl, qadın həmişə hüznlüdü. Dindirirsən, ağlayır.

Təxminən dərdini bilirdik. Danışanda çalışırdıq, darıxmaqdan, tənhalıqdan söz açmayaq. “Mən darıxmaqdan öləcəm” deyir həmişə. Hər mövzuya təskinlik vermək olur, darıxmaqdan başqa-bunu onunla söhbət edəndə daha yaxşı dərk edirəm. Oğlunun təkidi ilə bu yaxınlarda getdi Almaniyaya. Ordan mənə mesaj yazıb ki, darıxıram. Gəlini almandı. Deyir, söhbət eləyə bilmirik. Hətta darıxdığını da gəlininə başa sala bilmir. Ünsiyyət üçün darıxdığını deyir Solmaz müəllimə.

Konstantin Paustovskinin “Teleqram” hekayəsində bir məqam var: Qızı gedəndən sonra tək yaşayan Katerina Petrovna, rəssam atası ilə birlikdə Parisdə keçirdiyi yay və Viktor Hüqonun dəfn mərasimini görməsi haqqında danışmağa bir adam tapmır. Bunları hər gün gəlib ona quyudan su daşıyan, döşəməsini yuyan, süpürən, samovarını qaynadan Manyuşkaya danışmaq mümkün deyildi.

“Yaşlı adamlarla cavanların darıxmağı da bir olmur”, - deyirdi nənəm… Yazıq nənəm…