Elektron qəssabxanalar

elektron-qessabxanalar
Oxunma sayı: 1704

Azər Qismət

Palçığın içində qoyun və inəklərin kəsilməsini hər gün müşahidə edirik. Düzdür, son illər bəzi yerlərdə bu sahədə gigiyenik qaydalara əməl edilsə də, Bakının ucqar nöqtələrində bu sahədəki antisanitariya hələ də hökm sürür. 4-5 kişinin inəyi sürüyərək yerə yıxması, palçığın içində böyürdə-böyürdə kəsmələrini yenə də müşahidə etməkdəyik. Əksər hallarda isə heyvanların kəsimi yol kənarlarında, məktəb və bağçalara yaxın ərazilərdə, hətta, uşaqların gözü qarşısında baş verir. Bu, işin bir tərəfidir.

Digər tərəf isə bundan ibarətdir ki, bəs, kəsilən mal-qarada xəstəliyin olub-olmamasını istehlakçılar nədən bilsinlər? Burada söhbət inam məsələsinə dirənir. Kəsilən mal-qaranın xəstə olub-olmaması satıcının etibarlı və inanılmış imicinin üzərinə atılır. Belə ki, alıcı satıcını neçə illərdir tanımasına, ona xəstə ət satmamasına ümüd edir. Sonda əsas söz satıcının vicdanına düşür. Satıcı aldatsa, istehlakçılar bunu hiss etməyəcəklər. Səs isə sonra çıxacaq – istehlakçı, yaxud, onun ailə üzvləri hansısa xəstəliyə mübtəla olanda. Satılan ətin qəbzinin verilməməsi isə qəssabxanalarda adi hala çevrilib.

Halbuki, son illər dünyanın inkişaf etmiş ölkələrində elektron qəssabxanalar fəaliyyət göstərir. İnəyini kəsim üçün qəssabxanaya gətirən heyvandar onun yaddaş kartını da təqdim edir. Yaddaş kartında inəyin doğum tarixindən tutmuş hansı xəstəliklərə yoluxmasına qədər, hansı vaxtlarda peyvənd edilməsi, hətta hansı preparatlardan istifadə olunmasına dair məlumatlar öz əksini tapır. Sual oluna bilər ki, heyvandar mal-qarasının kəsimində problem yaranmaması üçün yaddaş kartına əvvəlcədən “əl gəzdirə” bilərmi? Yox, heyvandar buna risk etmir. Çünki, elektron qəssabxanaların tətbiq edildiyi ölkələrdə çox az sayda belə satış nöqtələri mövcuddur. Avropanın əksər ölkələri ət xörəklərinə üstünlük vermədiklərindən, belə qəssabxanalar çox az sayda olur. Həmin ölkələrdə heyvandarlar əsasən restoran və kafelərlə əvvəlcədən müqavilə imzalayırlar. Və az sayda olan qəssabxanaları aldatmaq heyvandara qarşı inam hissinin azalması, sonda ona qarşı etimadın itməsi ilə nəticələnə bilər. Bu isə heyvandara sərf etmir. Ona görə də o, mal-qarasının yaddaş kartına əvvəlcədən “əl gəzdirmir”, məlumatları yeniləmir. Buna yol versə də, alınmayacaq. Çünki, mal-qaranın kəsim üçün təqdim edilməsindən sonra elektron qəssabxananın rəhbərliyi kart üzərində yoxlamaya başlayır və sonradan “əl gəzdirmə” araşdırılır. Bununla kifayətlənməyib mal-qaraya da baxış keçirilir. Əgər inəkdə nə vaxtsa xəstəlik olubsa, onun nişanələrinə diqqət yetirilir. Və sonda heyvandar ilə qəssabxana rəhbərliyi arasında müqavilə imzalanır. Heyvandarın pulu nəqd şəkilində, yaxud, köçürmə yolu ilə ödənilir. Bundan sonra elektron qəssabxana mal ətini satıcılara yaddaş kartı əsasında satmağa başlayır.

Azərbaycanda isə bəzi hallarda heyvandar özünün xəstə inəyini qəssaba verir və pulunu nəqd şəkildə alır. Düzdür, baytar həkim mal-qaranın sağlamlığına dair arayış verir. Ancaq bəzən əhalidə belə arayışların həqiqiliyinə inam çox az olur. Qəssab isə alverini edir. Restoran və kafelərə paylanan belə ətlər isə başqa söhbətin mövzusudur.

Azərbaycanda restoran və kafelərə gələn müştərilərə bişirdikləri təamların tərkibi barədə məlumat verilmir. Yalnız, menyu təqdim edilir. Menyuda isə ət xörəkləri daha çoxdur. Çünki, xalqımız dünya ölkələrinə nisbətdə il ərzində ət xörəklərindən çox istifadə etməsi ilə seçilir. Beləliklə, restoran və kafelərimizdə ətin tərkibi barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Halbuki, Avropanın bəzi ölkələrində tanınmış restoranların menyularındə adi bibərin də yetişdirilmə şəraitinə dair məlumat öz əksini tapır. Məsələn, Fransada müştəriyə təqdim edilən şərabın ölkənin hansı bölgəsində yetişdirilən üzümdən çəkildiyi məlumatı və tarixi müştərinin nəzərinə çatdırılır. Yaxud, bişirilən ətin inəyin hansı əzasından hazırlanması, heyvanın neçəillik olmasına dair də müştəri bilgiləndirilir. Avstriyanın bəzi restoranlarında isə müştəriyə xidmət göstərməzdən əvvəl onun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı suallar ünvanlanır. Tutaq ki, müştəri şəkər xəstəliyindən əziyyət çəkir. Onda ona mal ətinin yağlı yeri və ya qızardılmış hissəsi məsləhət görülmür, sadəcə, buğda bişirilmə variantı təklif edilir. Qeyd edək ki, belə restoranlar baha olmaları ilə digərlərindən seçilsələr də, daimi müştəriləri həmişə var. Həm də istehlakçıların etimadını qazandıqlarına görə günün 24 saatı ərzində dayanmadan fəaliyyət göstərirlər.

Son illər Azərbaycanda müasir standartlara uyğun heyvandarlıq təsərrüfatları yaradılıb. Həmin heyvandarlıq təsərrüfatlarında mal-qaraya dair elektron məlumatlar yaddaş kartında öz əksini tapır. Ancaq qəssabxana prosesinə gələndə bu ardıcıllıq pozulur. Elektron qəssabxana olmadığına görə müəssisənin təqdim etdiyi yaddaş kartına harada baxılacağı sual doğurur. Çünki, bizim əksər qəssabxanalarda nəinki adi kömpüter var, heç qapalı, üstüörütülü məkanı da yoxdur. Yol kənarları, açıq yerlər, yağış və günəşin altında. Məncə, bu yeniliyi ölkəmizdə tətbiq etməyin vaxtı çatıb. Ən azından son illər “brüselyoz” və “qarayara” tipli xəstəliklərə yoluxan adamları nəzərə alsaq.