Dövlət Komissiyası 2011-ə yekun vurdu

dovlet-komissiyasi-2011-e-yekun-vurdu
Oxunma sayı: 631

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması nəticəsində əsir və girov kimi humanitar problemin davam etməsi ciddi narahatlıq doğurur. Bu baxımdan, Dövlət Komissiyası tərəfindən həyata keçirilən hər bir səmərəli addım ümumi işin xeyrinədir. O bildirib ki, ötən iclasda Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında «İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi» ilə bağlı qarşıda duran vəzifələr bu təşkilatın nümayəndələri ilə coxsaylı görüşlərdə müzakirə olunub. Yekunda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması təklif edilib. Bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması vacib sayılıb. Məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edilib və dövlət başçısı bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş verib. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır. Dövlət Komissiyasının işçi qrupu isə öz növbəsində respublika ərazisində mövcud olan naməlum şəhid məzarlarının yerinin müəyyənləşdirilməsi və qeydiyyatının aparılması kimi ciddi bir işə başlanılıb.

Komissiyanın 2011-ci il ərzindəki fəaliyyəti barədə işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Dövlət Komissiyasının beynəlxalq əlaqələri daha da genişlənmiş, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri gücləndirilmişdir. 1 dekabr 2011-ci il tarixə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir. Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 663 nəfər barədə 1053 sorğu göndərilmişdir. 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunmuşdur. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 230 nəfərlə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilmişdir.

Hesabat məruzələri ətrafında aparılan müzakirələrdə Komissiyanın üzvləri Xələf Xələfov, Oruc Zalov, Xanlar Vəliyev, Gülər Əhmədova, Yaqub Mahmudov, Bəkir Nəbiyev, İsmayıl Ömərov, eləcə də Milli Təhlükəsizlik Naziri xidmətinin rəhbəri Fərhad Vahabov və başqaları çıxış edərək qurumun fəaliyyətinin qənaətbəxş olduğunu, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər.