Ərsiz qadının əzabı

ersiz-qadinin-ezabi
Oxunma sayı: 4791

Xuraman Hüseynzadə

Vincent Giarrano qadın tənhalığının rəssamıdı. Telefon, kompüter, kitab, göz yaşları onun qəhrəmanlarının rəfiqəsidi, dostudu.

Donunun kürəyini özü bağlamağa cəhd edən, yağışlı pəncərəsinin qarşısında, dağınıq otağının dörd divarı arasında təkliyin, kimsəsizliyin, sevgisizliyin yükündən xilas olmaq barədə düşünən qadınların əzabını gözəl anladır rəssam. Bu qadınların durumunda sublimasiya işartısı yoxdu: onlar tənhadır, vəssalam…

Vincent Giarranonun çəkdiyi rəsmlərdə qonşumuz Sevil də özünü görə bilər... O da həmin rəsmlərdəki tənhalardandı: darıxan, ağlayan, öz yükünü özü daşımağa alışmış, bir sözlə, ərsiz...

Balaları körpə ikən əri atıb onları. Çətinliyə qatlaşa-qatlaşa böyüdür balalarını. Neyləsin? Pulu olmasa da namusu var axı...

Vaxtında oxumadığı, bir sənət sahibi olmadığı üçün qınayır özünü. Deyir, qızlarımı oxudacağam. Diplomları olsun. İndi başa düşür ki, qadına birinci diplom, sənət lazımdı...

Oxşar taleli qadınlar çoxdu ölkədə. Bazarlarda, kafe-restoranlarda, mağazalarda rastlaşdığınız ağır işlər görməklə çörək qazanan zəhmətkeş qadınlarla həmsöhbət olsanız, dolanışığın çətinliyindən, maddi imkansızlıqdan, kredit dərdindən danışacaq. Kimi əri ilə baş-başa çörəkpulu qazanır, kimi də tənhalığı ilə...

Saçları tumara, ürəyi sevgiyə həsrət qalan Sevilin çəkdiyi əzabı görən iliyinə qədər hiss edər bunu. Zülmlə çörək qazanmağına baxmayaraq çox pozitiv qadındı. Əli-ayağı tutduğuna, gözləri gördüyünə görə həmişə Tanrıya şükür edir, zəhmətə qatlaşmaqdan qorxmadığını deyirdi.

...Ötən həftə Sevilin məktəbli oğlunu əlində torba yaxınlığımızdakı restorandan çıxdığını gördüm. Burda nə etdiyini soruşdum. Anasının xəstə olduğunu, toyuq-cücəyə vermək üçün restorandan artıq qalan çörəkləri aldığını dedi. Əlindəki torbaya baxdım. Kabab tikələri də vardı. Utana-utana dedi ki, ordakı dayıya dedim, itimiz də var, ona da ət qoy... Doğranmış çörəklərin, kabab tikələrinin səliqə ilə torbaya yığılmasından anladım ki, uşağın niyyətini başa düşüblər. Demədim ki, axı sizin toyuğunuz, itiniz yoxdu... Deyib qəlbini qırmadım. Təki bir ailə axşam doyunca yeyə bilsin...

Öz-özümə dedim, kaş Sevilin əri bu mənzərəni görəydi.

Bəlkə qadın tənhalığının əzabından utanardı, oğlunu yalan danışmağa məcbur edən ehtiyacdan xəcalət çəkərdi...