Dələduzluqda ittiham olunanlar məhkəmə önündə

deleduzluqda-ittiham-olunanlar-mehkeme-onunde
Oxunma sayı: 935

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə E.Həsənov ifadə verib. O deyib ki, "8-ci km" bazarında fəhlə işləyib və komputerləri maşından boşaltmaqla məşğul olub: "Zərərçəkənlərdən bircə Habil Hənifəyevi tanıyıram. O mənə zəng edib  “BestComp Group firmasının rəhbəridir?” deyə soruşdu, mən də “yox” dedim. Mən Rəşadın yanında fəhlə işləmişəm, 20 manat pul almışam. Mənim bu işlərə heç bir aidiyyatım yoxdur”. 

Suallara cavab verən E.Həsənov özünü zərərçəkənlərə “Eldar” adı ilə təqdim etdiyi etiraf edib.

Rəşad Babayev isə ifadəsində “BestComp” firmasında sürücü işləyib 680 manat maaş aldığını deyib: “Mən zərərçəkmişlərdən ümumi 41 min manat almışam, amma onlara 65 min qaytarmışam. Heç bir sənədə qol çəkməmişik. Habildən ümumiyyətlə pul almamışam”.

İttihama görə, Nərimanov rayonunda yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb. Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər. Onlar həmçinin, 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu ədələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər. Onlara ucuz komputer satacaqlarını vəd edərək aldadıblar.

Murad Əhməd