Hərf tanımayan prokuror

herf-tanimayan-prokuror
Oxunma sayı: 13373

Seymur Verdizadə

O, Ukraynaya dayısı ilə birlikdə gəlmişdi. Dayı-oğul səhərdən axşama kimi Kiyevin mərkəzi küçələrini dolaşır, doyunca yeyib-içirdilər. Qərib şəhərdə gəzinti vaxt öldürmək üçün ən yaxşı vasitədir.

Biz onlarla azərbaycanlıların öz aralarında “Torqovıy” adlandırdıqları məşhur Xreşatik küçəsində qarşılaşdıq. Emil gününü televizor qarşısında keçirdiyi üçün məni dərhal tanıdı. Qısa ünsiyyətdən sonra dayısı öz missiyası barədə məlumat verdi: “Uşağı burda universitetə qoymaq istəyirik. Sabah imtahanıdır”.

Bu xəbər məni əməlli-başlı həyəcanlandırdı. Emilə imtahanda uğurlar arzulayıb, ərklə bir-iki məsləhət verdim: “Ürəkli ol! Allah-Təala adildir. O, heç kimin əziyyətini yerdə qoymur”.

Oğlan gözlərini qıyıb, sakitcə üzümə bxdı. Sükutu mən pozdum: “Şəhərdə çox dolaşıb, özünü yorma. Axşam yaxşı yatarsan. İmtahandan bir gün əvvəl mən də kitab oxumamışdım”.

Dayısı söhbətə müdaxilə etdi: “Müəllim, bununku oxumaqdan keçib. Oxuyan olsaydı, Kiyevdə nə işimiz vardı? Savadlı uşaq heç kimi dağa-daşa salmır, öz başı ilə Azərbaycanda universitetə qəbul olur”.

Söhbət əsnasında bəlli oldu ki, gənc qəhrəmanımızın ən böyük arzusu hüquqşünas olmaqdır. O, bu arzusunu reallaşdırmaq üçün Azərbaycanda 3-cü qrupa imtahan versə də, cəmi 128 bal toplayıb. Oğlunun Bakıda ali məktəbə daxil ola bilməyəcəyini anlayandan sonra atası onu dayısı ilə birlikdə Kiyevdə yaşayan tələbə dostunun yanına göndərib.

Emilin bu hekayəti məni çox kədərləndirdi. Fikrə daldığımı görəndə dayısı iri, tüklü əllərini çiynimə qoydu: “Uşağa görə narahat olmayın. Bizim bu igid sabah Kiyev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olacaq. “Haqq-hesab” dünəndən çatıb”.

Qeyri-ixtiyari olaraq, Qəbələdə yaşayan müəllim dostumun beş-altı il əvvəl dediyi sözlər yadıma düşdü: “Bizim uşaqların hamısı ali məktəbdə oxuyur. Az-çox savadı olanlar Bakıda, adını yaza bilməyənlər isə xaricdə təhsil alırlar”.

Bu barədə onlara heç nə demədim. Qərara aldıq ki, sabah imtahandan sonra görüşək. Övladlarımla birlikdə Kiyevə istirahətə gəlsəm də, bərk dilxor olmuşdum. Bir sual mənə heç cür rahatlıq vermirdi: Azərbaycanda TQDK-nın keçirdiyi qəbul imtahanından cəmi 128 bal toplayan bu gənc Kiyev Dövlət Universitetinə necə qəbul olacaq?

Gecə sosial şəbəkələr vasitəsilə Kiyevdə yaşayan azərbaycanlı tanışlarımla əlaqə saxladım. Hamısının cavabı eyni oldu: “Ukrayna universitetlərini çoxdan bazara çeviriblər. Pulunu ver, 93 yaşlı nənənə də tələbə bileti alaq”.

Ukraynada yaşayan tanışlarımın axşam dediyi sözlər sabah öz təsdiqini tapdı. Biz ertəsi gün görüşəndə dayısı Emilin Kiyev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olduğunu xəbər verdi. Etika xatirinə soruşdum: “Suallar çətin idi?”

Emildən əvvəl dayısı dilləndi: “Çətin deyildi. Amma uşaq çox əziyyət çəkdi. Rus dilini bilmədiyi, üstəlik, kiril əlifbası ilə yazıb-oxumağı bacarmadığı üçün vaxtımız çox getdi”.

Məni dəhşət bürüdü. Rus dilində yazıb-oxumağı bacarmayan bir abituriyent Kiyevdə universitetə necə qəbul olmuşdu?

Emil özü məsələyə aydınlıq gətirdi: “Sualların cavabını mənə əvvəlcədən vermişdilər. Rus hərflərini tanımadığım üçün sözlərin şəklini çəkdim”.

Bunu da yazım, ürəyiniz arxayın olsun. Təhsil Nazirliyi tərəfindən diplomu tanınan əcnəbi ali təhsil müəssisələrinin sırasında Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin də adı var. Bu isə o deməkdir ki, ötən həftə Kiyevdə tanış olduğum həmin “rəssam” oğlan 5-10 il sonra hakim, prokuror olub, bizim kimi zavallı insanların taleyilə bağlı qərar çıxaracaq.

Məni indidən ağlamaq tutur...