Dostumuzu tanıyaq…

dostumuzu-taniyaq
Oxunma sayı: 1446

Nadir Qocabəyli

Son iki gündə Azərbaycan saytları Anatoli Olovintsov adlı bir rus akademikin Çingiz xanın monqol olmaması və türk olması haqda müsahibəsini həvəslə dərc edirlər. Bu, əlbəttə, təzə söhbət deyil. Çünki böyük xaqanın milli mənsubiyyəti ilə bağlı uzun illərdir bu cür söhbətlər dolaşır, məqalələr dərc olunur və heç kəsin də buna elə bir etirazı yoxdur. Ancaq rus akademikin müsahibəsi nədənsə hamımızın yaman kefinə batıb.

Bu məsələ, yəni hansısa avropalının, həm də elə rusun (çünki onlar da avropalıdır!) haqqımızda haçansa babat bir fikir söyləməsini əlimizdə dəstəvuz eləməyimiz təzə söhbət deyil. Hər birimiz hətta yas məclislərində moizə edən mollaların belə, özlərini savadlı göstərmək, söylədikləri fikri arqumentləşdirmək üçün qərbli və rus alimlərin fikirlərinə istinad etdiklərini dəfələrlə görmüşük. Bu məsələ biz yazı-pozu adamlarının, alimlərimizin, tənqidçilərimizin də həssas yeridir. Nə qədər çox əcnəbi alim adı çəksən, nə qədər çox sitat gətirsən, söylədiyin fikir bir o qədər etibarlı sayılacaq, ciddi qəbul olunacaq, özün də savadlı adam hesab ediləcəksən.

Qərblilərə istinad etməyimizin əsas səbəbi, şübhəsiz ki, elmin, fəlsəfənin, ədəbiyyatın bizə əsasən oralardan, həm də Rusiyadan keçərək gəlməsiylə bağlıdır. Ancaq bu təkcə bizdə belə deyil.

Uzun illər öncə Türkiyənin Konya şəhərində Cəlaləddin Ruminin məzarını ziyarət etdikdən sonra sosiologiya müəllimimizlə dini mövzuda, daha dəqiqi, təkamül nəzəriyyəsi il bağlı kiçik bir mübahisəmiz oldu. Mən Darvin nəzəriyyəsini müdafiə etdim, o da Adəm və Həvva məsələsini. Adamın bütün arqumentləri tükəndikdən sonra dedi: “Aynştayn da inanmış…”

Hazırda münaqişə şəraitində yaşadığımız qonşularımızla apardığımız informasiya müharibəsində də, rus alim və ədiblərin, şairlərin fikirlərindən gen-bol faydalanırıq. Konflikt başlayandan hamımız ermənilərin pis, haqsız, nankor millət olduqlarını sübut etmək üçün Vasili Veliçkonun “Qafqaz” əsərindən sitat gətirir, Aleksandr Puşkinin “Ты трус, ты раб, ты армянин!» misrasını təkrarlamaqdan yorulmuruq. Bu yaxınlarda qonşularımızla münaqişə başlayandan sonra dünyaya göz açmış bir qohumumun ermənilər haqqında son dərəcə kəskin sözlər yazdığını görəndə, istər-istəməz soruşdum: “Heç erməni görmüsən?” O mənə cavab əvəzinə Vladimir Mayakovskinin bu bəndlə başlayan şeirini göndərdi:
Я на Кавказ совершил походов,
Не мало видел честь народов,
Но как армян еще уродов
Поверь не видел никогда...

Rusca anlamayanlar üçün bəndin təxmini mənasını da yazıram:

(Mən Qafqaza çox getmişəm,
Çox şərəfli xalq görmüşəm,
Ermənidən daha idbar
Məxluqa rast gəlməmişəm...)

Ermənilər haqqında təhqirlərlə dolu bu şeri, yəqin ki, azərbaycanlılar arasında oxumayan və oxduğu zaman böyük rus şairinin bu misralarından həzz almayan az adam tapılar. Bu yaxınlarda mən Puşkinin ermənilərdən fərqli olaraq, tatarlar (türklər) haqqında çox gözəl sözlər dediyi bir şerini də oxudum.

Ancaq təəssüflər olsun ki, Puşkin, Lermontov, Mayakovski, Olovintsov və digər bu kimi böyük rus ədib və alimlərinin düşmənlərimizi aşağıladıqları, haqqımızda yazdıqları müsbət fikirlərlərlə fəxr etdiyimiz halda, hansısa təsadüfi, gəldi-gedər bir siyasətbazın, yaxud kiminsə ortaya atdığı bir təxribatçının sözünün başına ip salır, axmaq hərəkətinə istinad edərək, böyük və güclü qonşuya qarşı mənasız-ağılsız düşmənçilik təbliğatı aparanlarımız da olur və bunun acı nəticələrini də dadırıq.

Bizə bütün xalqlarla, xüsusilə də, qardaş xalqlarla dost münasibətdə olmaq lazımdır. Bir düşmən bizə yetər, ikincisinə və üçüncüsünə ehtiyacımız yoxdur. Biz Türkiyə ilə də, İranla da, Avropa ilə də, Amerika ilə də dost olmalıyıq, ancaq bu dostluğun müqabilində bizə Rusiya ilə düşmən olmaq şərti qoyulmamalı və qoyulsa belə, biz bu şərti rədd etməliyik. Çünki rus xalqı ilə dost olmaq ən çox bizim özümüzə lazımdır, ən azı onların içərisində bizi özünə dost bilənlər az olmadığı üçün...