Deputat kürdlərlə bağlı açıqlamanı təkzib etdi

deputat-kurdlerle-bagli-aciqlamani-tekzib-etdi
Oxunma sayı: 882

"Mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm".

“Qafqazinfo” Mİlli.Az-a istinadən  xəbər verir ki, bunu Milli məclisin üzvü, AMEA Şərqşünaslıq İnstitutununu direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

Bu günlərdə mediada söyləmədiyi ifadənin xəbər başlığına çıxarıldığını deyən millət vəkili buna qəti etirazını bildirib:  "Saytın müxbiri telefon vasitəsilə mənə İraq Kürdüstanında referenduma dair suallar verib və mən imkanım daxilində onları cavablandırmışam. Həmin saytda 20 avqust tarixində yayımlanan xəbərdə isə mənim adımdan guya kürdlərin heç zaman Azərbaycan torpaqlarına iddialarının olmalarını gizlətmədiklərini söyləməyim qeyd edilib və bu fikir yazının başlığına da çıxarılıb.

Bununla əlaqədar bildirirəm ki, mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bu, sadəcə, sensasiya axtaran sayt nümayəndəsinin öz təxəyyülünün məhsuludur. Belə sensasiyalı fikri dərhal köçürüb tirajlayan digər sayt nümayəndələri isə həmin fikrin, həqiqətən, deyilib-deyilmədiyini zəng edib məndən öyrənə bilərdilər. İkincisi də xəbərdə mənim söylədiklərimin, əsasən, vasitəsiz nitq formasında olduğu halda, başlığa çıxarılan fikrin nə üçün mətndə vasitəli nitq formasında təqdim olunması o yazıdan istifadə edənlərdə şübhə doğurmalı idi. Əgər fikir başlığa çıxarılıbsa, nə üçün bu qədər əhəmiyyətli hesab edilən fikir birbaşa müsahibin sözləri ilə deyil, jurnalistin guya mənim sözlərimi dolayısı ifadəsi ilə təqdim olunub? Bütün bunlar yalnız təəssüf doğurur".

G.Baxşəliyeva əlavə edib ki, Azərbaycanla bağlı qeyd edilən həmin fikir dövlətçiliyimizə ziddir: "Mən, tam məsuliyyətim ilə bəyan edirəm ki, Azərbaycanda kürdlərlə bağlı heç bir problem və ya ərazi iddiası məsələsi mövcud deyil və olmayıb da. Bu fikri ancaq Azərbaycan dövlətçiliyinə və Azərbaycanda millətlər arasındakı səmimi münasibətlərə zərər vurmaq istəyən insanlar ortaya ata bilərlər".

Qeyd edək ki, G. Baxşəliyevanın sözügedən açıqlamasını Virtualaz.org saytı yaymışdı.