Dövlət qurumu Google-a etiraz etdi

dovlet-qurumu-google-a-etiraz-etdi
Oxunma sayı: 662

Mərkəzin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, AMEA RSXM-ın rəsmi internet saytı www.seismology.az –da Google Maps-ın xəritəsindən istifadə olunur. Bu xəritə seysmoloji məlumatların yerləşdirilməsi üçün bütün dünya ölkələri tərəfindən istifadə olunur: “Lakin artıq bir neçə aydır ki, istifadə etdiyimiz Google Maps xəritəsində Azərbaycan respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlik edilir. Belə ki, xəritədə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonu əvəzinə Mardakert, Xocavənd əvəzinə Martunu kimi göstərilirdi. AMEA RSXM rəhbərliyinin bununla bağlı Azərbaycan XİN rəhbərliyinə müvafiq müraciəti də olub. Eyni zamanda, tərəfimizdən Google şirkətinə etiraz məktubları göndərilib. Əfsuslar olsun ki, Google şirkəti bu müraciətlərdən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyini davam etdirir”.

Məlumatda bildirilib ki, hal-hazırda istifadəmizdə olan Google Maps xəritəsində işğal altında olan Azərbaycan əraziləri erməni dilində və Azərbaycana aid olmayan hissə kimi göstərilib. Xəritədə düzəliş etmək imkanımız olmadığına görə başqa ölkələrdə saytımızdan istifadə zamanı bizə xeyli problemlər yaranır. Odur ki, məsələnin ciddiliyini nəzərə alaraq media nümayəndələrini də bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə çağırırıq. Çünki ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizliyin edilməsi həm də bizə qarşı olan münasibətdir.

Nigar Məmmədli