Fərid Şahbazlı bəyanat verdi

Fərid Şahbazlı bəyanat verdi
Oxunma sayı: 96

2017-ci ili 14-17 sentyabr tarixlərində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, belə bir konfransın keçirilməsinə cəhd Ermənistanın növbəti siyasi təxribatı və beynəlxalq hüquq normalarına etdiyi  hörmətsizlikdir:

“Konfrasının keçirilməsinin nəzərdə tutulduğu ərazilər Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarıdır. Bu ərazilərin Ermənistan tərəfindən işğalı və orada heç bir dövlət tərəfindən tanınmayan qondarma cinayətkar rejimin yaradılması faktı bütün dünya tərəfindən qəbul edilməkdədir.

Ermənistanın dəvəti ilə bu ərazilərdə hər hansı konfransda iştirak etmək beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin pozulması faktıdır və bu hüquqi məsuliyyət yaradır. Biz bu konfransda iştirak üçün dəvət olunan xarici ölkələrin gənclərini diqqətli olmağa, Ermənistanın yalanlarına uymamağa və işğalçı dövlətin təxribatçı əməllərinə alət olmamağa çağırırıq”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq və özünün işğalçılıq siyasətini legitimləşdirmək cəhdi nəticə verməyəcək:

“Bu gündən etibarən bu konfransa dəvət olunması ehtimal edilən bütün beynəlxalq gənclər təşkilatlarına Ermənistanın işğalçılıq siyasəti və bu konfransın təxribatçı mahiyyəti ilə bağlı məlumat xarakterli müraciətlər edəcəyik. Eyni zamanda xarici KİV və sosial şəbəkələr üzərindən işğalçı rejimin bu qanunsuz fəaliyyəti ilə bağlı davamlı məlumatlandırma kampaniyaları təşkil edəcəyik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi