Eynulla Fətullayev haqqında yazılanlara münasibətini açıqladı

eynulla-fetullayev-haqqinda-yazilanlara-munasibetini-aciqladi
Oxunma sayı: 644

Keçmiş siyasi məhbusların bu günkü davranış və hərəkətlərindən bəhs edən Ş.Çobanoğlu yazıb: "Mən şəxsən dünənin dünya şöhrətli vicdan məhbusu olan Eynulla Fətullayevi artıq müdafiə etmirəm, üstəlik, onunla bağlı mənə gələn tənəli sözlərə, məktublara dözməli oluram. Çünki bunun əksini etsəm haqlı olmaram, ictimai maraqlara da əlavə zərbə vurar və “şərin ocağına odun daşımış” olaram".

Bu, birlikdə "Gündəlik Azərbaycan" kimi populyar bir qəzeti çıxaran iki jurnalistin hazırkı münasibətlərinə dair yeni situasiya sayıla bilər. Onu da qeyd edək ki, E.Fətullayevin həbsdə qaldığı 4 il müddətində Ş.Çobanoğlu onun azadlığa buraxılması üçün saysız-hesabsız görüşlərdə, aksiyalarda iştirak edib, yüzlərlə məqalə yazıb, çıxışlar edib.

Bəs birdən-birə nə baş verdi ki, o, E.Fətullayevin azadlıiğa çıxmasından sonra onunla birlikdə fəaliyyət göstərməkdən vaz keçdi?

Ş.Çobanoğlunun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirən Eynulla Fətullayev Modern.az saytına açıqlamasında deyib ki, onun qarşı tərəfin dediklərinə münasibəti normaldır.

Ölkədə fikir azadlığının olduğunu deyən E.Fətullayevin sözlərinə görə, hər kəs müstəqil olaraq istər siyasətdə, istərsə də digər məsələlərdə öz yolunu müəyyənləşdirir.

“Mənim bu fikirlərə münasibət bildirməyim yersizdir. Ölkədə plüralizm, fikir azadlığı var. Hər kəs bu və ya digər məsələdə, eləcə də istənilən şəxs haqqında fikir bildirə bilər. Ona görə də mənim bu fikirlərə münasibətim normaldır”-deyə E.Fətullayev qeyd edib.