Gəncədə “Novruz mühazirəsi” keçirildi - Əcnəbi tələbələr də qatıldı

gencede-novruz-muhaziresi-kecirildi
Oxunma sayı: 922

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu ” mövzusunda növbəti “Novruz mühazirəsi” keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub.

Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib.

Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramını dinləyiblər. Sonra ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı” və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar.

Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib.