Dələduzluqda ittiham olunan qadınlar məhkəmədə

deleduzluqda-ittiham-olunan-qadinlar-mehkemede
Oxunma sayı: 1217

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə ittiham aktı elan edilib. Hər iki şəxs günahsız olduğunu deyib.

T.Əkbərli bildirib ki, zərərçəkmiş Bəhruz Nağıyevdən pulu sələmə götürüb. İfadə verən B.Nağıyev isə bunu təkzib edib və pulu birgə biznes qurmaq üçün verdiyini deyib.

Proses yanvarın 19-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən qadınlar vətəndaş Bəhruz Nağıyevdən 400 min manat alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilirlər. B.Nağıyevin təqsirləndirilənlərdən biri, T.Əkbərli ilə yaxın münasibəti olub.

Murad Əhməd